İndi toy eləmək qıl körpüsündən keçmək kimi bir hadisəyə çevrilib. Bildiyimiz kimi, pandemiya ilə əlaqədar toy mərasimlərin keçirilməsinə qadağa qoyulmuşdu,indi bu qadağalar götürülüb və toyların keçirilməsinə icazə verilib. Amma, sosial şəbəkələrdən, KİV-dən verilən məlumatlardan belə qənaətə gəlmək olar ki, bu tədbirlərdən heç də toy abi-havası gəlmir.Yenə də məhdudiyyətlər, cərimələr. Bu dəfə ki, qaydalar,mədudiyyətlər daha qeyri-adi, müəyyən mənada isə əhalinin böyük narazılıqlarına səbəb olan qaydalardı (oxu: qaydasızlıqlar).

Sən demə, koronavirusin əsl yayılma səbəbi elə toy məclisləri imiş. Toylara qadağa qoyulanda,əhalini qapalı vəziyyətdə saxlayanda yoluxma halları ərşə qalxmışdı. Qadağalar  götürüldü və insanlar  rahat nəfəs almağa başladılar və yoluxma halları kəskin azaldı. O zaman toylarla yoluxmanın nə əlaqəsi?  

Bir dostumun toy məclisinə getmişdim. Sivil bir toy idi. Açıq havada keçirilən bu məclisdə hər masa arxasına da 6 stul qoyulmuşdu.Tam sərbəstlik və təhlükə yaradacaq heç bir şey yox idi.  Amma belə çıxır ki, toy məclisi yuxarıda qeyd etdiyimiz kimi, ən təhlükəli məkan imiş. Təhlükəli məkan avtobus marşrutlarıdı, iri ticarət obyektləridi.Onları niyə yoxlamırlar? İkincisi, kovid pasportu-filan tələb etmək də başa düşülən deyil. Bu yoxlama eynilə “Bizim Cəbiş müəllim” filmindəki süjetə bənzəyir. Mərhum sənətkarımız Əliağa Ağayevin müharibəyə getmədiyi üçün əsas verən kağızları patrullara göstərdiyi kadrı deyirəm...

Azərbaycan da pandemiyanı ağır keçirən ölkələr sırasındadır. Hökumət may ayından etibarən yumşaldılma qərarları verməyə başlayıb. Sonuncu belə addımlar iyunun 10-da metronun, iri ticarət mərkəzlərinin, iyunun 21-də isə toy, nişan, ad günü mərasimlərinin keçirilməsinə icazə verilməsi ilə bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın toylarla bağlı qoyduğu şərtlər və məhdudiyyətlər narazılıq doğurub. Çünki sahibkar, məclis sahibi və iştirakçılara paradoksal, hətta gülməli qadağalar qoyulub ki, ekspertlər bunun nəzarətedici qurumların korrupsiyasına geniş şərait yaradacağını bildirirlər. 

Bəs toy məclislərinə kimlər nəzarət edir? Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət qrup.

Polisi başa düşdük. Qida Təhlükəsizliyi Agentliyinin, Vergi Xidmətinin nümayəndələrinin nəyi yoxladığı başa düşülən deyil.Yaxşı ki, o biri nazirliklərin nümayəndələrini də bu qrupa əlavə etməyiblər.

İndi hər gün bütün regionlardan, Bakı şəhərindən belə xəbərlər gəlir ki,filan toyxananın sahibi cərimələndi,toyda kovid pasportu olmayanlar toya buraxılmadı və s.Cərimənin də miqdarı 4 min manatdan başlayır.

“Təzadlar” ın verdiyi xəbərlərə görə, yulun 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 156 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 99 şadlıq sarayında, 2 kafe və restoranda, 55 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;
- 2 şəxs (1 vəzifəli və 1 fiziki) barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;
- 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən 55.500 manat məbləğində cərimə olunub;
- 741 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Görəcək günlərimiz varmış. Toya gedəsən, səni məclisdə iştirak etməyə qoymasınlar. O məşhur müsahibədə deyildiyi kimi,əhalinin əsəbi ilə oynamayın. İnsanlara sərbəstlik verin. Xəstə insan heç vaxt kütləvi yerlərə getməz. Vaxt gələcək, bu siyasətin yanlış olduğu üzə çıxacaq, korona bəlasını dünyaya yayan şəxslər,dövlətlər  ifşa olunacaq.Hələlik isə, proses davam edir...

Şakir QURBANOV