Paşinyan Azərbaycanın hücumu nəticəsində Ermənistanda 49 nəfərin öldüyünü bildirir

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bəyan edib ki, azərbaycanlıların hücumu nəticəsində 49 nəfər həlak olub.

"Hazırda Müdafiə Nazirliyinin məlumatına görə, bizdə 49 ölü var, lakin bu rəqəmlər yekun deyil", - o, parlamentdə fövqəladə bəyanatla çıxış edərkən deyib.

Paşinyan bildirib ki, (guya - redaksiya) Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlardan imtina etdiyi üçün sərhəddə hərbi əməliyyatlara başlayıb: "(guya - redaksiya) Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq niyyətində deyil. Brüsseldə aydın oldu ki, onlar bizim sülh danışıqları ilə bağlı təkliflərimizi müzakirə etmək fikrində deyillər".

Paşinyanın sözlərinə görə, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının iclası keçirilir.

"Bildiyiniz kimi, biz KTMT-yə müraciət etmişik, hazırda KTMT Daimi Şurasının iclası keçirilir. Biz Rusiya Federasiyasına və BMT Təhlükəsizlik Şurasına da müraciət etmişik", - Ermənistanın baş naziri deyib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

E.ŞİRİNOV