Milli Məclisin deputatı Fazil Mustafanın mətbuata açıqlamasında Gürcüstanda keçirilən Aşura yürüşü ilə bağlı səsləndirdiyi fikirlər Gürcüstanda birmənalı qarşılanmayıb.

TEZADLAR.AZ xəbər verir ki, Gürcüstanda yaşayan azərbaycanlı fəallar deputatın işlətdiyi ifadənin özlərinə qarşı təhqir olduğunu və səslənən iddiaların heç bir əsasının olmadığını deyiblər.

24News.ge xəbər portalına yazılı məlumat verən "Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi"nin (UGMADİ) sədri Mirtəqi Əsədov, Azərbaycan parlamentindən yetərli qədər diqqət gözlədiklərini bildirib. Seyid Mirtağı Əsədov qeyd edib ki, yaxşı olar ki, Fazil bəy gəlib bizim problemlərlə maraqlana, onları hökumətə çatdıra. O, həmçinin bildirib ki, Borçalıda builki Aşura mərasimi hər il olduğu kimi keçirilib: "Ənənəvi qaydada kənd, şəhər məscidlərində məclislər olub, ehsanlar verilib. Marneuli bazarında, Tiflisdə, yol kənarlarında ənənəvi ehsan süfrələri təşkil olunub və Marneulidə ənənəvi Tasua yürüşü keçirilib. Bu, qədim ənənədir, dədə-babadan bizim insanlar bu yürüşü keçirir. Hətta evlərdən qəbiristanlığa yürüş olur. Bu yürüş və mərasimlər bizdə hələ sovet dövründə, ciddi qadağaların mövcud olduğu dövrdə keçirilib”. Yürüşdə keşişin iştirakı və buna görə ona pul verilməsi iddiasına gəlincə, M.Əsədov deyib ki, keşiş Malxaz Sonqulaşvili Gürcüstan Baptist Yevangelist kilsəsinin baş yepiskopudur: "O, Gürcüstanda hüquqları tapdanan insanları dəstəkləyir, onlarla həmrəylik nümayiş etdirir, eyni zamanda digər dini icmalarla yaxından əməkdaşlıq edir. Malxaz Sonqulaşvili Oksford Universitetinin doktorantı olub, Kembric Universitetində dərs deyib, Gürcüstanın İlya Universitetinin professorudur. O, hər zaman Gürcüstanda haqsızlığa etiraz etmiş, hüququ pozulanların yanında dayanmış bir şəxsdir. Artıq neçə ildir bizim Tasua yürüşlərində iştirak edir. Biz də təşkilat olaraq onların dini mərasim və tədbirlərində iştirak edirik. Bizim inancımız budur ki, İmam Hüseyn bir dinin, məzhəbin, ümmətin deyil, insanlığın dəyəridir. Ümum bəşəri dəyərlərdəndir o. İmam Hüseyn haqsızlığa qarşı çıxıb, zülmə baş qaldırıb. Malxaz Sonqulaşvili ölkəmizdə haqsızlığa qarşı çıxanlardandır. Ona görə də o, İmam Hüseyni tanıyır, ona dəyər verir. Elə bu səbəbdən hər il olduğu kimi bu il də bizim mərasimlərə qatıldı, çıxış edib İmam Hüseyn (ə) haqqında yüksək fikirlərini söylədi. Sonqulaşvili Dohada (Qətər) “Sülhə xidmət” mükafatı alıb, Tiflisdəki kilsəsinin həyətində məscid və sinaqoq inşa etdirir. Yəni bu adamın qayəsi “İbrahimi (səmavi) dinləri” bir arada görməkdir, bunun üçün çalışır. Həmçinin 44 günlük müharibə dövründə Kilsəsində “Ədalətli Sülh” üçün dua mərasimləri təşkil etdi, biz də qatıldıq. Erməni kilsəsinin keşişi bircə həftə qatıldı, o biri həftələri qatılmadı. Çünki dini ayinin adı, “Ədalətli Sülh”-ə dua idi. Dua mərasimi müharibə bitənə kimi davam etdi. Belə bir adamı kimsə ələ ala, təsir göstərə bilməz. Gürcüstanda bizə, eləcə də müsəlmanlara qarşı təzyiqlər olanda o, hər zaman bizim yanımızda olub. O, əmrlə işləyən şəxsiyyət deyil”. Mirtağı Əsədov deyib ki, Borçalıda heç bir zaman Azərbaycana qarşı, Azərbaycan əleyhinə hər hansı fəaliyyət olmayıb və ola da bilməz: “Fazil Mustafa iddia edir ki, burada Azərbaycana qarşı fəaliyyət aparanlar var. Burada Azərbaycana qarşı olan heç bir qüvvə yoxdur. Hər hansısa tənqidi fikirləri düşmənçiliyə yozmaq olmaz. Bizim xalq hər zaman Azərbaycana məhəbbətlə yanaşıb, sevincinə sevinib, kədərinə kədərlənib, şad günüdə və dar günündə onun yanında olub. Məsələn, 20 yanvar hadisələri zamanı Gürcüstan azərbaycanlıları ruhanilərimizin və ağsaqqallarımızın təşəbbüsü ilə 37 yük maşını yardım və 1,5 milyon rubl pul toplayıb Bakıya göndəriblər. Fazil Mustafanın danabaş kəndinə bənzətdiyi Həmin Borçalı, Birinci və ikinci Qarabağ müharibəsində 20-dən artıq şəhid verib. Burda, meydandakı insanlar bu günədək Azərbaycanı hər tərəfli dəstəkləyib. Burada son Qarabağ müharibəsi Azərbaycanı dəstəkləyənlər də bizim insanlar, elə həmin “Ya Hüseyn, ya Əli” deyənlər idi. Şəxsən biri də elə mən özüm idim. İndi o, kimdən bu haqqı alıb bizə qarşı belə hörmətsizlik edir? Gürcüstan azərbaycanlılarının hər zaman üz tutduqaları yer Azərbaycan olub. Hər zaman bir çətinlik olanda gözlər digər ölkələrdə deyil, Azərbaycanda olub. Amma təəssüf ki, bu günə qədər bu cür tənəli sözlərdən və zərər-ziyandan başqa bir şey görməmişik. Fazil bəy inanclı bir insandır, yaxşı bilir ki, şəhadət məktəbi İslamdan gəlir. İmam Hüseyn (ə) bizim dəyərimizdir, həm də vaz keçilməz dəyərimiz. Onu qoruyacağıq. Bu, Allahın vədidir. Ümumiyyətlə, Fazil Mustafanın danışıqlarını çox görmüşük. Təəssüf ki, dinlə bağlı çıxışlarında həmişə olduğu kimi bu dəfə də milli yox, məzhəbçi baxışdan çıxış edir. Bəyəm bu yeni bir şeydir? Biz nə edirik ki, Peyğəmbərin (s) balasına, Əhli-Beytinə məhəbbətimizi izhar edirik. Bu, yeni bir hadisə deyil axı. Fazil bəy, parlamentdə oturub, insanları barışığa, sülhə dəvət etməlidir, nə üçün bu cür nifrət və düşmənçilik yaradan fikirlər səsləndirir? Ola bilər ki, kimlərsə hansısa səhv edib və ya cinayət törədib, bu o demək deyil ki, biz onlara görə Aşuradan imtina edək. Biz Gürcüstanda haqqı tapdanan insanların müdafiəsindəyik, biz çoxluğun dini basqısı altındayıq və buna rəğmən özümüzü, haqlarımızı müdafiə edirik. Şəxsən mən neçə illərdir ki, dini və milli haqlarmız uğrunda, Dövlət qurumları və Gürcü Kilsəsi ilə məhkəmələrdə vuruşuram, birdəfə belə olsun Azərbaycan və Fazil bəydən dəstək, himayə görmədim. Fazil Mustafa indiyədək Gürcüstan üçün şəxsən nə edib ki, uzaqdan göstəriş verir? Yaxşı olar ki, Fazil bəy gəlib bizim problemlərlə maraqlana, daha sonra bu problemləri Gürcüstanda və Azərbaycan parlamentində qaldıra”. Təşkilat sədri deyib ki, Azərbaycan parlamentinin üzvünün Gürcüstandakı həmvətənlərinin dini ayinlərini, inancını hədəfə alması onları narahat edir: “Gürcüstan azərbaycanlıları hər zaman öz dəyərlərinə sahib çıxıb. Onu qoruyub, yaşadıb. Bu, bizim illərdir qoruyub saxladığımız dəyərlərimizdir. Peyğəmbər Əhli-Beytini sevmək hansısa ölkənin siyasəti və ya ixrac etdiyi ideologiya deyil, bizim min illik yaddaşımıza hopmuş dəyərimizdir. İmam Hüseynə matəm tutmaq və Aşura mərasimini dəstəkləmək, bütün dünya azərbaycanlılarının milli-mənəvi tarixinin ayrılmaz parçasıdır. Bunun altını cizgiləyərək, vurğulamaq istəyirəm ki, burdakı azərrbaycanlıların milli kimliyini qoruyan da elə bu cür ənənələrdir. Onlara qarşı çıxmaq tarixi yaddaşımızı siləcəkdir. Bu tədbirlərdə, yürüşlərdə Azərbaycana qarşı hər hansı hörmətsizlik ola bilməz. Əksinə, hər zaman Azərbaycan, şəhidlər yad olunub. Bu dəfəki yürüşdə Londonda Azərbaycan bayrağına qarşı hörmətsizlik qınandı. Bu şəxslər, onların lideri Yasir əl-Həbib radikal şəxsdir, hansı ki, bu cür radikallar hər dində, hər məzhəbdə olur. Biz burada Gürcüstan vətəndaşıyıq, buralar da hazırda qanunla Gürcüstan ərazilərdir. Düşünürəm ki, durub Bakıda bizdən burda Azərbaycan bayrağı qaldırıb, dini mərasim keçirməyi tələb etmək absurddur. Bəlkə də bu bayraq tələbi ilə qəsdən o, buradakı soydaşlarının separatçılıqda ittiham olunmasına şərait yaratmaq istəyir. Bəli, Gürcüstan bayrağı kimi, Azərbaycan bayrağı da bizim üçün əziz və dəyərlidir. Bu mərasimlərdə Tiflis Cümə məscidində Azərbaycan səfirliyinin əməkdaşları da olublar, Tiflisdə və bir neçə başqa yerdə İmamların və Şəhidlərin adına ehsanlar verilib. Səfir özü Ramazan bayramında məclisimizə gəlib, bizim tədbirimizdə iştirak edib. Fazil bəyə tövsiyəm budur ki, bizim və yaşadığı ölkənin çoxğluğunun dini dəyərlərini təhqir etməsin. Onlara hörmətlə yanaşsın. Gündəm yaratmaqdan ötrü insanların müqəddəs dəyərlərini alətə çevirməsin. Bizə qarşı hörmət və ehtiramla davranmağı öyrənsin. Ümumiyyətlə, ordan bura nə qədər az danşılıb müdaxilə olunsa, o qədər bizim üçün yaxşıdır. Bizi özləri də bilmədən kimlərinsə hədəf taxtasına qoyurlar və ölkəmizin müyyən dairələri də bizi təhlükə gözündə görür. Bizlər özümüzə çarə qılacağıq, sizlər əlinizdən kömək gəlmirsə, heç olmasa qarışdırmayın buranı", - deyə Seyid Mirtağı Əsədov bildirib. Xatırladaq ki, Fazil Mustafa bildirib ki, Borçalı azərbaycanlıları milli ideologiyadan uzaqlaşıb.


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA