booked.netbooked.net booked.net  

 "Təzadlar"ın baş redaktoru Asif Mərzilinin "Azərbaycan ordusu erməni quldurlarının bazalarını belə məhv etdi" yazısı Türkiyənin https://anadoluyakasihaber.com saytında yayımlanıb...

Yazıda bildirilir ki, "...Ermənistanın hərbi-siyasi rəhbərliyinin əməllərinin nəticəsidir ki, Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi antiterror əməliyyatı baş verdi… Və nəticədə terrorçulara məxsus hərbi avtomobil və komanda bazası, sursatlar və s. məhv edilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi dünən məlumat və görüntülər yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) Sarıbaba yüksəkliyi yaxınlığında erməni silahlılarına zərbə endirib. Bundan başqa daha bir əməliyyatla, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus şəxsi heyətlə dolu sığınacaq vurulub. Əməliyyat zamanı erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Həmçinin Azərbaycan ordusu Laçında anti-terror əməliyyatı keçirib, rayonun Sarıbaba, Əvəşti, Narinçilar kəndləri, Turşsu kəndi ətrafında Yumrudaş, Qovşaq qayalıqları şanlı ordumuzun nəzarətinə keçib...".

Yazıya Azərbaycan Müdafiə Nazirliyinin Laçın bölgəsində erməni quldurlarına qarşı həyata keçirdiyi antiterror əməliyyatını əks etdirən vidematerialı da əlavə edilib. Xatırladırıq ki, Asif Mərzili "anadoluyakasihaber.com" saytının köşə yazarı və portalın Azərbaycandakı səlahiyyətli nümayəndəsidir.

 

Onu da deyim ki, «Təzadlar»ın Türkiyə mediası ilə əməkdaşlığı xeyli müdddətdir vardır. Türkiyədə tanınmış imza sahibi olan Salih KURT ilə əməkdaşlıq sayəsində Azərbaycanın 2020-ci ilin sentyabrın 27-də erməni işğalçılarına qarşı başladığı hərbi əməliyyatlar dövründəki hər bir qələbə xəbərlərini Türkiyə mediasında yayılmasını təmin edirdik. «Təzadlar»dan göndərilən hər bir xəbər Türkiyənin müxtəlif saytlarında, eləcə də Salih KURT-un sosial platformalarında yayımlanırdı. Azərbaycanın dövlət və ictimai maraqlarına xidmət edən bu xəbərlər müntəzəm olaraq qardaş ölkə ictimaiyyətinə çatdırılırdı.

Onu da qeyd edim ki, Salih KURT həmin xəbərləri ingilis, ərəb və fransız dillərinə tərcümə edərək müxtəlif əcnəbi dilli elektron mediada yayılmasında bizə lazımi köməyini əsirgəmirdi. Hətta ermənilər onun facebook səhifəsini şikayət əsasında bir müddət dondurmuşdular. Bunlara baxmayaraq Salih KURT daha böyük əzmkarlıqla Azərbaycanın maraqlarına xidmət edən xəbərləri paylaşmaqda davam etmişdir. Onunla əməkdaşlıqda qarşılıqlı informasiya mübadiləmiz bu gün də davam edir. 

Yeri gəlmişkən, maraqlı informasiyalar olanda Azərbaycan oxucularının marağını nəzərə alaraq həmin məlumatlar bizim oxucuların da diqqətinə çatdırılır. Məsələn, təkcə Türkiyə üçün deyil, türk dünyası və bəşəriyyət üçün terror təhlükəsinin müəllifi olmuş Abdullah Öcalanı yaxalama əməliyyatında girov düşüb işgəncələrə məruz qalmış Salih KURT «Təzadlar»a 22 il sonra Türkiyə Milli Müdafiə Nazirliyində aşkarlanmış bir sirri danışdı… Qısa olaraq deyək ki, Salih Kurt 1997-1998-ci illərdə Türkiyə Baş Nazirliyinə terror başçısı Abdullah Öcalanın Suriyadakı yerini bildirmiş və ilk həbs qrupunun toplanmasında mühüm rol oynamışdır. Salih Kurt həm də 1998-1999-cu illər arasında Baş Nazirliyin Terrorla Mübarizə üzrə Yüksək Məsləhət Şurasının üzvü vəzifəsində çalışıb (5188 Çavuş rütbəsi ilə). O, Öcalanın yaxalanma əməliyyatı zamanı girov düşüb və ağır işgəncələrə məruz qalıb… Sonralar səhhətinin pisləşməsi səbəbindən 2009-cu ilə qədər müalicə olunub və bu günədək- 22 ildir haqqını tələb edir, amma müəyyən səbəblərdən bəzi dairələrdə buna imkan verilmir. Bəs buna səbəb nədir? Niyə Öcalan kimi terrorçunun yaxalanmasında xidməti olan, bu yolda ağır işgəncələrə məruz qalan bir şəxsə qarşı ədalətsizlik edilsin? Yoxsa hansısa bir gizli əl öz işinimi görür???

 Beləliklə, Öcalanın həbsində rolu olan şəxsin dindirilmə və işgəncəyə məruz qalmasına dair   hesabatlarda onlarla şahidin ifadəsinə baxmayaraq, bunlar 22 ildir bütün rəsmi orqanlardan, Türkiyənin DGM məhkəmələrindən və xüsusi səlahiyyətli prokurorlardan gizli saxlanılmış, nəhayət, poçtla  Türkiyə Prezidentinin Aparatına göndərilmişdir. Bu barədə Salih KURT «Təzadlar»a açıqlamasında bildirdi. İnanılmazdır, 2005-ci və 2012-ci illərdə müsadirə edilərək götürülmüş bəzi elektron materiallar (kompüterlər və sərt disklər, işgəncə sənədləri və fotoşəkillər xüsusi səlahiyyətli prokurorlar və Türkiyə DGK məhkəmələrinin birgə əməkdaşlığı sayəsində yalnız 22 ildən sonra Milli Müdafiə Nazirliyinin arxivində tapılmışdır. Məlum olur ki, işgəncə qurbanı, işgəncədən sonra 1,5 il müddətində 7 xəstəxanada müalicə almış Salih KURT üçün xəstəxana qeydlərində işgəncə faktının olduğu açıq-aşkar görünsə də, sonda ona haqqının qazanılmasına mane olunmuşdur. Qartal Anadolu Ədliyyəsinin xüsusi səlahiyyətli prokurorunun 2018-ci il tarixli,  41762 saylı istintaq materiallarını təhlil edərək verdiyi rəsmi sorğusuna aldığı rəsmi cavabında da xəstəxanadan işgəncə qurbanının nə müalicə aldığı xəstəxananın adı, nə də işgəncəli rəftarın olmadığı bildirilib. Hətta Baş Qərargah polkovniki Məsud Çətinin imzaladığı 13.09.2000-ci il tarixli, 10848 saylı xəstəxana qeydlərindən də açıq şəkildə görünür ki, işgəncə faktları nə dərəcədə olmuşdur. Arayışda bir çox şahidlərin, eləcə də şahid M.Tokurun da dediyi kimi, daxil olarkən işgəncə qurbanının ağır qanaxmaları (yaralı) olduğu aydın görünür.

Daha bir vacib məqam: hətta Ankara GATA Gülhanə Hərbi Tibb Akademiyasının torakal cərrahiyyə reanimasiya şöbəsində müalicə alarkən Salih KURT-a sui-qəsd cəhdi də edilib.

***

 Salih KURT bizimlə söhbətində maraqlı bir məqama da toxundu. Qeyd etdi ki, o, bu günədək haqqının tanınmasında və Öcalanın yaxalanması zamanı məruz qaldığı işğəncə faktlarını aidiyyəti dövlət qurumlarına sübut etməkdə olduqca çətinlik  çəkib. Və bununla bağlı ötən zamanlarda bir neçə dəfə Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edib. Sonuncu dəfə Prezidentlə təkbətək görüşəndə və bu məsələni söyləyib kömək edilməsini rica edəndə cənab Prezident Ərdoğan hansısa hesabatın belə ortada olmamasına baxmayaraq, “Narahat olmayın, Sizi çox gözlətməyəcəyik”, -deyib. 

 Beləliklə, Öcalanın həbsi əməliyyatları ilə bağlı olan sirlər 22 il sonra Türkiyə Milli Müdafiə Nazirliyinin arxivində tapıldı. Deməli, ortaya çıxarılan hesabatların açıqlanmasının ardınca  Prezident Rəcəb Tayyib Ərdoğanın verəcəyi qərar olduqca maraq doğuran mövzu olacaq. Axı necə ola bilər ki, Türkiyəmiz, bütövlükdə türk dünyası və bəşəriyyət üçün təhlükəli terrorçu olan Öcalanın tutulması əməliyyatında ziyan çəkmiş, işğəncələrə məruz qalmış bir şəxsin sənədləri dövlətdən və cəmiyyətdən 22 il gizli saxlanılsın?! Bunun arxasında kimlər durub??? Maraqlı deyilmi???

Salih KURT söz verdi ki, bu araşdırmanın nəticəsini «Təzadlar»ın oxucularına da çatdıracaq.

Beləliklə, Azərbaycanın dövlət və ictimai maraqlarına xidmət edən informasiyaların Türkiyə mediasında yayılması üçün qardaş ölkənin tanınmış yazarları ilə əlaqələrimizi möhkəmlətməyik.

A.MƏMMƏDLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.4)

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN