Yazıya Ulu Öndərimizin  Ağdam haqqında dediyi sözləri ilə  başlamaq  istəyirəm:   “Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır.”

 ...12 sentyabr  2021-ci il.  28 il əvvəlki Ağdamdan indiki Ağdama qayıdırıq... Qürur , sevinc, həyəcan, xoşbəxtlik...İllərlə  xatirələrdə yaşayan Ağdamımıza gedirik, dostlar! Hər kəsin içində bir təlatüm...Yol  yoldaşlarımdan fərqli olaraq, mən lap kiçik yaşımda ayrılmışam  bu şəhərdən. Xatırlamıram,  amma ,  valideynlərimin  və yaxınlarımın danışdığı  xatirələrdən  yaratmışam surətini  evimizin, doğma yurdumuzun... Ağdamın fəxrləri :  elm adamları, incəsənət  və  din xadimləri, həkimləri, idmançıları, media nümayəndələri  ilə gedirəm Ağdama.  Bir gənc kimi  mənim üçün  bundan  qürurverici nə ola bilər?...
Yol boyu dəyərli insanlarla keçən zaman içərisində, bir də gizlədə  bilmədiyim  həyəcanla dərin düşüncələrə dalıram.  Ağdamı ziyarət edəcək   insanların bu şəhərlə bağlı  xatirələri var ,  bəs mənim necə?  Görəsən küçəmizi, yollarımızı, abidələrimizi doğru əzbərləmişəmmi? Tapa bilərəmmi valideynlərim üçün  çəkəcəyim fotoşəkildə yadigar qalacaq kiçik bir xatirə?  Sevindirə bilərəmmi illəri özündə yaşadan fotoşəkillərdən  təsəlli  tapan insanları, elə Ağdamın bugünkü fotoşəkilləri ilə???...

***
 ...Çatırıq  işğaldan azad olunan  ərazilərimizə. Bu doğma, məşəqqətlərə təkbaşına sinə gələn torpaq, sanki öz dərdini unudub, övladlarına  qucağını açır. Boynunu qucaqlamaq   üçün tələsirəm ana torpağın. Həyəcanla avtobusun pəncərəsindən çölə baxıram. Yol boyu keçirdiyim sevinc, xoşbəxtlik hissi  buz kimi dondu  yanaqlarımda...Haradadır  mənim  Ağdamım? Yox, yox...  televiziyada göründüyü kimi deyil, daha dəhşətlidir. Gördüyüm mənzərəyə  bir daha, bir daha  baxıram dayanmadan. Təəssüflə, təəccüblə... Bura   ağ damları viranə qalmış  Ağdamdır. Bu görüntülər qarşısında özümü  təmkinlə  dayanmağa məcbur edirəm. Çünki Ağdam övladını belə görməməlidir. Çünki,  bu dəfə biz  Ağdamın yarasına məlhəm olmağa gəlmişik  və  əbədi olaraq qayıtmışıq.

    Nəhayət,  o  möhtəşəm an çatdı. Bir azdan “DƏMİR  YUMRUQ” gücü hesabına  işğaldan azad olunan Ağdam torpağına ayaq basırıq... Dayandım bir anlıq, tərəddüd etdim avtobusdan enməyə. Yenə fikir məni apardı... Bu torpağa ilk  dəfə  qədəm qoyacam. Görəsən uşaqlığımın, gəncliyimin keçdiyi, Ağdama qardaş olan doğma  Bərdədə  böyüyüb, boya - başa çataraq,  təhsilimlə, fəaliyyətimlə  layiqli gənc ola bilmişəmmi bu Vətənə?  Görəsən Ağdam  əsarətdə qalanda onun üçün edə biləcəyim  hər şeyi etmişəmmi?  Cəmi bir neçə saniyədə yüzlərlə fikir keçdi beynimdən.  Asta – asta qapıya yaxınlaşdım və ilk dəfə  bu torpaqlara  ayaq basdım.

       Bölünməz  Vətənimizin bir parçası olan AĞDAMIMIZ, xoş gördük səni   doğulduğum  torpaq! İllərlə  həsrətin qəlbimizi parçaladı, çox uzun çəkdi qayıtmağımız, amma bax, biz gəldik, evimizə gəldik...

 Sanki qollarım uzanıb, nəinki Ağdamı, bütün Qarabağı qucaqlayıram.  Dərindən  nəfəs alıb,  Qarabağın  havasından uduram. Buranın havası da, ətri də başqadır. Pambıq kimi buludlar, mavi göy üzü, tər - təmiz hava. Dostlar,  Qarabağın dağ çəkilən  halı belə cənnətmiş... 

 Ağdama çatanda bizi  ilk olaraq Prezidentin Ağdam  şəhəri üzrə  xüsusi nümayəndəsi  Emin Hüseynov qarşıladı. Emin müəllim bizə Ağdam şəhərinin baş planı haqqında geniş və ətraflı  məlumat verdi. Bu  möhtəşəm planla  tanış olmaq  biz  ağdamlılara böyük sevinc bəxş edir.  Emin müəllim sakinləri  maraqlandıran suallara cavablandıraraq, Ağdamda  yaradılacaq  İşğal muzeyi və Zəfər Muzeyi haqqında söz açdı.  Maraqlı bir faktı da sizlərlə bölüşüm ki, Emin Hüseynov artıq  bir neçə gündür  Ağdamda daimi  yaşamağa  başlayıb.  

Cənab Prezidentimiz  İlham Əliyev doğma  Qarabağımızı   yenidən cənnətə  çevirmək üçün bütün imkanları səfərbər edib. Ali Baş Komandanımızın qətiyyəti sayəsində işğaldan  azad olunmuş bütün ərazilərimizdə “Böyük  Qayıdış”  planı həyata keçirilir.  Biz  gənclər də  Möhtərəm Prezidentimizin  ətrafında sıx birləşərək, Qarabağın inkişafı üçün var gücümüzlə   çalışacağıq. 

     Səfərimiz  “QARABAĞ”-ın   “İMARƏT”-i   ilə başladı. “Qarabağ” FK-a  qələbələr qazandıran stadion – İmarətdəyik.  İllərdir  səbirsizliklə gözlədim  bu günü.  Çünki  Ağdamda, uğrunda minlərlə can verilən  bu torpaqda, üçrəngli , əzəmətli  üçrəngli  bayrağımızı  daşımaq ən böyük arzularımdan olub. Çatan kimi  “İmarət” satdionunda   müqəddəs bayrağımızı  açdım. Azərbaycan gənci  olmaqdan  və Azərbaycan bayrağını Ağdamda daşımaqdan qürur duyuram.  Bu bütün Azərbaycan gəncliyinin qüruru idi.
Növbəti ziyarətimiz  Ağdam Cümə Məscididir. Asta  səslə, yavaş addımlarla daxil olduğumuz ibadətgah  - Məscidə qarşı necə vəhşilik törətmək olar İlahi? Bizlər belə olmamışıq. Başqa dinlərin ziyarətgahlarına qarşı belə davranmamışıq.
      İçəri daxil oluram.  Dağıntıları gördükcə daha da diqqətli, yüngül addımlarla hərəkət edirəm. Axı  illərlə ağrı-acı görmüş bu torpağı incidə bilərəm.
      Birdən Məscidin  qoşa  minarələrindən  Azan səsi eşidildi.  Qeyri -ixtiyari  əlimi göyə tutub, Rəbbimizə bu günümüzə, bu müqəddəs ziyarətimizə  görə şükür etdim. Tarixi anlar, bir ömür  yaddaşlardan silinməyən  dəqiqələr yaşayırıq. Allah xalqımızın  Dualarını qəbul etdi.
İllərlə əsarətdə qalan doğma Qarabağımızın  başına gələn müsibətləri  dünyaya çatdırmaq üçün Azərbaycan gəncliyi olaraq  əlimizdən gələni etdik. Bu gün isə  o vəhşiliyi  əyani şəkildə  görən gənclik kimi  olaraq  bu istiqamətdə işlərimizi  davam etdirəcəyik,  törədilən  vandalizmi  dünyaya çatdıracağıq.
Dağıntılar  o qədər  qəddarlıqla   törədilib ki... Bu  şəhərdə bir küçə, küçədə bir döngə, döngədə bir ev, evdə bir nişanə  tapa bilmirsən. Düşmənin törətdiyi bu vəhşiliyin adı yoxdur lüğətdə.  Şəhər yeksan edilib,  şəhərin mərkəzində səngərlər qazılıb, kəndlər də eyni vəziyyətdə, hətta qəbrləri belə dağıdıb bu mənfurlar... Bir sözlə,  Ağdamda nəinki yerin üstü, yerin altı belə salamat qalmayıb.
 ***
Son dayanacaq - əzəmətli  Şahbulaq Qalası. Gözəlliyi dillər əzbəri olan cənnətməkandayam...Yaşıl ağaclar, sərin sulu bulaq, başgicəlləndirici təmiz hava... Çox sevincliyəm... Amma “sevincliyəm”  kəlməsi yetməz....Xoşbəxtliyin sirridir  VƏTƏN.
İTV-nin,  AzərTac-n , APA Tv-nin Qarabağ bölgə müxbirlərinə   müsahibə verərkən,  yaşadığım anları,  sevincimi ,  təəsüratlarımı bölüşürəm.

Bu müqəddəs torpaqlarımızın azadlığı uğrunda  canından keçərək, illərlə  köksü yaralı olan  Azərbaycanı bütövləşdirən şəhidlərimizə  Allahdan rəhmət diləyirik.
Müqəddəs torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsində canlarını belə əsirgəməyən,  düşməni  “iti qovan” kimi  qovan  qazi qardaşlarımıza Uca Tanrıdan şəfa diləyirik.
Başda   Ali Baş Komandanımız olmaqla, dünya hərb tarixində öz sözünü demiş, xalqımıza qələbə  sevinci yaşadan  Ordumuz  var olsun!
Qürur duyuram! 
Azərbaycanlı  olmaqdan qürur duyuram!
Qarabağı Azad edən gəncliyin bir  parçası olmaqdan qürur duyuram!
Qarabağda olmaqdan qürur duyuram!
Bu gün bir daha başı dik, alnı açıq, qürurla sözünü deyir  AZƏRBAYCAN GƏNCİ!

***

 ...Müqəddəs torpaqlara ziyarət yekunlaşır. Sonda  bir ovuc torpaq  götürürəm ovcuma. Uşaqlığı, gəncliyi  bu doğma torpaqda keçən valideynlərimə  aparmaq üçün...
Gəlirəm...  Doğma  Ağdamdan, doğmalaşan Bərdəyə gəlirəm. Dəyərli ziyalımız  Əliyev Əlinin  bir şeiri yadıma düşür  bu anda: 
                                 Qarabağ həyatım, varlığımdır bil,
                                 Ağdam bir gözümdür, Bərdə bir gözüm.
    Bütün dünya şahid olsun, duysun  səsimi istəyirəm:  Biz Qarabağdan gəlirik!

     QARABAĞ AZƏRBAYCANDIR!  

Nəsirli  Fidan Elbrus qızı, 

Bərdə  rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA