booked.netbooked.net booked.net  

...Professor İlham Rəhimovla görüşdük. Təqdimat üçün o qədər açar var qarşımızda, hansını götürüb qapıları taybatay açacağımızı müəyyənləşdirmək çətindir.

Eşitmişəm, elm adamı təqdimatı İlham müəllimin ürəyincə olur həmişə. Titulları, vəzifələri, dünya şöhrəti və bunu təsdiqləyən Azərbaycan Prezidentinin imzası olan “Şöhrət” ordeni almış insanın hələ sadalamadığımız neçə-neçə böyük titulları varsa, çox ağıllı şəxsiyyətdir demək. Belə şəxsiyyətə ayıracağımız mətn məkanını asan əldə olunan informasiya ilə yükləyib, mötəbər fikirləri bir küncə qısnaya bilmərik. Bizə meydan lazımdır, meydan. 35 mindən çox işarəsi var bu müsahibənin. Kitabça da deyə bilərik. 

Oxusanız, təsdiqləyəcəksiniz. İlham Rəhimov da bütün varlığı ilə Azərbaycanını təsdiqlədən adamdır. Müsahibimiz Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor, onlarla kitabın və çoxsaylı layihələrin ideya müəllifi olan İlham Rəhimovdur. Adam öz əməyini tərifləməz, doğrusunu deməkdən çəkinməz. Maraqlı müsahibədir, nəinki əhatəyə aldığı fikirlri ilə, eləcə görünüşü ilə də özünü oxutdurmağı bacaran müsahibədir. Uzağı yarım saat vaxt lazımdır oxumağa, bitirəndən sonrasa xeyli vaxt qazandığınızı, təfəkkürünüzün zənginləşdiyini, ovqatınızın gözəlləşdiyini mütləq təsdiqləyəcəksiniz. 

- Sentyabrın 29-da Moskvada Qara dəniz və Xəzər dənizi Ölkələri Hüquqşünasları Assosiasiyasının və Rusiya hökuməti yanında Qanunvericlik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Cinayət hüququ və Əxlaq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Azərbaycan mətbuatı bu konfransı “İlham Rəhimov Rusiya elitasını bir araya topladı”   başlığı ilə təqdim etdi. Konfrans hansı nəticələrə gəldi?

- Konfransın iki təşkilatçısı var idi - Qara dəniz və Xəzər dənizi Ölkələri Hüquqşünasları Assosiasiyası və Rusiya Hökümətinin yanında Qanunvericilik İnstitutu. Bu institut çox məşhurdur. Biz konfransa çoxdan hazırlaşırdıq. Əslinə qalsa, ilk təşəbbüs bizim təşkilat tərəfindən irəli sürülməyib İlk təşəbbüs Rusiya hökuməti yanında Qanunvericlik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Taliya Xabriyevadan gəldi və biz müzakirələrə başlayıb, konfransın formatını, tarixini, mövzusunu müəyyənləşdirmək ətrafında işlər apardıq. Mövzu məsələsində çox düşündük, sonra indiki dövrə də uyğun bir variant üzərində dayandıq: “Cinayət Hüququ və Əxlaq” mövzusu konfransın əsas fikir bazasını təşkil etdi. 
Sizin elita təqdimatınıza da aydınlıq gətirək. Öncə deyim ki, bu konfransa həssas davrandıqları üçün jurnalistlərə minnətdarlıq edirik.  Konfransda Rusiyanın demək olar bütün hüquq-mühafizə orqanlarının rəhbərləri, akademiklər, Rusiya Akademiyasının prezidenti qonaqlar sırasındaydı. Onunla təkbətək görüşlərimiz oldu, həm süfrə arxasında görüşdük, həm də rəsmi görüşümüz oldu. Tədbirə bəzi insanlar mənə, bəziləri instituta görə gəlmişdilərsə, ilk növbədə onları bu problem özünə cəlb etmişdi. Çox maraqlı çıxışlar oldu, müzakirələr aparıldı. Müxtəlif xarici ölkələrdən gələn iştirakçılarla birgə müzakirə açmaq çox böyük nəticələrə səbəb ola bilər. Biz konfransı daha geniş hazırlaya da bilərdik, pandemiyaya görə skayp vasitəsi ilə qoşulanlar da çox idi. Konfrans barədə Rusiya, Azərbaycan və orada təmsil olunan ölkələrin mətbuatı da işıqlandırdı. Tədbirdə yeganə azərbaycanlı mən deyildim. Məşhur hüquqşünas, professor Xanlar Ələkbərov da iştirak edirdi, Ədliyyə nazirinin müavini Azər Cəfərov iştirak edəcəkdi, üzürlü səbəbdən gələ bilmədi, amma ünvanladığı məktub konfrans iştirakçılarına oxundu. Əslində mən çalışırdım ki, orda daha çox azərbaycanlı hüquqşünas olsun. Görsünlər ki, Azərbaycanda da hüquq elmi inkişaf edir, savadlı alimlərimiz var. 
Konfransın nəticələri ilə bağlı qarşımıza nə məqsəd qoymuşduq, ona nail olduq. 

- Konfransda “Din və Cəza” kitabı barədə danışıldımı?

- Danışıldı. Əksəriyyət bu kitabdan sitatlar gətirdi çıxışlarında. Çox sağ olsunlar böyük diqqətə görə. Onlar mənim digər kitablarımla da tanışdırlar, hamısını onlar oxuyublar. Ancaq bu tədbirdə daha çox “Din və Cəza”ya üstünlük verdilər. 

- Həmkarsınız, onlar da eyni suala cavab axtarırlar, yəqin ona görə. 

- Çox güman.
 
Qeyd: (İlham müəllim danışır, mən düşünürəm: Bir insan təkcə böyük diaspora rolunu oyanaya bilirmiş. Bəli, məhz o roldur. İnsan kəndini – ölkəsini daha yaxşı tanıtdırmaq üçün təqdimatının obrazını yaratmalıdır. Əgər bir adamın ətrafına Rusiya elitası toplanırsa, ordan Azərbaycan adına deyilən bir cümlə çox qısa zamanda oxunaqlı bir romana çevrilir.  Tək adam özü bir Vətəndir – müsahibin hələ birinci suala verdiyi cavabdan gəldiyim qənaətdir, müsahibə prosesində demədim, indi imkan tapıb yazıram. Çalışıb digər bəzi sualların cavabındakı təsirin yaratdığı ovqatı eləcə mötərizələrin içərisində oxucuya çatdırım).

- Konfransdakı çıxışlar, bu çıxışlarda diqqətə çəkilən problemlər və onların ətrafında yarana biləcək yeni ideyalar, o ideyalarn gənc alimlərin dissertasiya mövzularına çevrilməsi ehtimalını da bir nəticə kimi dəyərləndirmək olar. Razısınız?  

- Əlbəttə razıyam. Maraqlı məqama toxundunuz. Bir hadisəni də danışım, özümün xəbərim olmadan konfransın gedişində məlum oldu ki, Rusiya hökuməti yanında Qanunvericlik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun rəhbərliyi və kollektivi Elmi Şuranın iclasını çağıraraq, mənə institutun fəxri professoru adını veriblər. Konfransda Xabriyeva elan etdi və təqdimat proseduru da həyata keçirildi. 

- Bunu lap böyük nəticə hesab edirik. Azərbaycanın adına daha bir tarixi hadisə həkk olunub.

Çox sağ olun verdiyiniz dəyərə görə. 

- Onda bir nəticəyə də toxunmadan keçməyək. Konfrans çərçivəsində Rusiya Milli Elmlər Akademiyasının Prezidenti Aleksandr Sergeyevlə görüşləriniz olub. Birgə apardığınız fikir mübadiləsinin elmi sahədə əməkdaşlığın genişləndirilməsinə, konkret töhfələr verəcəyinə şübhə ola bilməz. 

-  Əvvəllər bizim hörmətli akademiklə görüşlərimiz olub, bu da onlardan növbətisi idi. Akademiyada rəsmi görüşümüz oldu, təxminən iki saat söhbət etdik. Onlar  bizim Assosiyasıya ilə daha geniş əməkdaşlıq etmək istəyirlər. Bizim təşkilatda xarici ölkələrdən tanınmış hüquqşünaslar təmsil olunurlar. Rusiya, Azərbaycan, o cümlədən digər ölkələr bir arada elmin inkişafı naminə böyük işlər görə bilərlər. Müxtəlif vaxtlarda, fərqli ölkələrdə, şəhərlərdə belə konfranslar keçirmişik. Məqsəd özümüzü reklam etmək deyil. Məqsədim ondan ibarətdir ki, bu konfranslar vasitəsilə Azərbaycanda da alimlərin olduğunu, hüquq elminə böyük diqqət göstərildiyini, elmin böyük uğurlar qazandığını olduğu kimi təqdim edim. Kitablarım bir sıra xarici dillərə tərcümə olunub, o ölkələrdə təqdimat mərasimləri keçirilib. Kiməsə özünü göstərmək xarakterinə də malik deyiləm, ehtiyacım da yoxdur. Mən xalqımı, Vətənimi təmsil edirəm. 




- Belə bir fikir var. Ziyalılardan eşitmişik. Hara getdinizsə, artıq fərd deyilsiniz, ölkəsiniz, Azərbaycansınız. 

- Çox doğru buyurublar. Həmişə belə yaşamışam. İnsan özü Vətən olmağı bacarmalıdır. 

Qeyd: (Yox, necə ola bilər “İnsan özü Vətən olmağı bacarmalıdır” ifadəsini dinləyəsən, sonra yazasan, münasibət bildirmədən keçəsən. Demişəm də müsahibədə deməyib ürəyimdə gətirdiklərimdir, yan-yana düzürəm. Azərabyacanın hər bir fərdi Vətən olmağı bacardığına görə, Şuşanın başı üzərindən duman çəkildi. Sosial şəbəkələrdə iddia olunur ki, müharibədən sonra elə bil insanlar aralanıblar bir-birindən. Nəticəyə gələk: deməli, mühit fərqlidir. Bax o mühitin münbit yerdə yetişdirilməsində hüquq elminə böyük ehtiyac var. Professorla söhbətdən onu da aydınlaşdıracm ki, bu mövzuda geridəyəm. Daha hüquq elmi xeyli sullara cavab verə bilmir, ona görə də, professor hüququn fəlsəfəsi mərhələsindən yazır, yaradır).

- Xalqı təqdim etmək, təmsil etmək şərəf sayılıb, xüsusən bizdə - Azərbaycanda. Bir xanım var, kartof təmizləmə işi ilə məşğuldur, çox təbii səsə malik olduğundan onu televiziya səviyyəsində təqdim edirlər artıq. Onun fikridir: “Qoy xalqım və millətim bilsin ki, mən həmişə öz əlimin zəhməti ilə xalqımın, millətimin adına yaraşan səviyyədə yaşadım. Sadə insanın xalqına verdiyi böyük dəyər. Əslində, gözəl hekayə mövzusudur. 

- Elə film də çəkmək olar, amma danışdıqlarınızı göstəriblərsə, deməli, film də hazırdır. Burada daha fərqli bir məqama fikir bildirmək istəyirəm. Elmlə məşğul olan lap elə akademiklə, kartof təmizləmə işi görən insan tam eynidir. İnsanları bir-birindən əxlaqları fərqləndirir. Əxlaqlı davranış xalqın genetikasında təşəkkül tapmalıdır. Bəli, azərbaycanlı bu fenomenlərə həmişə fikir verib, əməl etməyə çalışıb. Əsas məsuliyyətli olmaqdır, əxlaq çərçivəsində yaşamaqdır. Bəzən insan cəmiyyətə, xalqa faydalı olan elə işlər görür ki, ilk baxışdan cəmiyyət onu düzgün başa düşmür. Həmin insan da elədiklərini müəyyən səbəblərdən açıqlaya bilmir. Əgər açıqlasa, görülən işlərin əhəmiyyətinə mənfi təsir edər. 

Hansı kitabınıza dönə-dönə qayıdırsınız?

- “Cinayət və cəzanın fəlsəfəsi” kitabının adını çəkərdim.  Maraqlı müqayisə apardım. “Din və Cəza” kitabından sonra gördüm ki, oxucular daha çox bu mövzuya axın edirlər. Kitab rus dilində çıxmışdı. Almaniyada kitablarım nəşr olunduğu üçün onlar mənim yaradıcılığımı izləyirlər. Telefon açıb, “Din və Cəza” kitabı barədə qeydlərini söylədilər. Dedilər ki, icazə versəniz, kitabı alman dilinə tərcümə edərdik. 6 aydan çox proses getdi, hissə-hissə tərcümə edirdilər, hər dəfə iki vərəq göndərirdilər. Məsələn, qeyd olunurdu ki, Siz filan mövzuda Qurandan sitat gətirmisiniz, nəsə anlaşılmazlıq var, mümkünsə bir də Qurandakı həmin yerə müraciət edin, bəlkə biz yanılırıq. Onların dedikləri kimi edirdim, elə olurdu ki, səhvimi tapırdılar, yazırdım siz düzsünüz. Elə olurdu ki, mübahisəli məqamalar yaşanırdı. Proxorova soyadlı alim var, Quranı rus dilinə çevirdi, sonra islamı qəbul etdi, öz adını da dəyişib İman qoydu. Bizdə Elmir Quliyev var, o da müqəddəs kitabı tərcümə edib. Baxanda görürsən ki, fərqlər var. Mahiyyət eynidir, ifadə tərzlərində, söz seçimlərində fərq var. Onlar məni Quranı yenidən və təkrar-təkrar oxumağa yönəltdilər, mən də kitabı təbliğ etmiş oldum. Almanlarsa Quranı daha dərindən oxudular. 

- Yəqin ki, Sizə bu səpkili sullar verən olub? Hüquqşünas hansı səbəbdən araşdırmalarında dini mövzuya bu qədər dərinliyi ilə müraciət etdi?
 
- Suallar verən olub, indi də maraqlanırlar. Əvvəlki kitablarım sırf hüquqla bağlı idi. Cəzanın növü, cinayətin səbəbi, bu kimi mövzulara hüquqi nöqteyi-nəzərdən baxmışam, fikirlərimi hüquqşünas kimi çatdırmışam. Bir müddət keçdi, aydınlaşdırdım ki, hüquqda açıq qalan suallara təkcə hüquqşünas kimi cavab verə bilmirəm. Verdiyim suallara hüquqda cavab tapa bilmirəm. Düşünürəm, cinayət nədir? Qayda-qanunları pozan hərəkət etmisən, deməli, əməlində cinayət tərkibi var. Hüquq cinayət nədir, cəza nədir sualına bundan artıq cavab verə bilmir.  Belə vəziyyət məni qane etmir. Əgər elədirsə, min il öncə hansısa bir əməl cinayət sayılırdı, indi cinayət saylmır. Ya da əksinə. Bu, niyə belə olsun? İkincisi, elə bir əməl varmı o hər yerdə cinayət sayılsın, yaxud hər yerdə o cinayətə eyni dərəcəli cəza verilsin? Tapmaq olmur. Məsələn, elə ölkələr var ki, narkotikaya qarşı ölüm cəzası var, elə ölkələr də var ki, orada bu hal cinayət sayılmır. Axı necə olur, hər biri insandır, bu ölkədə mənə ölüm cəzası verirsən, ancaq o biri ölkədə azadlıqdan mərhum edirsən. Cinayət hüququ ona sual verilməsini sevmir. Nə sual verəcəksən, Cinayət Məcəlləsində müddəalarla yazılıb. Tutalım, Norveçdə Breyvik 80-dan çox adam öldürdü. Ona 21 il iş verdilər, həm də daha rahat şəraitdə oturub. Digər yerdə bu hərəkət ölümə məhkumdur. Cinayət hüququ susanda cavabı fəlsəfədə axtarmalısan. Fəlsəfə ancaq sual verir. Suala verilən müxtəlif cavabların içərisindən əsl həqiqəti tapmaq mümkündür. Fəlsəfə bir sualı ilə başqa-başqa sahələrin alimlərindən cavab istəyir. Cinayət törədib, sual çıxır: o bu hərəkəti edərkən sərbəstmi olub? Hüquq cavab verə bilmir. İnsanın cinayət törətməsinin səbəbində fəlsəfə axtarmağa başlayanda o qədər sahənin qapısı döyülür ki. Bəlkə genetika araşdırmağa başlasın. Cinayət törətməyə meyl kiminsə geni vasitəsi ilə də o adama təsir edə bilər və genlərin həyatmızdakı rolu böyükdür. Son dövrlər genetika cinayətin dəqiq səbəbini tapmaq üçün çox böyük işlər görür. Çizaro Lambrazo adlı həbsxana həkimi olub. O deyirdi ki, kiminsə babası adam öldürübsə, mütləq o nəsildən olan bir adam nə vaxtsa eyni cinayəti törədəcək. Fəlsəfənin sualına genetik, psoxoloq, psoxoterapevt, psixoterapeya, sosioloq cavab axtarır. Deməli, bir yerdə işləmək lazımdır, səbəbi bir yerdə axtarmaq lazımdır. Dini baxışı da bura mütləq əlavə etmək vacibdir. Bəlkə o adamı cinayətə Allah sövq edib. Ənənəvi hüquq məni darıxdırmağa başladı. İçimdəki suallara cavab tapa bilmirəm, ona görə, fəlsəfə, sosiologiya, din məni özünə cəlb etdi. Sualıma fəlsəfi baxımdan müəyyən qədər cavab tapdım. Fəlsəfə onu anladır ki, insan hər şeyi tanıya bilir, hər şeyi kəşf edə bilir, ancaq özünü tanımağı bacarmır. Dində bu səbəbləri axtarmağa başladım. Mütləq fikirdir: Yaradan hər şeyi bilir. Belə çıxır ki, axtardığımız suala da o cavab verə bilər. O cavab varsa, təbii ki, onu dində axtarmaq daha düzgün variantdır. Bir məsələni qarışdırmayaq: din və Allahın göndərdiyi kitablar eyni deyil. İslam dini Quranın, yəhudi dini Toranın, xristian dini Evenqaliyanın əsasında yaranıb. Sadəcə eyni kitablar deyillər. Əlbəttə, əsas prinsipdə, özüldə fərq yoxdur, çatdırılma üsulları, düşüncənin ifadəsi fərqlidir. Allah Bibliyanı göndərdi, insanlar hansı səviyyədə yaşayırdılar, özləri kim idi, ona uyğun da kitab göndərdi. Sonra ardından İsus Xristosun vasitsilə Evenqaliyanı göndərdi. Cinayət və cəza mövzusuna baxışda kitablarda fərqli məqamlar var. Belə bir yanaşma: Allah verən canı ancaq özü ala bilər. Bu yanaşma heç bir dini kitabda yoxdur. Allahın hökmünə əməl etməyib, ağır cinayət törədən insan artıq Yaradanın hökmündən kənara çıxmış olur. Bununla da Allahın nəzərindən düşür. Artıq insan özü öz əməlinin hesabını  ödəməli olur.

Müqəddəs kitabların hər birində ölüm cəzası var. O kitablarda cinayətə, cəzaya baxış da var, hökm də. Birinci müqəddəs kitabda Allah çox ciddidir, daha doğrusu çox qəddardır. Toraya gəldikdə qanla bağlıdır. Orda elə əmrlər var ki, oxuyanda təəccüb edirdim ki, yəni Allah belə əmr göndərər. Yəhudilərin Allahı Yaxva göstəriş verir ki, qonşuluğunuzda xalqlar yaşayır gedib onları heyvanlarına qədər qırın, bir canlı qalmamalıdır. Özü də dəfələrlə belə göstərişlər var. Allah Musanı məcbur edirdi ki, öz millətini qırsın. Bəs biz həmişə Allahı hümanist kimi təqdim edirik. Baxın, o Allah həmin insanlara bu üzünü göstərir. Gəlirik, İsos Xristosun dövrünə. Allah Evanqaliyada başqa sifətdə görünür. Deyir ki, sənə sillə vursalar, başını aşağı sal get. Cəza ilə heç nəyə nail ola bilməyəcəksən. Sən tərbiyə ilə davran. Elə mühit yarat ki, heç kim bir-birinin xətrinə dəyməsin. Quranda görün nə deyir, Allah tamam dəyişir. Nə birinci, nə ikinci dəfə göndərdiyi göstərişləri səsləndirmir. Quranda deyir ki, cinayət törədən cəzasını almalıdır. Amma ədalətli cəza olmalıdır. Torada ədalətdən söhbət getmir. Heç Evanqaliyada da ədalət yoxdur. Necə yəni sən mənim bir gözümü çıxart, mən deyim, gəl ikincini də çıxart. Hümanizmin ifratdan da ifrat forması. Qurandakı cəza ilə bağlı məna belədir: əgər kimsə sənin qolunu qırıbsa, sən də gedib onun qolunu qırma, Toranın əksi. Cəza ver, amma başqa cəza ver. Bəlkə sənin qolunu qıranın bir qolu var idi, onu da sən qırdın, qaldı qolsuz. Bu, ədalətli cəza deyil.

- Ədalətin özünün də harda olduğunu müəyyənləşdirmək çətindir?

- O, artıq prosedurdur, söhbət prinsiplərdən gedir. Ona diqqət çəkmək istəyirəm ki, cəza siyasətində Allah mövqeyini dəfələrlə dəyişir. Birincidə görür ki, xoş əməllə insanları özümə tabe etdirə bilməyəcəm. 

- Allahın əsas məqsədi nədir?

- Yaratdığım mənə tabe olsun – Allahın şah prinsipi budur, sonrakı əməllər, biətlər bu prinsipin daxilindən şaxələnənlərdir, proses də deyə bilərik. Sonra da belə qərara gəlir ki, sərt cəza ilə məqsədimə çata bilmirəm. Başlayr, hümanizm aşılayan, əxlaq və mənəviyyat dəyərlərinin tətbiqi ilə arzusunu gerçəkləşdirməyə. Bu da alınmır, insanlar bu çağırışa “ədalətli deyil” prizmasından yanaşmağa başlayırlar. Allah sonda Quranın vasitəsi ilə “Ədalət pozulmamalıdır” əmrini insanlara göndərdi. Əxlaqi dəyərlər ön plana çıxdı. Allah 1500 ildir vaxt verib, son qərar da ona məxsus olacaq. 

- Hər 3 kitabda cəzayla bağlı fərqli qərarlar verən Allahdan hansı Sizə daha yaxındır?

- Təbii ki, Quranı yaradan Allah.

- Xristian da olsaydınız belə deyəcəkdiniz?

- Əlbəttə. Axı ədalət, cəzaya əxlaqi reaksiya Quranın təbliğ etdiyi dində var. Dinini dəyişib, İslamı qəbul edənlər azmı olub?! Xristian, yəhudi, lap elə öz ölkələrinin etnik kökənli məşhur yazıçıları islamdan, Qurandan bəhrələnib azmı gözəl əsərlər yaradıblar?! Misal üçün Tolstoy. Bu dahinin Quranın təsiri ilə qələmə aldığı o qədər gözəl əsələri var ki. Xristianlıq hümanist dindir, sadəcə bu hümanizm qırmızı xətti keçib. Əsas problem də ondadır ki, bu üç fərqli din daşıyıcıları müqəqqəs kitablarında deyilənlərə özləri tam əməl etməyiblər. Elə addımlar atırlar ki, nə dində var, nə Allahın tapşırıqlarında. İndi cəza verilməsi nöqteyi-nəzərindən Qurandan bəhrələnmək istəyirlər, dövr o qədər sürətlə dəyişir ki, bəşəriyyətin inkişafı buna imkan vermir, nəticəyə nail ola bilmirlər. 

- Həyatı daha başa düşülən şəklə sala bilsək, cəzasız yaşamaq mümkün olarmı? 

- Cəzanı cinayət törədənə verirlər. O vaxt mümkün olacaq ki, cinayəti törədən şəxsi buna vadar edən səbəbin kökünü tapasan, üzdən getməyəsən. Elə bir cəmiyyətlər qurula bilər ki, cinayət törədilməsin, bir şərtlə cinayətin səbəbi tam aydınlaşsın. Buyursun, bütün sahələr üzrə mütəxəssislər bir araya gəlsin, cəzasızlığın mümkünlüynə inandırsınlar. 500 ildən sonra dünyada elə cəmiyyətlər qurula bilər ki, insanlar qapılarını bağlamazlar, kimsə başqasının malına göz dikməz - oğurlamaz, dələduzluq etməz. Belə bir dünya qurmaq mümkündürmü?

- Təsəvvür edə bilmirəm...

- Mənsə həmin dünyanı görürəm. Bəs həmin cinayətsiz dünyanı kim yaratmalıdır? Təbii ki, insanlar ehtiyac hiss etmədən yaşamalıdır. Hətta cinayətlərin səbəbinə bu da daxildir, ancaq yenə də sualın tam cavabı deyil. Belə götürək: problemə genetika müdaxilə edəsi olur və tapır ki, insan daxilində, lap hüceyrələrində elə bir hissə var ki, onun funksiyasını dayandırsaq, işləməyəcək və insanı cinayətə sürükləyən səbəb də yaşanmayacaq. Yaxud tibb elmi araşdırır və dərman hazırlayır. Anadan olan kimi insanda işə düşən həmin mexanizmin işini dayandırır. Bunlar real deyil, müzakirələr zamanı ortaya çıxan təkliflərdir. Reallıq odur ki, biz hələki axtarırıq. 
 
- İlk cinayətin və ilk cəzanın Adəm və Həvvaya aid olduğu deyilir. Belədirsə, bütün cianyətlərin kökündə nəfs dayanmırmı?
- Nəfs də bir səbəbdir. 

- Müxtəlif dinlərin kitablarına istinadən yazılan əsərlər yəqin ki, daha mükəmməl sayılırlar. “Din və Cəza”da bütün dinlər və onların kitablarının cəzaya münasibəti şəffaf mənzərə kimi görünür. 

- Ümumiyyətlə, bütün akademik yazılarda, araşdırmalarda, lap ədəbiyyatda – hekayə yazırsansa, nə qədər çox bilikli olsan, fikirlərini də sərbəst yaza bilsən daha maraqlı əsər alınar. Hüquq sahəsindəsə, xüsusən bütün tərəflərin iştirakı ilə araşdırılma aparılır. Biz söhbətimizdə bir sahədən danışırıq – Hüquq və Cəza.

- “Din və cəza” kitabında qeyd edirsniz ki, insan dini varlıqdır. Bu fikri bir qədər də açsanız yaxşı olar. Riyaziyyatda teoremi isbat etmək üçün onun əksini isbat etmək yetərli sayılır. İnsan dini varlıqdır fikrinin əksini düşündüm: Məgər dinsiz insan yoxdur? 

- Əlbəttə, dinsiz insan yoxdur. Siz teoremi sübüt etdiniz. Dindar o millətdir ki, onların müqəddəs kitabı var – belə bir fikir fomalaşıb. Bir qədər diqqətli olsaq, kitabı olmayan millətlərin varlığını görərik. Onlar dinsizdirlərmi? Məsələn buddistlər, induslar. Ancaq onlar da nəyəsə inanırlar. 

Qeyd: (Deyəsən, ən sürətli olan təsvirdir. Bir neçə saniyədə yaşadığın ömrü görürsən. Neft Akademiyasını bitirmişəm, daxil olanda yüksək qiymətlər aldım. İndisə jurnalistlik peşəsindəyəm. Bəlkə elə buna da kompleks yanaşma deyək – riyaziyyat, fizika, ədəbiyyat, ana dili... İlham müəllimlə söhbətimizdə bir neçə elmi işin mövzusu olacaq fikirlər səsləndirildi, təbii ki, müsahibim tərəfindən. Elə peşələrin qohumluq əlaqəsinin formalaşması üsulları və onların yaradıcılığına təsirı mövzusunda da alimlik dərəcəsi almaq olar. O cümləni dırnaq arasına salsaq, əməllicə mövzudur. Buyurun: “Peşələrin qohumluq əlaqəsinin formalaşması üsuslları və onların yaradıcılığına təsirı” mövzusunda)

- Nəyəsə inanmaq dinə tapınmaqdır, belə başa düşə bilərik?

- Siz artıq belə başa düşmüsüz. Biz Allaha inanırıq. Görmədiyimiz varlığa inanırıq. Buddistlərdə də din var. Əhalinin böyük hissəsi buddistlərə aiddir. Müqəddəs kitabları yoxdur. Uşaqlıqda din haqqında anlayışımız olmayıb, amma nəsə çətinə düşəndə görmədiyimiz fövqəl qüvvədən kömək istəmişik. Valideynlərimiz Allahın adını çox çəkiblər deyə, eşitmişik və təbiətcə onların inandığına inanmışıq. İnanırsansa, o obyekt dindir. Allah dünyaya kitablar göndərməyəndə də əlimizi göyə açıb Tanrı demişik. Göydən həmişə qəribə hadisələr gəlir yer üzünə. Ümumiyyətlə, yer üzünə hər şey göydən gəlir. Möcüzəvi təsirə düşüb, bunların müəllifinə Tanrı demişik. Pislik aşılayanda da, yaxşılıq edəndə də, “Allah evini tiksin” alqışı da bizdədir, “Allah evini yıxsın” qarğışı tam ziddiyyətli olan iki məhfumun hərəkətini də Allahdan diləyirik. 




- Sovet dövründə azərbaycanlıları dinsiz və Allahsız etməyə çalışan ideologiya qalib gələ bilmədi. Dinimiz də var, Allahımız da. Razısınız, yoxsa Allahsız davranışlar daha da artıb?

- Təkcə Azərbaycanı yox, sovet respublikalarının hər birini dindən ayırmışdılar. O dövrdə bu barədə düşünəndə ortada olan ədəbiyyat yalnız ideologiyaya xidmət edirdi. Mən dindən öyrəndim. Oxuduqlarımız isə Marksla Engelisin “Kommunist manifesti” əsəri idi. Kitabda ədalətdən, bərabərlikdən, hüquqdan danışılırdı. Bütün bu fikirlər dinlərdən gəlib, onlar dini kitabları mütləq oxuyub anlayıblar ki, bu fikirləri ideologiyanın adından yaysaq, xalqların dinini də əlindən alaq ki, istinad da edə bilməsinlər. Adamın ağlına başqa heç nə gəlmir. Bir də təbii ki, dinə vicdanıyla inanan insanların sıx yaşadığı ərazilərdə kommunistlərə nifrət alovlana bilərdi. Allahsız hərəkətlərin sayı isə həmişə çox olub. Elə cəzanın varlıığı da buna görə vacibdir. 

- “Din və Cəza” kitabında gənc alimlərin genişləndirə biləcəyi, elmə töhfə olacağı mövzular var. Onun təqdimatını keçirməyi düşünürsünüzmü?  

- Ali Attestasiya Komissiyasında Hüquq Ekspert Şürasının sədriyəm. Hüquqa aid müdafiə işləri gəlib məndən keçir. Əsas mövzular insan haqqları, beynəlxalq hüquq, konfensiyalar... Müxtəlif yerlərdən götürüb bir-birinin ardınca düzürlər. Çox bəsit mövzulardır, sadəcə hazırlamağı asandır, internetdə nə qədər istəsəniz tapa bilərsiniz. Bu, elm deyil. 
O ki, qaldı, kitab təqdimatına, pandemiyadan öncə belə tədbirlər keçirirdik. Söhbət ondan gedir ki, hüquq elminə həvəs yoxdur.

- Bu barədə müvafiq qurumlara müraciətlər etmisinizmi? 

- Çox müraciətlər etmişəm. Bu barədə müsahibələrimdə də demişəm. Dərin hüquq elmində dissertasiya yazan yoxdur. Bu araşdırmada işləmək lazımdır axı. 

- Bəlkə hüquq elminin təqdimatı, təbliğatı, təşviqatı zəif aparılır?

- Bu problem də var. Başqa tərəfdən, ümumilikdə cəmiyyətdə elmə həvəs çox azalıb. Mən dissertasiya müdafiə edib qayıdanda Elmlər Akademiyasında işləyirdim. Deyirdilər cavan oğlan elmlər namizədidir. Leninqradda müdafiə etməyim xüsusi diqqətə alınırdı. Sonra Ədliyyə Nazirliyinə vəzifəyə dəvət aldım, elmlər doktoru adı aldım. Həm elmə həvəsim var idi, həm də qiymət verirdilər, hörmət qoyurdular. 

- Təhsilin vəziyyətinə çox qısa münasibət bildirərsınizmi?  

- İndi soveti qılınclamaq dəbdir. Sovetin təhsil sistemini isə tənqid edə bilmərəm. Yaxşı təhsil sistemi qurulmuşdu. Mən o dövrün yetişdirməsiyəm. Həmin təhsil sistemini indikilərlə müqayisə etmək mümkün deyil. Sadə bir təhsil sistemiydi, çox sadə. Amma çox effektliydi, indikinin əksi. İndiki təhsil sistemi məni qane etmir. 

Qeyd(Fərqindəyəm, göydən yerə enirik, deyəsən. Dəyərli həmkarım Nicat Dağlar rəhbərlik etdiyi Missiya TV-də Naxçıvandan reportaj hazırladı. Çox əla reportaj idi, bu barədə yazmışam. Həmin reportajda ləzzətli olan çox cümlə var, birini deyim: “Təyyarədə olarkən yaşadığmız havasızlıqdan, Naxçıvan Hava limanına düşürdük”. Bu cümlə reportajın süjeti oldu. Naxçıvanda abu-hava möhtəşəmmiş. Biz də göylərlə əlləşən mövzudan aşağıya endik, bir cəmiyyətin təhsili probleminə. Bu dəfə əksi oldu: havasızlığa düşmüş kimi idik, nə yaxşı səmavi düşüncəyə tez qayıtdıq. Olmur, alınmır, insan yer üzünün adamıdır, yerdən iki əlli yapışan insanı hüquq da ordan qoparıb rahat yaşamağın içinə gətirə bilmir. Nəfsinin içindən çıxmağa çalışanlar da biliklərində piyadadırlar, tez yorulurlar)



- Kamyunun “Yad” əsəri var. Qəhrəman istəmədiyi halda dostu ilə dalaşan qaradərilini ödürür və hakim məhkəmədə cinayət əməlindən daha çox oğlanı yad xarakterə malik olduğuna görə qınayır və cəzanı da bu prizmadan müəyyənləşdirir. Deyir ki, anan ölən günü sən bu hadisəni bildiyin halda sevgilinlə filmə baxmağa getmişdin, yaxud ananın meyitini qocalar evindən götürəndə gözündə bir damcı yaş da olmadı... Vəkil bu yanaşmaya etiraz edərək, deyir: “Bilmirəm sən müdafiə etdiyim şəxsi cinayətinə, yoxsa xarakterinə görə mühakimə edrirsən? Cəzada xarakter nəzərə alınmalıdırmı?

- Öncə onu deyim ki, cəzada ədalət prinsipi vacibdir, Quran da bunu təlqin edir. Məcəllədəki maddələrdə bir hadisəyə nəzərən cəzanın aşağı, yüxarı həddi qeyd olunur. Aradakı o illər məhz ədalətin ölçüsünə görə məhkumun cəzasında iştirak edəcək.   Xarakterə görə cəza vermək düz deyil. Hərəkəti qiymətləndirməlisən. Kamyunun qəhrəmanının tam əks xarakterində olan bir insan götürək: anası öləndə ağlayıb, böyük ehsan verib, 40 gündür dizinə döyür. İndi həmin hakim bu adamı bağışlasın gərək. Belə olmur. Ədalət pozulan yerdə cəzasızlıq hökm sürər. Düzgün cəza verməmək elə cəzasızlıq mərəzinə düçar olmaqdır. 
Məhkəmə prosesi təkcə hüquqi proses deyil, ora psixologiyanı, genetikanı, pedaqogiyanı, psixoterapeyanı, nəhayətdə dini baxışı əlavə etmək vacibdir. Bir hüquq elminin öhdəsinə buraxmaq olmaz insan həyatını. Ədalətli və əxlaqlı hakim bütün elmi yanaşmaları nəzərə almalıdır. Adamın gözünün içinə baxanda cinayət hadisəsi ilə bağlı çox şey oxumaq olar. Müttəhimin görünüşündən, jestlərindən, danışığından tutmalısan ki, hərəkəti barədə səmimi danışsın.  Əgər hiss etsən, dəqiqləşdirsən ki, o cəzasını çəkəndən sonra adam kimi yaşayacaq, onda aşağı həddi verirsən, bunun əksi olanda digər hədlərə müraciət edirsən. İslah olunmayan adamın cəzasını artırırlar. Azaltsan, onda da ədaləti pozacaqsan. Həqiqət məhkəmə zalında olmalıdır, orda yoxdursa, deməli, heç içəri girməyib. 
Bəşəriyyət yaranandan bəri insanlar həmişə ədalətli məhkəmə prosesi axtarıblar. İnsan törətdiyi cinayətə verilən cəzanın adekvat olmasını istəyir. Bəşəriyyət hələ də bu istəyinə çata bilməyib. 
Elm və texnikanın inkişafı cəza və cəzanın müəyyən edilməsi metodologiyasını da dəyişir. Məsələn, rəhbərlik etdiyim Assosiasiya professor Xanlar Ələkbərovla birlikdə “Ədalət mühakiməsinin elektron tərəzisi” nəzəriyyəsini işləyib hazırlayıb. Layihənin Azərbaycan, Rusiya və digər ölkərdə təqdimatı keçirilib. Bu nəzəriyyənin əsas mahiyyəti ondan ibarətdir ki, elektron hesablama maşınları vasitəsilə daha düzgün və ədalətli cəza müəyyən edilməsinə nail olunur.

- Tale. Bu mövzuda fikir bildirənlər iki yerə bölünür: Bir tərəf deyir, taleyi Allah yazır, digər tərəf deyir, insan özü müəyyənləşdirir. Hansı tərəfə haqq qazandırarsız?

- Gəlin müəyyənləşdirək. Tale hansı anlayşdı? Quranda tale sözü yoxdur. Bəs hardan yaranıb?

- Yəqin ədəbiyyat yaradıb... 

- İnsan yaradıb. Heç bir istinad nöqtəsi yoxdur. İnsan nə qədər ki, taleyə inanacaq daha çox uğursuzluq yaşayacaq. Həmişə hərəkətsiz qalacaqsan, “özünə,  get iş tap” deyənlərə “taleyim belədir” cavabı verənlər rahat, xoşbəxt yaşaya bilməzlər. Ən çox da müsəlmanlara aiddir bu tale oyunu və tənbəllik yaradır. İnsan öz taleyini özü yaradır, əgər belə söz varsa. Taleyin qolundan yapışıb aparmalısan, o səni aparsa, uçuruma gedəcəksən. İşimlə bağlı çox dustaqla görüşmüşəm. Bəziləri deyirdi: “Allah belə məsləhət gördü”. Allah məsləhət gördü ki, get cinayət elə? Əgər məsləhət gördüsə, niyə onda həbsaxanadasan. Allahın əmrini yerinə yetirmisən də. Belə absurd yanaşmalar insan beynini korşaldır. 

- Qurana görə bütün insanlar zəif yaradılıb və bu üzdən cinayət törətməyə qadirdirlər. “Din və Cəza”dan oxuduğumuzdur. Zəif və cinayət. İlk baxışdan ziddiyyətli görünür. Insan ömrünü yarıda kəsən cinayətkara zəif demək onun mahiyyətini təhrif etmək deyilmi? Yaxud zəiflik özündə hansı anlamları ehtiva edir?

- Hər şey insanın xarakterinə bağlıdır. Sizin zəiflik kimi qiymətləndirdiyiniz hərəkət, başqasına güclü hərəkət kimi görünər. Məsələn, biri evə gəlir yoldaşının ona xəyanət etdiyini görür və silahı çıxarıb öldürür. Bir başqası, evə gəlib eyni səhnə ilə qarşılaşır. Rəqibi evdən qovur və arvadı ilə əyləşib, gələcək münasibətlərə aydınlıq gətirirlər. İndi bu kişilərdən hansı güclüdür, hansı zəif? Adam öldürmədi, cinayət törətmədi, onu aldadan xanımdan ayrıldı. Digəri həbsxanaya düşdü, cinayətkar oldu. Görün, nə qədər qorxmazdır, eləmi? Düşünə bilərik də. Bəs ona görə əvvəldə dedik, ədaləti tapıb tətbiq etmək ən çətindir. “Cinayət və cəzanın fəlsəfəsi”ndə Rövşən Lənkəranski hadisəsinə toxunmuşam. Məhkəməyə gəlib atasının qatilini öldürür. Zəiflik əlamətidir, güclülük? Qisas alıb. Başqası gəlib sakit oturub atasının qatilini zalda qoyub gedərdi. O, zəif adamdır? Deməli, belə nəticəyə gəldik. Hansı vəziyyətdə özünü necə aparması insanın xarakterindən asılıdr. Amma ona verilən cəzada bu xarakteri nəzərə almaq olmaz. 

Qeyd (Bəzən biz yaxşılıq edirik, məntiqi araşdırma aparanda məlum olur ki, bu yaxşılığımız pislik imiş, yaxud əksinə: pisliyimizlə ona yaxşılıq etmişik. Deyirlər, Allahın iki adamdan daha çox zəhləsi gedir – biri onu quyudan çıxardığını quyuya salmağa cəhd göstərən, biri də onun quyuya saldığını quyudan çxaran. Yəni Allahlıq iddialı hərəkətlər edən. Bir hədis var: Məhəmməd Peyğəmbər Həzrət Əliyə deyir ki, axşam onlara qonaq gələcək. Əli bu xəbəri Fatimeyi Zəhraya deyir və o da məlum olur ki, evdə yeməyə heç nə yoxdur. Əli təğyiri libas olub, adamlardan iş istəyir. Onu tanıyırlar və pulu təmənnasız verəcəklərini deyirlər, “Əli qazanmadığım pulu götürmərəm” deyib uzaqlaşır. Gəlir evə, görür gözəl aş qoxusu bürüyüb hər yanı. Məlum olur ki,  yoldaşı daşları qazana töküb qaynadıb və yerində belə ləzzətli aş yaranıb. Qonaq Məhəmməd peyğmbərdir axı. Peyğəmbərlə bir süfrə arxasında oturanda qapı döyülür və Əli açır, görür dilənçidir, yemək istəyir, aşın qoxusu ona da pis təsir edib, ac adam ola, belə təamın qoxusunu duya. Əli sevinə-sevinə aş gətirməyə gedir və görür ki, yemək qeybə çəkilib qazan boşdur. Bu xəbəri dilənçiyə təəssüf hissi ilə verib, süfrənin başına qayıdır. Peyğəmbər nə baş verdiyini öyrənəndən sonra Əliyə bildirir ki,  o, dilənçi deyildi, Allahın qəzəbinə gələn insan libasına girmiş şeytan idi. Sən Allahın bu evə göndərdiyi ruzidan – cənnət payından ona verə bilməzdin. 
Burda yazmağıma baxmayın, söhbətimizdə də bu hədisi danışdım. Gəlib nəfsə çıxdıq. Bəlaların bəlası nəfs. Hətta tanımadığın, məqsədini bilmədiyin adama yaxşlıq etmək də nəfsinə yenilməkdir).   

- Nəfs cəzanın əsasıdır - Quran deyir. Nəfssiz olmaq mümkünmü? Həfssisz insan robot deyilmi?

- Nəfsi olmayan adam mümkün deyil. Quranda yaxşlıq etməyə böyük qiymət verilir. Kitabın qırmızı xətti yaxşılıq üzərində qurulub. Yaxşılıq edəndə deyirik, Allahdan gəlib. Pislik edəndə Allahdan gəlir demirik, şeytandan gəlir deyirik. Əgər bizim bütün hərəkətlərimiz Allahla bağlıdırsa – din, xüsusən İslam dini belə təlqin edir. Allah görəndir, eşidəndir, biləndir, yaradandır. 

- Maraqlıdır, yaxşılığı Allahın adına bağlayırıq, pislik edəndə Allahın adını çəkmirik.

Allah heç bir insanın pisliyini istəmir. O bizə düşüncə verib. İnsanı yaxşılıq, yaxud pislik etməyə yönəldən onun düşüncəsidir. Seçim sənindir, sadəcə Allah yaxşlıq etməyi buyurur. Belə olan təqdirdə sual da yarana bilər? Yaxşı, onda Allah niyə imkan verir o adam pislik etsin? Allahın cavabı var: Mən səni yoxlayırdım. Birinci dəfə bağışladım, ikinci dəfə bağışlamayacam. Çünki sənə xəbərdarlıq etmişdim. Allah hər kəsə düşünmə qabiliyyəti verib və heç bir müqəddəs kitab pisliyi təbliğ etmir. Quranı bilmək üçün çox hədis oxumaq, Peyğəmbərin həyatını bilmək lazımdır, o dövrdəki dialoqlarını öyrənmək lazımdır. Bir gün Peyğəmbərə deyirlər ki, filankəs onunla üz-üzə gələn qadına baxdı. Peyğəmbər həmin adamı yanına çağırıb soruşur ki, qadın keçəndən sonra dönüb yenə baxdın? O da cavabında and-aman edir ki, baxmayıb, şahidlər də təsdiqləyirlər. Peyğımbər deyir ki, bu, günah deyil. Əgər nəfsi murdar olsaydı, dönüb baxardı. Əsas niyyətdir. Niyyət, xüsusən Quranda çox vacib məsələdir. Yaxşlıq həqiqətən çətindir. Yaxşılıq edən adam özünü göstərmək üçün edibsə, günahdır, yox təmiz nəfslə yaxşılıq edibsə, özünün kimliyini gizlədibsə, Allah qəbul edir. Heç bir dini kitabda nəfsin mahiyyətinə uyğun tərcüməsi, açılışı yoxudur. Niyyət insanın ürəyinin o qədər dərinindədir ki, onu heç özün də müəyyənləşdirə bilmirsən.
Qeyd: (İndi yazdığımı da söhbətimizdə hədis hədis gətirər məntiqilə ilə danışdım. Sadəcə sual kimi formalaşdıra bilmədim deyə, indi mötərizənin içərisində yazıram. İki dindar yoldaş çayın kənarı ilə gedirlər. Baxırlar ki, bir xanım batır. Xanımın əzaları açıq qalıb. Yoldaşlardan biri onu xilas etməyə hazırlaşanda o biri deyir günahdır: biz çılpaq qadına toxuna bilmərik. Dostu qulaq asmır və çaya girib, xanımı xilas edir. Xanım ayılır, onlar yollarına davam edirlər. Xilasa razılıq verməyən adam yolboyu bu hadisədən danışır. Xanımın əzalarına toxunmağın günah olduğunu deyir, hətta bədən quruluşunu da təsvir etməyə çalışır. Xilaskar adam ona bir kəlmə deyir: “Mən boğulan xanımı xilas etdim və hadisəni tamamən unutdum, sənsə hələ də o qadın barədə danışırsan”. 

- Niyyətsizlik də pisdir, eləmi? 

Onlar anormal adamlardır. Niyyətsiz insan heç nəyə nail ola bilməz. Seçim də sadədəir. Pis niyyətli olacaqsan, cəzalanacaqsan. Yaxşı niyyətli olacaqsan, mükafatlanacaqsan. Mənim elmi rəhbərim Belyayev idi. Təbiətcə əsl insan idi. Deyirdi ki, sən cavansan qarşıda o qədər hadisələr olacaq ki, sən heç nəyə fikir vermə, ancaq yaxşılıq göstər. Ardından bir hekayə kimi tövsiyə də verirdi. Söyləyirdi ki, sən böyük vəzifədəsən, bir azərbaycanlı yaxınlaşıb, ona vətənə qayıtmağa bilet almağını istəyir. Sən düşünəcəksən, belə xırda məsələ üçün yanıma gəlib, belə kiçik xahişlərə vaxt ayırmaq mənasızdır. Xeyir, o sənin üçün xırda məsələdir, bir bileti olsa, o arzusuna çatacaq. Bu nəsihəti unutmamışam heç vaxt. Tanımadığım adamın da işinin arxasınca getmişəm. Mən uşaqlıqdan xarakterimi formalaşdırmışam. Heç vaxt kimsəyə məni aşağılamağa imkan verməmişəm, elə mühit yaratmamışam ki, zəif vəziyyətdə görünüm. İkinci kursda oxuyurduq, “Mülki hüquq” fənnindən professor İoffe bizə dərs deyirdi, yəhudi idi, 6 dil bilirdi, hətta macar dilini də. Özündən çox razı adam idi. Mən qrup rəhbəri - “starosta” idim. Onun tədris etdiyi fəndən imtahan verəndə aramızda belə bir mübahisə yaşandı. Mən imtahan otağına daxil olub bilet götürəndə aşağılayıcı tonda dedi ki, sən ayrı millətin nümayəndəsisən, bileti dəyişə bilərsən. Əslində başqa tonda desəydi, bildirsəydi ki, başqa ölkədənsən, ola bilsin, dili yaxşı mənimsəməmisən və s., o isə yekəxanalıqla dedi. Cavabım sərt oldu. Mənə belə üstünlüyün gərək olmadığnı bildirdim. Söylədim ki, cavablarımı ədalətlə qiymətləndirsəniz yaxşlıq etmiş olarsız. O, bəlkə də xoş niyyətlə demişdi, sadəcə fikrini çatdıra bilməmişdi. Fikri düzgün çatdırmaq da, səmimi davranış göstərmək də vacibdir. Mənə dörd  yazdı və ədalətli qiymət oldu. Qafqazdan yeganə ayrı millətin nümayəndəsi mən idim, xüsusən müsəlman olduğuma görə. Mənim professora bu cavabım instituta yayıldı. O gündən hörmətim daha da artdı, daha çox diqqət cəlb etdim. Prinsipi, öz mənliyi, xarakteri, əqidəsi, məntiqi olanları hər yerdə yüksək səviyyədə qarşılayırlar. Birinci kursa qəbul olanda gördüm ki, tələbə yoldaşlarımın  bilik səviyyələri məndəkindən daha çoxdur. Bu səviyyəyə çatmaq üçün bir saat oxumaq əvəzinə mən 5 saat oxuyurdum. Boş vaxtımı heç yerdə keçirməyib, ancaq kitabla təmas qurmuşdum. Başqa cür olsaydı, yüksək səviyyəyə qalxa bilməzdim. 

- Dostlarınızla necə yola gedirsiniz? 

- Mən dostluğa sadiq adamam. Dostlarımı olduğu kimi də qəbul edirəm. Bəzən kiminsə haqqında deyilir ki, çoxlu pis xasiyyəti var, onunla necə dostluq edirsən. Mən insanı bütün tərəfləri ilə qəbul edirəm. İndiyədək kimsə deyə bilməz ki, hansısa dostumdan küsmüşəm, elə hal olmayıb. 

- Əslində Belyayevin ruhu şaddır, onun nəsihətinə əməl edərək yaşayırsınız. Ancaq özü bütöv olan insanlar başqalarını necə var, elə qəbul etməyi bacarar. 

Verdiyiniz qiymətə görə çox sağ ol deməklə kifayətlənəcəm. 

Qeyd: (Əslində bu söhbətdən kifayətlənmək olmur. Professor İlham Rəhimovla ilk dəfədir belə yaxından təmas qururam. “Politika” qəzetində qonağımız olmuşdu, geniş müsahibə almışdıq. Sadəcə şəxsən rəhbəri olmadığım mətbu orqan idi. “Rupor” üçün aldığım müsahibədə yaşadığım zövq unudulmaz oldu. Universitetlər tez-tez belə şəxsiyyətlərin canlı mühazirələrini təşkil etsə, insanlığın durulması işinə böyük dəstək vermiş olarlar. Belə söhbəti dinləyən insan cinayətkar niyyətli ola bilməz. Onun törətdiyi pis əməl də, nəsə başqa amillərə dayanacaq. Əsas niyyətdir. Niyyətin paklaşması, əsrarəngiz mənzərə aça bilən fikir eşitmkdən, zəngin təsvirə malik kitab oxumaqdan, canlı tamaşaya baxmaqdan, gözəl musiqi dinlməkdən keçir. Saat 12:00-da görüşdük, saat 15:00-da ayrıldıq. Biri var ömürdən gedən anlar, biri var ömrə əlavə olunan vaxt. 3 saatı ömrümüzə azı 20 illik ömür çəkisində əlavə etdik. Müsahibəni yazmaq, yaymaq, ərk etdiyim adamlara oxutdurmaq, bəzilərinə oxumaq onların ömürlərinə əlavə vaxt göndərməkdir. “Payınız artıq olsun”. Deyin ki, günəş kimi fikir saçan müsahibələrimiz çox olsun). 
 
Ceyhun Musaoğlu 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN