booked.netbooked.net booked.net  

İki gün bundan qabaq mətbuatda belə bir xəbər getdi ki,  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən Şəhərə" layihəsi çərçivəsində Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.

Nazirlik bildirib ki, "Kənddən Şəhərə" Qurban bayramı yarmarkasının təşkilində əsas məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, onlayn xidmətlərdən istifadəni təşviq etmək və karantin rejimi ilə əlaqədar əhalinin sıx toplaşmasının qarşısını almaqdır.

Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən www.qurbanliq.kendden.az saytına daxil olaraq 16 iyul 00:00-dan 19 iyul 00:00-dək şəxsi məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn növbə götürə bilərlər.

Nə qədər gözəl, nə qədər gözəl!

Amma nazirliyin nəzərinə çatdırırıq ki, yuxarıda göstərilən sayt iki gündür işləmir, daha doğrusu, heç siftə eləməmiş işləmir. İndi biz binəvalar neyləyək, qurbanlığı necə sifariş edək? Onlaynsız gedəsən,qəssablarmı,polislərmi, yoxsa nazirliyin əməkdaşlarımı portaldan yoxlayacaqlar və “levi” gəldiyimizi biləcəklər və çox ehtimal ki, qoyun almağa da icazə verməyəcəklər və ola bilsin ki, hələ cərimə də eləsinlər!

Aydındır ki, koronavirusla əlaqədar dünyanın düzəni dəyişib. İndi hər şey onlayn metodu ilə,vəssalam.informasiya texnologiyaların qızğın inkişaf dövrüdür.Getdi o dövran ki, qəssaba yaxınlaşıb seçdiyin qoyunu göstərirsən, qiymətini razılaşırsan, pulunu verib aparırsan, ya da elə orda kəsdirirsən,təmiz ətini aparırsan. Basa-bas, adam çox, sosial məsafə gözləyən yox, korona da belə sıxlığı sevən zaddır.

Amma onlayın qurbanlıq sifariş etmək mədəniyyətdir, sivil metoddur və uca Tanrıya da səsi tez gedib çatır. Portalda adını,soyadını, babanın kim olduğunu, canım sənə desin, xaricdə olub-olmadığını və bir-iki başqa məlumatlar da daxil edirsən, satın almaq istədiyiniz qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyiniz portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyiniz zaman ödəyirsiniz. Bütün bu prosedurları yerinə yetirib təsdiq düyməsini basırsınız, vəssalam. Heç saniyələr keçmir,təsdiqiniz qoyunun qulağındakı çipə çatan kimi qoyun mələyir və sifarişiniz təsdiqlənir. Məlumat paralel olaraq qəssabın, nazirliyin əməkdaşlarının kompüter sisteminə daxil olur və bundan sonra heç kim sizin seçdiyiniz qoyunu ala bilməz... Nə qədər gözəl,nə qədər gözəl!

Mən nazirliyin bu onlayn metodunu alqışlayır və ümid edirəm ki, gələcəkdə bu metodu digər yerlərdə də tətbiq etmək lazımdır. Məsələn, aşura günü yaxınlaşır, həcc ziyarəti və s. Onlayn sifariş ver,sənin əvəzindən ağlasınlar, sinə döysünlər, onlayn həcc sifariş elə, evindən çölə çıxmadan hacı sertifikatını al... Nə qədər gözəl,nə qədər gözəl!

Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN