Tanınmış araşdırmaçı naşir Nəzir Əhmədli görkəmli dövlət xadimi Heydər Əliyevin babaları ilə bağlı maraqlı araşdırmasını paylaşıb... N.Əhmədli yazır: "...Heydər Əliyevin babaları 1820-ci illərdə Naxçıvanlı Kəlbəli xanın zülmündən qaçıb Qarabağlı Mehdiqulu xana pənah aparıblar, 1822-ci ildə onunla İrana gediblər, 1827-ci ildə onunla İrandan qayıdıblar və yeni yurd salaraq adını Cavanmərdli (sonra adı Comərdli şəklini alıb) qoyublar. 1918-ci ildə Andranikin Zəngəzurda törətdiyi qırğınlar zamanı 100 il əvvəl tərk etdikləri Naxçıvana qayıdıblar. Mənim üçün maraqlıdır: Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbov Naxçıvanda Kəlbəli xan üçün muzey açdırıb, R.İvanov adında rus müəllifinə Kəlbəli xana tərif dolu bir kitab yazdırıblar, ak.İ.Həbibbəylinin ön sözü ilə həm rus, həm də Azərbaycan dilində nəşr etdiriblər. Bu məsələ tarixi bilməməkdən irəli gəlir, yoxsa ortada ayrı mətləb var?". 
 Müəllif sual doğuran məsələlərə də aydınlıq gətirib. Məlum olur ki, rəsmi mənbə "Qarabağ əyalətinin təsviri. 1823-cü il"./ N.Əhmədli.Zəngəzur mahalının kameral təsviri. 1832-ci il. Bakı, 2021-dir.
Bəs babalar Naxçıvanın hansı kəndindən Qarabağa pənah aparıblar? Müəllif yazır ki, "Hansı kənddən getdikləri məlum deyil, amma Naxçıvandan gediblər. Qarabağlı Hacı Ağalar bəy in təşkilatçılığı ilə gediblər. babaları Cavanmərd və Məhəmməd qardaşlarına qədər məlumdur. "Zəngəzur qəzasının kameral təsviri.1874-cü il" (Bakı, 2021) kitabımda şəcərələrini vermişəm...".
N.Əhmədli "comərd" sözünün mənasına da aydınlıq gətirib. Sitat: "...Mən o adamların rəsmi sənədlər əsasında şəcərəsini çap etmişəm. Cavanmərd və Məhəmməd qardaşdırlar. Məhəmmədə "Alagöz Məhəmməd" deyirmişlər. H.Əliyevin ulu babası odur. Cənubi Azərbaycan məsələsi də istisna deyil, çox güman ki, Naxçıvana cənubdan gəliblər. Belə şəxslər çox olub. Oradan da Qarabağa gediblər... Naxçıvanda siyasi hakimiyyət Kəngərli xanlarına, hərbi hakimiyyət isə tarixən kəngərli bəy nəslinə məxsus olub. Kəngərli bəyləri billici tayfasına mənsubdurlar. Ən tanınmış nümayəndələri Kərim Sultan, Lütfəli Sultan, Novruz ağa, Şahbaz ağa və başqalarıdır. Soyad götürən zaman onlar "Kəngərlinski" soyadını götürüblər, xan nəsli isə yekəxanalıq edərək onlarla eyni soyadı daşımamaq üçün "Naxçıvanski" soyadını götürüblər".
Bütün hallarda rəsmi mənbələrə söykənən maraqlı araşdırmalarına görə müəllifə təşəkkür düşür.
A.Məmmədli