booked.netbooked.net booked.net  

Şəhadətindən 54 gün sonra tapılıb torpağa tapşırılan Vətən oğlu

Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor Peyğəmbər.

Mehmet Akif Ərsoy

Mən hər gün, günaşırı sübh çağı pəncərədən həyətə boylananda bir ananın şəhid balasının xatirəsinə tikilmiş bulağın ətrafını səliqə-səhmana saldığını, mərmər lövhəyə həkk edilmiş şəklin şüşəsini silib təmizlədiyini görürəm. Müqəddəs pir, ziyarətgah aurasındakı kimi ehtiyatla, duyğusallıqla toxunur bulağın hər daşına, detalına… Çox qısa - 24 illik vüsalından doymadığı, xeyli uzun – bir illik hicranından qovrulduğu övladını əzizləyir, üzünə, saçına sığal çəkir sanki… Vətənə qurban getməsi ilə bir evə, ailəyə, şəcərəyə mənsubluq çərçivəsini aşıb, bütöv ölkənin, xalqın əzizinə çevrilən gənc doğrudan da özündən sonra böyük bir qürur, dərs, nümunə, eyni zamanda da dağlar boyda həsrət, nisgil qoyub getdi. Mübarək nəşi də şəhidliyinin 54-cü günü tapılıb canından artıq sevdiyi doğma torpağa tapşırıldı.

Bəli, indi – erməni faşizmi üzərində tarixi Zəfərin ildönümü ərəfəsində, bu qələbədə payı olan igidlərimizdən biri, Rzayev Vüsal Tofiq oğlunun həyat yolundan söhbət açmaq istəyirəm.

Vüsal 1996-cı ilin 14 aprelində Şabran rayonunda dünyaya göz açmışdı. Sonra Rzayevlər ailəsi paytaxta köçdüyündən 2003-cü ildə 5 nömrəli litseydə ibtidai təhsilə başlayır. Orta məktəb illərində dərsləri ilə yanaşı, idmana da maraq göstərir, güləşlə məşğul olur. 2015-ci ildə Bakı Peşə Liseyini bitirir və iyulun 3-də həqiqi hərbi xidmətə çağırılır. Təlimdə çevikliyinə, fiziki göstəricilərinə görə fərqlənir, baş atıcı vəzifəsində peşəkarlığı, nizam-intizamı ilə seçilir, verilən tapşırıqları vaxtında dəqiq yerinə yetirir. Ən yüksək mövqe sayılan Koroğlu postunda erməni kəşfiyyatçıların yaxalanıb zərərsizləşdirilməsi məhz onun ayıq-sayıqlığı sayəsində baş tutur. Fəal döyüş qabiliyyətinə görə komandanlığın təşəkkürnamələri və Fəxri fərmanı ilə təltif edilir.

2017-nin yanvarına qədərki həmin ilyarımlıq zaman kəsiyi, xüsusən də müzəffər Aprel döyüşlərində iştirakı onsuz da genlərində Vətənə məhəbbət, düşmənə nifrət hissləri daşıyan Vüsalın dünyagörüşündə yeni səhifə açır. Lələtəpə, Cocuq Mərcanlı və digər strateji məkanların azadlığı sevincini yaşayıb, həqiqi hərbi xidmətini Murovda başa vursa da, qəlbinin dərinliklərində taleyini həmişəlik hərb sənəti ilə bağlamaq arzusu cücərir. Daha sonra müxtəlif sahələrdə, supermarketdə, çörək zavodunda çalışır, amma hərbçi olmaq, MAXE kimi Vətənin keşiyində durmaq istəyi bir an da olsa səngimir. Sənədlərini toplayıb müvafiq instansiyalara təqdim edir, lakin əks-hücum əməliyyatlarının başlanması arzusunun tam şəkildə həyata keçməsinə imkan vermir…   

Atası Tofiq Rzayev: “Vüsal çox qürurlu, soz götürməyi xoşlamayan, ilk baxışdan, kəlmədən nə demək istədiyimi anlayan uşaq idi. Təhsil aldığı və çalışdığı kollektivlərdə də tez gedib gec qayıdar, verilən tapşırıqların öhdəsindən lazımınca gələrdi ki, rəhbərliyin hər hansı iradı ilə qarşılaşmasın. Bütün bunlara görə də ona həmişə hörmətlə yanaşırdılar.

2020-ci il sentyabrın 21-də hərbi səfərbərliyə çağırıldı, altı günlük qısa təlim keçərək hərbi hissədən cəbhəyə yollandı, Füzuli rayonunun Kürdmahmudlu kəndində döyüşə qatıldı. Savaş meydanında şücaət göstərib, bir neçə məntəqənin düşmən caynağından xilasına böyük töhfə verdi. Hətta oltyabrın 8-də düşmən mühasirəsinə düşüblərmiş, 3 günlük ac-susuz mübarizə sayəsində blokadanı yarıb çıxmağı bacarıblar.

Oktyabrın 14-dən sonra ondan bir xəbər ala bilmədik. Ürəyimə dammmışdı ki, burada nəsə var, amma ümidimizi üzmür, soraqlaşmağı, axtarışı davam etdirirdik. Dekabrın 9-da şəhadət xəbərini aldıq (kövrəlir). Nə isə, Vətən sağ olsun, Allah bütün şəhidlərimizin məkanını cənnətdə qərar versin inşaallah!”       

Anası Zəminə xanım: “O hər işdə mənim köməkçim, sağ əlim idi. Alış-veriş edib çıxanda görürdüm dükanın qarşısında dayanıb. Novruz ərəfəsində, digər bayram tədarükündə şirniyyatların, yeməklərin hazırlanmasında köməyini əsirgəməzdi. Hərdən yuxuma gəlir, alnımdan öpüb gedir… Oyanıram, elə bilirəm Turaldı, çağırıram, yenə də dönüb baxıb uzaqlaşır…

Bəli, biz analar Vətənin dar günü üçün oğul böyüdürük, ən böyük təsəllim də Vüsalımın ən ali zirvədə - Şəhidlik məqamında qərar tutmasıdır. Amma bir şeyə təəssüflənirəm ki, evin darısqallığı üzündən onu evləndirə bilmədim (Gözləri dolur). Özü ailə qurmaq istəyirdi, gözaltısı da vardı, hər ay maaşını gətirib verirdi ki, üst-üstə yığım, qismət olmadı… Təki Vətən sağ olsun!”

Qardaşı Tural: “Çox mehriban, qayğıkeş, ailəcanlı qardaş idi. Uşaqlıqda bir qədər fərqli – mən daha çox çöldə, həyətdə, o isə otaq şəraitində oynamağa meyilli olsaq da, sonralar heç ayrılmazdıq. Ətrafda tez-tez dalaşıb küsüşən qardaş-bacılar bizim ünsiyyətimizə həsəd aparardılar. Dilimiz-sirrimiz eyni idi, düşündüklərini ancaq mənimlə bölüşərdi. Hərbi xidmətdən qayıdanda da işlədiyim müəssisənin qarşısına gəlmişdi. Bir gün kafeyə girib yemək sifariş elədim, istəyirdim qardaşımla birgə nahar edək. Fikirləşdim, yemək mövzusunda yubanacaq, zəng vurub təcili köməyinin gərəkliyini söylədim. Çaparaq, təngnəfəs özünü yetirdi, elə bilib, dava-dalaşdır, təklənmişəm, sonra uzun müddət bu hadisəni xatırlayıb gülürdük. İndi anam yuxuda gördüyünü danışır, amma elə vaxtlar olur, Vüsalı lap yanımda hiss edirəm: sanki məni arxadan qucaqlayır, çiynimin üstündən əlini uzadıb telefonumu qarışdırır və sair. Ondan ötrü çox darıxıram…”

Döyüş yoldaşı Elnur Məmmədov: “İlk gündən eyni bölükdə xidmət keçmişik. Rəhmətlik şəhidlərimiz Muxtar Qasımlı, Yusif Budaqov, Rəfail, Məzdək, Elgün də bizimlə idilər. Sentyabrın 27-də Füzulidə döyüşə girdik, oktyabrın 1-2-də Seyidəhmədli, Alxanlı, Qaraxanbəyli kəndləri istiqamətində qızğın savaş getdi. Vüsal oktyabrın 14-də Aşağı Seyidəhmədlidəki Betonluq deyilən erməni postunun üzərinə hücum zamanı şəhidlik məqamına yüksəldi, mən və taqım komandirimiz ağır yaralandıq. Heyf, çox sakit, ağıllı, mərd uşaq idi, daim cəbhədaşlarına kömək göstərirdi, heç nədən çəkinməyərək yaralıları güllə yağışı altından çıxarırdı. Allahın rəhmətinə qovuşsun! 

Müəllimi Mahir Ələsgərov: “Vüsal ilk növbədə yüksək nizam-intizamı ilə seçilirdi. Deyərdin, hərbi şərtlər çərçivəsində böyüyüb tərbiyə alıb. Tədrisə aid sualları, tapşırıqları da əhatəli şəkildə cavablandırmağa çalışırdı. Fiziki hazırlığı qənaətbəxş səviyyədəydi, idmanla məşğul olurdu. Lakin məktəbdə, sinifdə özünü çox humanist, təvazökar, başıaşağı aparırdı, zərrə qədər kiminsə xətrinə dəyməzdi. Sanki mələk idi, çöhrəsində ilahi nur vardı… İndi fikir verirəm ki, 3 min nəfər şəhidimizin (Allah hamısına behişt nəsib eləsin!) hər biri haqda belə danışılır. Elə bil, onlar seçilmişlər idi, mənəvi-psixoloji-əməli göstəricilərinə görə axtarıb tapıb bir yerə toplamışdın…”

Cəbhə dostu Kamran Vəlili: “Vüsal Rzayevlə ötən ilin sentyabrın 21-də təlim-toplanış məntəqəsində tanış olmuşam. Birlikdə Vətən müharibəsinə qatılmışıq, cəsarətlə döyüşür, vətənpərvərlik ruhu ilə coşub daşırdı. Ac qalanda bir peçenyəni böldüyümüz, səngərdə yağışın altında kürək-kürəyə söyənib dayandığımız vaxtlarda ondan bir narazılıq, şikayət eşitmədim. Çətinliklərə əsil kişi kimi sinə gərən, daim gülərüz, pozitiv insan idi. Bilirdim ki, Əhmədlidə yaşayır, düşmən üzərində qələbədən sonra hərbi hissəni birgə tərk edəcəyimizi demişdik… Şəhidlik hər adama qismət olmur, qəbri nurla dolsun!”  

...Ötən il dekabrın 10-da Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbirstanlığındakı Şəhidlər Xiyabanında böyük bir izdiham yaşanırdı. Rzayevlər, ailənin doğmaları, dostları, Xətai rayonunun sakinləri, rəhbər şəxslər igid oğulu uğrunda can verdiyi torpağa qovuşdurmaq üçün toplaşmışdılar. Lakin bu qələbəlik təkcə yerdə deyildi. Həmin gün reallaşan Zəfər paradına qatılan Azərbaycan və Türk şahinləri aydın səmamızda dövrə vurub üçrəngli bayrağımızı cızaraq Vüsala, bütün şəhidlərimizə ehtiram göstərir, müqəddəs ruhları salamlayırdılar.   

Rzayev Vüsal Tofiq oğlunun Vətən qarşısındakı təmənnasız xidmətləri dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. O, ərazi bütövlüyümüzün təmini uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Füzulinin azad olunmasında görə” medalları ilə təltif olunub.

Vüsalın və digər şəhidlərimizin ən böyük mükafatı isə təbii ki, canları, qanları bahasına düşmən tapdağından qurtulan, azad nəfəs alan, ölkə rəhbərinin qayğısı ilə dirçəldilən, yenidən qurulan Vətən torpaqlarıdır.

Şanlı ödülünüz mübarək, dostlar!

Qurban Məmmədov

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN