booked.netbooked.net booked.net  

Musa Qasımlı: "Mən həmişə haqqın tərəfindəyəm"

"Vaxtilə Yardımlının problemlərinə susmayan bir deputatımız vardı - Sabir Rüstəmxanlı. İndi isə onun dilə gətirdiyi problemlərdən rayonumuzun hazırkı deputatı Musa Qasımlı narahatlıq keçirir. Sən demə, Musa Qasımlı biz seçicilərini yox, Yardımlının icra başçısı Ayaz Əsgərovu və onu ətrafındakıları daha üstün tutur. Məgər belə olmalıdır?! Millət vəkili parlamentdə oturub bizi müdafiə etmək əvəzinə, haqqın yanında deyil, Yardımlıdakı rüşvətxor məmurların yanındadır".

Bunu Yardımlı sakinləri yazır. Müraciət müəlliflərinin bildirdiyinə görə, Musa Qasımlı dəfələrlə Milli Məclisin tribunasından rayonun icra başçısını və müavinlərini tərifləyib. Yardımlı sakinləri hesab edir ki, deputat M.Qasımlı ya rayonda baş alıb gedən özbaşınalıqlardan xəbərsizdir, ya da icra strukturu ilə birgə xoşagəlməz olaylara şərikdir.

Seçiciləri deputatı Yardımlının problemlərinə biganə qalmaqda, problemlərin həllinə göz yummaqda suçlayırlar: “Yardımlı rayonunun girişindən İran sərhədinə qədər bütün yolların bərbad vəziyyətdə olması niyə deputat Musa Qasımlını maraqlandırmır? Niyə bu gün sosial şəbəklərdə fəryad edən seçicilərinin problemlərini həll etmək üçün heç bir cəhd etmir? Amma başçı haqqında mətbuatda gedən haqlı tənqidi yazılara dözə bilmir və ona qəhmər çıxır. Lakin seçicilərinin problemləri ilə bağlı susur. Onun bu mövqeyini necə başa düşək? Kəndlərin və dağıdılmış şəhərimizin problemləri və ordakı sakinlərin üzləşdiyi haqsızlıqlar onu heçmi narahat etmir?" - deyə sakinlər narazılıqlarını bildirirlər.

Şikayətçi seçicilərin yazdıqlarından məlum olur ki, icra başçısı Ayaz Əsgərov və müavini Azər Xamıyev 30 icra nümayəndəsini hər il məcbur edirlər ki, vətəndaşlara öz vəsaitləri hesabına yardım etsinlər. Eləcə də 30 kəndin icra nümayəndəsi məcbur edilir ki, öz hesablarına tütün əksinlər, xalqa iş versinlər. Tələbi yerinə yetirməyən icra nümayəndəsi işdən qovulmaqla hədələnir.

Musa Qasımlını icra başçısının müdafiəçisi olmaqda günahlandıran seçiciləri rayonun ağır şərtlər altında inildədiyini qeyd edirlər. Deputatdan Yardımlıda bağlı qalan uşaq bağçaları və məktəblərlə maraqlanmasını tələb edirlər. 

Sakinlərin müraciətində xüsusilə bildirilir ki, rayonda əhali arasında qocalma prosesi aparılır. İşsizlik gənclərin kütləvi şəkildə rayonu tərk etməsilə nəticələnib. Eləcə də yaşı 65-dən yuxarı olan şəxslərin, eləcə də məmurların qalıb işləmələri gəncləşmə siyasətinin də qarşısını alır. Yardımlı Rayon İcra Hakimiyyətində də qocalma prosesinə marağın olduğu bildirilir.

Sakinlərin təqdim etdikləri siyahıda deyilənlər təsdiqini tapır. Belə ki, Yardımlı İHB-də Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş şöbəsinin müdiri İmanov Zakir Qaraxan oğlunun, İctimai-siyasi və Humanitar Məsələləri şöbəsinin müdir müavini Əsgərov Mirqiyas İmran oğlunun və Hamarkənd Ərazi Nümayəndəsi Qasımov Vahid Cəfər oğlunun 70 yaşı var. Sonuncu məmur isə məhz Musa Qasımlının yaxın qohumu olduğu bildirilir.

Müraciətin qalan hissəsində də sosial-iqtisadi problemlər qabardılır, deputatın rayon sakinləri ilə dərindən maraqlanmasının vacibliyi vurğulanır.

Şikayətlə bağlı deputat Musa Qasımlı ilə telefon əlaqəsi saxlayıb, münasibətini öyrəndik: "Bu müraciətin kimin sifarişi ilə yazıldığını bilirəm. Ona görə də süalınızı bir kəlmə ilə cavablandırıram. Mən həmişə haqqın tərəfindəyəm".

P.S. Qeyd edək ki, sözügedən müraciətlə əlaqədar "Təzadlar"a münasibətini bildirən deputat Musa Qasımlı həm də özünün "Facebook" səhifəsində status yazıb: "Əziz dostlar! Son vaxtlar bəzi saytlarda haqqımda verilmiş yazı ilə əlaqədar olaraq bildirirəm ki, mən daim haqq-ədalətin yanında olmuşam, yanındayam və gələcəkdə də olacağam. Əgər seçicim haqlıdırsa, onu müdaiə etmişəm və edirəm. Haqlı olmayan məmuru müdafiə etməmişəm və edə bilmərəm. Mövqeyim aydın, konkret və birmənalıdır. Bütün media nümayəndələrinə dərin hörmət və ehtiramımı bildirirəm".

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN