Oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür... Rayon 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdu...

Belə ki, 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan etmişdir. Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizləndi.
Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Hazırda Zəngilanda birinci “Ağıllı kənd” pilot layihəsi həyata keçirilir. Layihə rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir.
Qeyd edək ki, Zəngilan rayonu Qarabağın cənubunda, İran ilə sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var.
Zəngilan 1993-cü ildə Ermənistan hərbi birkləşmələri tərəfindən işğal edilmişdi. Rayonun mərkəzi olmaqla, bütün kəndləri, tarixi abidələri işğal dövründə yerlə yeksan edilmişdi. Bu isə onu göstərir ki, ermənilərin məqsədi ərazini ələ keçirib yaşamaq, qurmaq yox, dağıtmaq olmuşdur. Bu isə ermənilərin nə qədər insanlıqdan uzaq olmasını sübut edir...

*** 

...Onu da deyim ki, bu ilin aprelin 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Zəngilana səfər etdik. Rayonun minalardan təmizlənmiş ərazilərində olduq, erməni vandalizminin əyani görüntüləri ilə yerində tanış olduq... Oxçuçay, Həkəriçay və rayonun meşəlikləri, dağları nə qədər füsunkar mənzərənin meydanı-əyani sübutu idi... Hazırda rayonun magistral avtomobil yolu bərpa edilir, rayon mərkəzi yenidən tikilir, bir sıra pilot layihələr həyata keçirilməkdədir. Tezliklə məcburi köçkünlər 28 il əvvəlki Zəngilana köçürüləcəklər. Amma bu dəfə daha müasir, daha gözəl Zəngilana! 
Asif MƏRZİLİ