Abidələr bizim tariximizdir ( 2012-05-25 )

Abidələr bizim tariximizdir

Koroğluya qoyulmuş abidə və Qırat ona layiqdirmi? 

Dünyanın müxtəlif yerlərinə aid edilən qədim heykəl və tikililərin bəziləri məhv olsa da, onlar haqqında xatirələr indi də yaşayır. Qədim dövrlərdə ən geniş şöhrət qazanmış tikili və heykəlləri möcüzə adlandırırdılar.

Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri - üç min il yaşı olan Azıx düşərgəsi insanların yaratdığı ərazidir.

Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının tunc və dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir.

Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr, antik dövrə aid daş qutu abidələr, həmin dövrün ideologiyasını - mənəvi düşüncə tərzini əks etdirən maddi - mədəniyyət nişanələridir. Bunlara aşağıdakıları nümunə göstərə bilərəm:

Daş qoç heykəllər, qəbirüstü abidələr, qəbirüstü qoç abidələr, Şuşa şəhərində Gövhərağa məscidi, məscidin minarələri, məşhur Azərbaycan şairəsi Xurşudbanu Natəvanın, M.P.Vaqifin, Bülbülün, üzeyir Hacıbəyovun büstü, məşhur Əsgəran qalası, Kəlbəcərin İsti Su Kurort kompleksi, Ağdamın çörək muzeyi, çay evi, Gülablı istirahət mərkəzi, Ağdamın İmarət kompleksi, Cəbrayılın Xudafərin körpüsü, Füzulinin Karvansara kompleksi, Qubadlının Hacıbədər körpüsü, Qaçaq Nəbi, Həcər abidələri, Zəngilanın Səkkizgüşəli türbəsi, Xocavəndin Alban məbədi və s. ermənilər tərəfindən dağıdılsa da, yandırıldısa da onların bütün kompozisiyaları xalqımızın yadigarı, simvolu kimi əks olunmuşdur.

Bunları deməkdə məqsədim odur ki, yaradılan, tikilən, düzəldilən hər hansı abidə, türbə, büst o obrazı tam əks etdirməlidir. Bu günlərdə Bakının mərkəzində - Azadlıq prospektində gördüyüm tarixi bir şəxsiyyətin - xalqımızın Milli Qəhrəmanı qoç Koroğlu adı ilə fəxrlə tanınan Koroğluya qoyulmuş abidənin qəhrəmanının adına layiq olmamasi barədə düşüncələrimi sizinlə bölüşmək istəyirəm.

Tarixdən məlumdur ki, dünya xalqlarının yaratdığı sənət əsərləri sırasında "Koroğlu" dastanı şərəfli yer tutur. Bu ölməz epos əsrlər boyu ədalətsizliyə, zülmə, insanın insana qarşı mübarizə aparan geniş xalq kütləsinin bədii təfəkkürünün məhsulu olan nadir sənət incilərindən biridir.

Koroğlunun məğlubedilməzliyi üç əlamətlə - sahib olduğu üç şeylə əlamətləndirilir: onlardan biri Qirat, ikincisi Misri qılınc, üçüncüsü isə Koroğlunun nərəsidir. Qirat - real və əfsanəvi atların simvoludur.

Koroğu kimi Q/rat da məğlubedilməzdir, onun tayı-bərabəri yoxdur. Xalq bu nadir atı öz xəyalında fantastik dona bürümüş, təbiətin sehirli aləmi ilə əlaqələndirmişdir. Koroğlu Qırata adi heyvan kimi baxmır, onu öz qardaşı hesab edir: "At igidin qərdaşı/dı/r" - deyir "Q/ırat mənim dirəyimdir", "Qırat mənim iki gözümdür"

"EƏrəb Reyhan başının adamlarına hay vurub Koroğlunun dalına düşdü... Gəlib keçidi kəsdi. Bura elə keçiddir ki, hamı gəlib burdan keçirdi. Ərəb Reyhan bilirdi ki, uçurumdan keçmək mümkün deyil. Koroğlu axırda keçidə düşəcək, ya da qalıb orada acından öləcək.

EKoroğl/u Qıratı covlana çəkib uçuçuma tərəf sürdü. Ərəb Reyhan bunu görüb dedi: Bu adam ya dəlidi, ya da elə dəlidir ki, var. Yoxsa o uçurumdan da at atılar?

Koroğlu atı süzdürüb uçurumun başına gəldi, ata bir qırmanc vurdu. Qırat dörd ayağını yığışdırıb qızılquş kimi sıçradı, uçurumun o tərəfinə düşdü. özü də elə sıçradı ki, Koroğlunun başından papağı da düşmədi..."

Düşmənlərə qarşı Koroğlu ilə yanaşı, Qırat da vuruşur, düşmən üzərinə gedəndə döşü ilə düşməni itələyir, ağzı ilə qarpır, dal ayağı ilə elə vurur ki, düşmən o saat həlak olur, düşmən əlinə keçəndə gözünü qıyır, axsayır, düşmənin fikrini yayındırır, dərin çaydan üzüb o tərəfə keçir, düşmənin əlinə keçmir, yel kimi gözdən itir

"Keçəl Həmzənin Qıratı qaçırması" səhnəsində Koroğlu başa düşdü ki, Keçəl Həmzə onu aldadıb. ürəyi yanıb dedi:

Canım Həmzə, gözüm Həmzə,

Həmzə, incitmə Qıratı!

Budu sənə sözüm, Həmzə,

Həmzə, incitmə Qıratı!..

 

Qıratdı mənim dirəyim,

Əriyər, qalmaz ürəyim.

Sən olasan duz-çörəyim,

Həmzə, incitmə Qıratı !-

 

Keçəl Həmzə Qıratı aparanda Koroğlu çox heyifslənir, Koroğlu deyir:

-  Mən ondan ötəri heyifslənmirəm. Ona yanıram ki, sən Qıratı aparıb saxlayan deyilsən. Gəl, atı özümə sat. Bunu eləməsən, əylən, onda Qıratın qiymətini deyim, allanıb ucuz satma:

Əylən deyim Qıratın qiymətini,

Səksən min sərkərdə mala da vermə! Səksən min ağ tüklü qəmər öyəcə,

Səksən min xəzinə pula da vermə !

 

Səksən min ilxıya, səksən min ata,

Səksən min mahaldan gələn barata,

Səksən min kotana, səksən min cütə,

Səksən min kotanlı kala da vermə!

 

Koroğlu dövlətin endirsə düzə,

Say götür hamısın səksən min yüzə,

Səksən min gəlinə, səksən min qıza,

Səksən min ərgənə, dula da vermə!

 

Bunları deməkdə məqsədim odur ki, "Koroğlu" Azərbaycan xalqının tarixi qəhrəmanlıq dastanıdır.

Əsərdə xalqımızın qəhrəmanlıq, vətənpərvərlik, başqa xalqlara hörmət, humanizm, dostluq, xeyirxahlıq kimi mənəvi dəyərləri öz ifadəsini tapmışdır.

Yadımdadır, 1956-cı ildə SSRİ-də Böyük Britaniyaya - Kraliçaya "Zaman" adlı at hədiyyə edilmişdi. Kraliça ona göndərilən atların hamısını bəyənir. Lakin "Zaman" adlı Qarabağ atını xüsusi qiymətləndirir, atın boyu-buxunu, rəngi, yalı, quyruğu, hündürlüyü, duruşu, hikkəli hərəkətləri, ayaqlarının qoşa göyə qaldıraraq fırlanması və s. onun diqqətini daha çox cəlb edir.   

Bəs şəhərin mərkəzində Koroğlu kimi qəhrəmana, tək ayaqları üstündə oynayan Qırata qoyulmuş abidənin - qəhrəmanlara oxşarlığı varmı?! Qırat - ildırım sürətli, gözəlliyi ilə diqqəti cəlb edən Qıratdan daha çox uzunqulağa, qatıra oxşayır. Abidəni düzəldən heykəltaraşın yəqin ki, digər çoxlu əsərləri var. Lakin faktiki Qırata bu abidə layiq deyil.

Müəllif mənim fikirlərimlə razılaşmaya bilər. Mən bəri başdan üzrxahlıq edirəm. Ancaq yaradılan hər bir abidə, memarlıq nümunələri tariximizi əbədi yaşadır, keçmişimizi gələcəyə aparır, yurd yerlərimizi, tarixi qəhrəmanlarımızı yaddaşlarda canlandırır.

Səlim Əzimov,

Azərbaycan Respublikasının əməkdar müəllimi


      
Bu xəbər 666 dəfə oxunub.