booked.netbooked.net booked.net  

Şamaxının Dağ Bağırlı kənd sakini Pərvizə Abdurreyimova 21 yaşlı oğlu Cabar Abdurreyimovun əməliyyatı üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Müraciətdə deyilir: “Oğlum anadəngəlmə ürək qüsurludur. Buna görə ona I qrup əlillik təyin olunub. Yataq xəstəsidir, adi bir stəkan suyu götürməyə belə gücü yoxdur. Həkimlərin dediyinə görə, ürəyində 5 deşik var. Ürəyinə gedən damarlar genişləndiyindən əli-ayağı əsir. Təcili əməliyyat olunmalıdır, ancaq pulumuz yoxdur. Mərkəzi Gömrük Hospitalında oğlumu müayinə ediblər, orada əməliyyatı həyata keçirəcək güclü həkimlər də var. Ancaq bizim bu əməliyyatı qarşılamağa gücümüz çatmır. İnanın, müayinəyə belə borc-xərclə getmişik. Uşağın vəziyyəti getdikcə daha da pisləşir. Əlimizdən heç nə gəlmir, bu da bizi çox üzür. Xahiş edirik, bizə kömək edin. Oğlumun əməliyyatına dəstək olun".

Qeyd edək ki, P.Abdurreyimova oğlunun əməliyyatını millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudovun etməsini istəyir. Deyir, bəlkə də həkim pulsuz əməliyyat edər, ancaq xəstəxana xərclərini belə qarşılayacaq maddi imkanları yoxdur: “Gözümüzün qabağında övladım hər gün daha da pisləşir. Tez-tez boğulması olduğundan nə gecə, nə gündüz yata bilir. Biz də başının üstündə dayanırıq. Vallah, bu vəziyyətə dözmək olmur”.

P.Abdurreyimova bildirir ki, Cabarı sonuncu dəfə həkimə aparanda onları ümidləndiriblər: “Bizə dedilər ki, onun əməliyyatı mümkündür. Ancaq o əməliyyat üçün lazım olan pul bizdə yoxdur”.

Ana düşünür ki, övladı olanlar onu yaxşı anlayar: “İndi bir də çarəsi olduğunu bilirik axı. Çarəsi olduğu halda, onun əziyyət çəkməsinə dözmək lap çətindir. Təəssüf ki, biz imkanlı ola bilmədik. Təsərrüfatla ailəmizi güclə dolandırırıq. Qohumlarda, tanışlarda da elə imkanlı insan yoxdur ki, ona ağız açaq. Cənab Prezident, tək çarəmiz sizsiniz, mənə kömək edin”.

Pərvizə Abdurreyimova bildirir ki, onun nəinki əməliyyata, heç Bakıya getmək üçün tutacaqları maşının pulunu ödəməyə də imkanları yoxdur: “İndiyə qədər çox yerlərə müraciət etmişik. Əslində rayon xəstəxanasının həkimlərinin günahı yoxdur. Ürək əməliyyatıdır, burda o imkan yoxdur. Yalnız Bakıdakı böyük, bahalı klinikalarda mümkün olar. Elə biz də xahiş etdik, bizim üçün araşdırdılar və dedilər ki, bu iş üçün ən yaxşısı Rəşad Mahmudovdur. Biz çox istəyirik ki, oğlumuzu millət vəkili rəşad mahmudov əməliyyat etsin. Bizi bu dərddən qurtarsın. Ömrümüzün sonunacan ona minnətdar olarıq. Təki bizim uşağımızı əməliyyat etməyi boynuna götürsün. Həm də istərdik ki, Prezidentimiz və Mehriban xanım bizə kömək etsin”.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN