Ukrayna Baş prokurorunun müavini, əslən Azərbaycanın Gəncə şəhərindən olan Gündüz Məmmədov təzyiqlərə görə Baş prokurorun müavini vəzifəsindən istefa verib.

Bu barədə onun məfaelərini müdafiə edən “Miller” Hüquq Bürosu məlumat yayıb. Vəkillər deyirlər ki, Baş Prokurorluq rəhbərliyi qəsdən Gündüz Məmmədova çətin iş şəraiti yaradıb və hər cür şəkildə Məmədova rəsmi vəzifələrini yerinə yetirməyə mane olub, sistematik olaraq ona təzyiqlər göstərilib. Hansı ki, bunlar prokurorun müstəqilliyinin təməl prinsiplərinə tamamilə ziddir.

 Bundan başqa, G.Məmmədov bu ilin iyun ayının sonu - iyul ayının əvvəllərində isə Silahlı Münaqişə Zəminində Cinayətlərə Dair İşlər İdarəsi və Uşaqların Maraqlarının Müdafiəsi və Şiddətə Qarşı Mübarizə İdarəsinin rəhbərliyindən məhrum edilib. Bunun ardınca isə onun dövlət sirlərinə giriş imkanları kəsilib, həmçinin Baş Prokurorun müavini vəzifəsi ixtisara salınıb və s. Vəkillərin fikrincə, hətta onu nüfuzdan salan kampaniyadan istifadə olunub. “Sözün həqiqi mənasında səlahiyyətlərini yerinə yetirə bilməyən bir vəziyyətdə qalmaq Baş prokurorun müavini kimi bir vəzifə daşıyan şəxs üçün qəbuledilməzdir. Bu səbəbdən Gündüz Məmmədov 25 il prokurorluqda çalışdıqdan sonra istefa vermək qərarına gəldi...”, -deyə vəkillər bildiriblər.

Ukrayna mətbuatı yazır ki, 2020-ci ilin martından təyin olunan Baş Prokuror İrina Venediktova bundan az əvvəl Gündüz Məmmədovu "Müharibə Departamenti" adlanan rəhbərlikdən məhrum edib, daha sonra səlahiyyətlərinin qalan hissəsini də əlindən alıb. Baş Prokurorun Gündüz Məmmədovla münaqişəsinin isə əsl səbəbləri hələki bəlli deyil.

A.Məmmədli