booked.netbooked.net booked.net  

Jalə ana: “Avtobusda küncə qısılıb yatan gəncə “bu gənclər necə qabiliyyətsizdi”, -demişdim, necə də səhv eləmişəm. İndi gözünü yumub mürgüləməyə vaxtın varmi, əziz əsgərim?  Soyuqdurmu sənə, yorğunsanmı, gözəl balam?”

...44 günlük qələbəmizlə başa çatan II Qarabağ savaşında Ordumuz elə bir tarix yazdı ki, elə tarix boyu da xatırlanacaq. Bu döyüşdə dünənə qədər qayğısız gəzən, küçədə, parkda deyib- gülən gənclərimiz düşmənin başına elə od ələdilər, elə qəhrəmanlıq göstərdilər ki, ermənilər hələ də Azərbaycan əsgərinin cəsarətindən, qorxmazlığından, hətta ölməzliyindən vahimə içərisində danışır.

 Bu günlərdə elə 44 günlük II Qarabağ savaşında iştirak etmiş, hazırda Texniki Universitetin tələbəsi olan oglumun bir işi ilə bağlı Universitetin rektoru, professor, əməkdar elm xadimi, döyüşçü tələbələrə inanılmaz dərəcədə həssaslıqla yanaşan Vilayət Vəliyev görüşümüz zamanı belə qəhrəman gənclərdən danışarkən çox maraqlı bir məqamı xatırlatdı: “Bizdə nəqliyyat fakültəsinin tələbələri bir az ərköyün, şıltaq, ipə-sapa yatmayan, nizam-intizama o qədər də əməl etməyən olurlar. Amma II Qarabag savaşı zamanı könüllü döyüşə gedən ən çox bu fakültənin tələbələri oldu...”

 Bəli, II Qarabağ savaşında xalqımıza tarixi Zəfər qazandıran belə gənclərimiz hələ uzun illər özlərindən sonrakı gənclərə örnək olacaqlar.   

 44  günlük döyüş zamanı xalqımızın dəmir yumruq kimi birləşməsi, düşmən üzərində qələbə qazanmağımızda böyük rol oynadı. Döyüşçülərəmizə maddi və mənəvi dəstək vermək üçün hamı bir nəfər kimi əlindən gələni əsirgəmədi. Jalə adlı bir ananın isə döyüşlər zamanı qəhrəmanlıqlar göstərən gənclərə ünvanlanmış, olduqca təsirli bir məktubu bu günlərdə sosial şəbəkələrdə yayılıb. Bütün döyüşçü əsgərlərə öz balası kimi yanaşan Jalə ananın ürəkləri riqqətə gətirən, göz yaşısız oxunması mümkün olmayan və kiçik də olsa,  böyük bir sənət əsəri sayılan həmin məktubu “Təzadlar”ın oxucularına da təqdim etmək istədim.

Jalə ananın döyüşçü əsgərə məktubu

Salam, mənim əsgər balam. Bu məktubu sənə tanımadığın bir ana yazır. Jalə anan. Bəli, sən bu dəqiqə təkcə öz ananın yox, hamımızın balasısan. Sənə dua eləyirik, səni sağ salamat gözləyirik. Amma bu gün sənə yazdığım bu məktub özümün özümə etirafım, sənə isə üzr naməmdir. Səhər yenə də müharibə mövzusunda olan materiallara baxıb, çox ağladım. Bu məktubu da sənə ağlayaraq yazıram... Başa düşdüm ki, mən səni heç tanımamışam. Buna görə səndən üzr istəyirəm, əsgərim.

İndiki gənclərdə Vətən sevgisi, Vətən eşqi yoxdur,- deməklə nə qədər yanılmısammış, sən ki, əsl QƏHRƏMANSAN. İndiki gənclər sırtıqdır, -demişdim. Sənin üzündəki indiki təbəssüm isə, heç yüz ilin ahılında belə yoxdur. Metroda qapaz-qapaz oynayib, bir- birinizi itələdikcə, “vay-vay, hara gedir bu gənclik” demişdim, amma çox səhv eləmişəm. Sən demə sizin növbəti stansiyanız QARABAĞ imiş. İndi metro da yoxdur, indi sizsiz hər yan sakitlikdir. İndi küçələrdən şaqraq səsiniz gəlmir...

Avtobusda küncə qısılıb yatan gəncə “bu gənclər necə qabiliyyətsizdi”, -demişdim, necə də səhv eləmişəm. İndi gözünü yumub mürgüləməyə vaxtın varmi, əziz əsgərim?  Soyuqdurmu sənə, yorğunsanmı, gözəl balam? Sevdiyin qızın boynuna qolunu dolayanda “abırsızlıq baş alib gedir”, -demişdim, necə də səhv eləmişəm. Indi küçədə qəmli gedən hər qızın sevdiyi yəqin cəbhədədir- deyə düşünürəm.

Sağ-salamat qayıt, ƏSGƏRİM. Gəl ki, metrolar açılsın, gəl, yenidən o basabasda adi bir xırda şeyə qəhqəhə çək. Gəl, sevdiyin qıza nişan aparaq. Gəl, toyunu edək. Gəl ki, gülsün bu VƏTƏNİN üzü. Gəl ki, Anan sevinsin. Gəl ki, mən də bu statusu buradan pozum...

Jalə Əliqızı

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN