Koroğlu türk xalqının milli qəhrəmanıdır ( 2009-10-27 )

Koroğlu türk xalqının milli qəhrəmanıdır

 

İslam Sadıq: "Konfransı keçirməkdə məqsəd türk dünyasının elm adamlarını bir araya toplamaqdır"

 

Bu yaxınlarda Türkiyənin Bolu şəhərində "Koroğlu, Bolu tarixi və kültürü" mövzusunda uluslararası konfrans keçirilmişdir. Türk dünyasının hər yerindən elm adamlarının iştirak etdiyi konfransda Türkiyənin özünü nəzərə almasaq, Azərbaycandan olan alimlər çoxluq təşkil edirdi.

 

 İştirakçılar arasında "Koroğlu"şünas, şair İslam Sadıq da var idi. İ.Sadıq konfrans haqqında məlumat verərək dedi:

- Bu konfransı Türkiyənin Bolu şəhərində yerləşən Abant İzzət Baysal Universiteti, Azərbaycan MEA Folklor İnstitutu və özbəkistan EA Dil və Ədəbiyyat istitutu təşkil etmişdir. Onu keçirməkdə məqsəd, hər şeydən öncə, türk dünyasının elm adamlarını bir araya toplamaq, onların arasında sıx əlaqələr yaratmaq, Sovetlər dönəmində bir-birindən uzaq düşmüş türk ellərini yaxınlaşdırmaq, eyni qaynaqdan başlanan böyük bir mədəniyyətin gələcəkdə də bütövlüyunü və özəlliklərini qoruyub saxlamaq olmuşdur. Türk mədəniyyət tarixində "Koroğlu" eposunun önəmli yeri vardır. "Koroğlu" yeganə eposdur ki, türk xalqlarının əksəriyyətində onun variant və versiyaları yaranmışdır. Bu, Koroğlu obrazına sevginin poetik ifadəsidir. Koroğlunun timsalında türk xalqlarından hər biri öz qəhrəmanını görmüş və onun adını dastanlarda əbədiləşdirmişdir. Boluda keçirilən konfrans da bunu bir daha təsdiqlədi.

- İslam müəllim, aldığımız məlumata görə Azərbaycandan çağırılan alimlər arasında "Koroğlu" haqqında ilk kitabın müəllifi sizsiniz və sizin kitabınızdan bilirik ki, "Koroğlu"nun çənlibeli Azərbaycanda olmuşdur. Koroğlunun Bolu şəhəri ilə də bağlılığı varmı?

- Maraqlı sualdır. ümumiyyətlə, hər bir türk xalqı öz qəhrəman Koroğlusunu düşünərkən onun çənlibelini, Misri Qılıncını və Qıratını da unutmamışdır. Koroğlu, Misri Qılınc, Qırat, çənlibel bir-birindən ayrı düşünülə bilməz. Mənim araşdırmalarım Koroglunun yaşadıgı çənlibelin Azərbaycanın Gəncəbasar bölgəsində olduğunu söyləməyə əsas vermişdir. Şəmkir, Kəlbəcər, Tovuz, Qazax,  Gədəbəy, Xanlar, Daşkəsən, Ağdam, Xankəndi, Şuşa rayonlarında, Borçalı və Göyçə mahallarında bu gün də mövcud olan bir çox toponimlər Koroğlunun adı ilə bağlıdır. "çənlibel," "Koroğlu qalası", "Koroğlu dağı", "Koroğlu düzü", "Koroğlu zağası", "Koroğlu qayası", "Qoşabulaq" və s. bunlara ən gözəl örnəkdir. çox maraqlı bir faktı söyləmək istəyirəm ki, "Koroğlunun Ballıca səfəri" qolundakı Ballıca kəndinin adı niyəsə folklorşünasların diqqətindən yayınmışdır. Bu kənd hazırda Ballıca adlanır və Xankəndinin yaxınlığında yerləşir. Koroğlunu Azərbaycana bağlayan bu cür faktlar yüzlərlədir. Bolu şəhərində Koroğluya böyük bir sevginin şahidi olduq. Xalq arasında belə bir inam var ki, Koroğlu Boluda yaşamış, fağır-füqəranın, kasıbların arxası, köməyi olmuş, zalımların və haqsızların xalqı incitməsinə yol verməmişdir. Hətta bir çox yerləri Koroğlunun adı ilə bağlayırlar. Boludakı daglardan biri də Koroğlunun adını daşıyır. Həmin dağın ətəyində yerləşən Aşağı Sayıq kəndində bir qədim ev var. Yerli camaat Koroğlunun bu evdə yaşadığını düşünür. Bütün bunlara təbii baxmaq lazımdır. Koroğlu türk dünyasının bənzərsiz milli qəhrəmanıdır.

- Konfrans barədə nə deyə bilərsiniz?

- Konfransın yükünün ağırlığı Abant İzzət Baycal Universitetinin çiyinlərinə düşmüşdü. Orada gördüyüm bir faktı demək istəyirəm. Dosentlərdən Əli Yaman və Maral Ozanın konfransın təşkilində və gedişində necə böyük həvəslə çalışdıqları  yəqin ki, heç vaxt yaddaşımdan silinməyəcəkdir. İzzət Baysal Universitetinin rektoru, professor Atilla Kılıç konfransı açaraq Koroğlu və onun ümumtürk mədəniyyətində tutduğu yer haqqında qısaca bilgi verdi. AMEA Folklor İnstitutu adından professor Füzuli Bayat danışdı. BDU-un dosenti Nəzakət Hüseynova "Türk dövlətlərinin sərhədlərinin pozulmasına yol vermək olmaz deyərək", Azərbaycanın xəritəsini və Bakıdan apardığı kitabları rektor Atilla Kılıça təqdim etdi.

Konfransda Azərbaycan alimlərindən Firudin Cəlilov "Koroğlu-Herakl mifi folklorda", Məhərrəm Cəfərli "Koroğlu" dastanın mifoloji bağlamda araşdırılma tarixi", Füzuli Bayat "Koroğlunun qurtarıcı qəhrəman tipindən ədaləti qoruyan qəhrəmana dönüşü", Əli Şamil "Koroğlu" dastanında aşıq sərbəstliyi", Nəzakət Hüseynova "Ural Batır" və "Koroğlu" dastanlarında keçən at və qılıncın mifik səciyyəsi", Əziz Ələkbərli "Koroğlu" dastanı və tarix: İrəvan əyaləti ilə ilgili obraz və motivlər", Elçin Abbasov "Koroğlu"  dastanında savaş ritualının poetik mətn təzahurləri", Xəlil Agaverdi "Koroğlu" dastanının tatar-tobol versiyası və arxaik türk eposunun yapısı", Gülnaz Abdullazadə "Koroğlu" dastanının üzeyir Hacıbəylidən Andan Sayquna qədər Azərbaycan və Türkiyə opera musiqisindən keçən yolu", Elmar Hüseynov "Koroğlu" dastanındakı (Paris nüsxəsi) toponimlər haqqında", Elxan Məmmədov "Koroğlu" dastanında aşıq şeiri növləri", Həbibə Məmmədova "Azərbaycanda "Koroğlu" havaları" , Mətanət Əzizqızı "Koroğlu" dastanının evrənsəl ekzoterik yarısı" mövzularında çıxış etmişlər. Alimlərimizin çıxışları dinləyicilərdə çox böyük maraq doğurdu və bəzi mövzular ətrafında müzakirələr də oldu.

- Bəs sizin mövzu nə idi?

- Mən "Koroğlu" obrazının genetik kodu, yaxud Azərbaycan "Koroğlu" eposunun erməni variantı" haqqında danışdım. çox maraqlıdır ki, bu variantın necə yaranması bu günə qədər alimlərimizi düşündürməmişdir. Azərbaycanda və Türkiyədə tez-tez bu variantdan danışılır. Halbuki belə bir variant yoxdur. 1936-cı ildə Vəli Xuluflu "Koroğlu" dastanının mükəmməl bir mətnini toplayıb çapa hazırlamışdır. Bundan xəbər tutan ermənilər onu ələ keçirmək üçün müxtəlif yollar axtarmağa başlamışlar. İrəvanda yaşayan Kananyan familiyalı bir erməni folklorçusu Bakıya gələrək V.Xuluflu ilə görüşmüş, onun "Koroğlu" dastanını erməni xalq dastanı kimi nəşr etməyə qol qoyacağı təqdirdə böyük mükafatlar alacağını söyləmişdir. V.Xuluflu "Koroğlu"nun türk dastanı olduğunu qətiyyətlə bildirmiş və onu erməni dastanı adlandırmağın mümkünsüzlüyünü söyləmişdir. 1937-ci ildə V.Xuluflu həbs olunmuş, evində axtarış zamanı "Koroğlu" dastanı götürülərək İrəvana aparılmışdır. Dastan rus dilinə tərcümə edilərək 1941-ci ildə İrəvanda "Koroğlunun erməni variantı" adı ilə çap edilmişdir. Bu dastanı erməni xalqı yaratmadığına görə onu "Koroğlu" dastanının erməni variantı adlandırmaq olmaz.

 

Qələndər Xaçınçaylı              


      
Bu xəbər 4568 dəfə oxunub.