booked.netbooked.net booked.net  

Yaxud, Bərdədəki «Allah-Allah» türbəsinin bərpadan sonra önündə qo­yulmuş lövhədəki yazıda olan or­fo­qrafik və üslub cəhət­dən yol verilmiş yanlışlıqlar barədə bir neçə söz…

Bu yaxınlarda tanışlarımdan biri Bərdə şəhərindəki qədim, nadir tarixi abi­də­ləri­mizdən olan Bərdə türbəsinin Respublikamızın prezidenti cənab İlham Əliyevin sə­rən­ca­mı ilə 2017-ci ildə bərpadan sonra önündə qoyulmuş lövhənin şəklini çəkib gön­dər­misdi.

Qeyd edək ki, tarixi, dini və mədəniyyət abidələrimizin qorunması, bərpası ilə bağlı ölkəmizdə son illər görülən işlər aşkar göz önün­dədir və bu, olduqca se­vin­diricidir. Adətən, bərpadan sonra yazılan lövhələrdə abidənin bər­pa olunma ta­rixi ilə bərabər, orta əsrlər ənənəsinə görə, üzərində ərəb əlifbası ilə həkk olunmuş ki­ta­bədəki məlumat da ha­zırkı qrafikada yazılıb abidənin seyrçilərinin nəzər-diq­qə­tinə çatdırılır. Abi­də­lərlə əlaqəli yazılmış bu cür löv­hələrdə ümumi qaydaya, qəbul edilmiş yazı-imla normalarına görə oradakı məlumat çox qısa, yığcam, dəqiq və di­lin or­fo­qra­fiyasına riayət olunmaqla aydın yazılmalıdır.

Mövzunu çox uzatmadan əsas mət­ləbə keçib, Bərdədə 1322-ci ildə Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvaninin bürcvari şəkildə inşa etdiyi Bərdə tür­bəsinin, yaxud yerli əhalinin adlandırdığı kimi, «Allah-Allah» türbəsinin bərpadan sonra önündə qo­yulmuş lövhədə abidənin tikilmə tarixi, me­ma­rı, arxitektura cə­hət­dən bədii tərtibatı haqqındakı yazıda or­fo­qrafik və üslubi cəhət­dən yol verilmiş yanlışlıqlarla bağlı fikrimizi bil­dirək. Bəri başdan deyim ki, lövhədəki mətn tərtibat və imla xüsu­siy­yətlərinə görə ciddi qüsurlarla yazılmışdır. İki lövhədən ibarət olan yazının biri Azərbaycan, digəri isə ingilis di­lindədir. İngilis dilindəki yazı haqqında elə dü­şü­nü­rük ki, bu dili bilənlər lövhəyə nəzər yetirib öz fikrini söyləyə bilər.

Azər­baycan di­­lin­də yazılmış lövhədəki yazının ayrı-ayrı hissələrinin dil-üslubu ilə bağlı olan iradlarımız aşağıdakılardan ibarətdir: 

Sitat: “Türbənin gövdəsində “Allah” kəlməsi 200 dəfə təkrar olunur. Nə­ba­ti həndəsi naxışlar və kitabələrdə 200000- dən çox kaşı detal islən­mişdir”.

-“200 dəfə”, “200000- dən çox”

İmla qaydalarına görə yazıda böyük rəqəmlər olduqda sayın sözlə ya­zılması məqsədəuyğun hesab olunur. Məsələn, bu, belə ola bilər: “iki yüz də­­fə”, “iki yüz min­dən çox” və yaxud “2 yüz mindən çox”;

  • “Türbənin gövdəsində...”

Hər bir elm sahəsi kimi arxitektura və memarlığın da öz terminləri var. “Gövdə” sözü ilkin anlamda daha çox canlılara aiddir. Burada “tür­bə­nin fa­sa­dında” və yaxud “... divarında” yazılması daha məqbul olardı;

  • “Kitabələrdə 200000-dən (200000-dən – Ə.Ə.) çox kaşı detal islən­misdir”

Qeyd edək ki, kitabə qəbir daşlarında və yaxud qədim tarixi, dini və mə­də­niyyət abidələrində lakonik yazılı məlumatı özündə əks et­dirən arxi­tek­tu­ra­nın bir komponentidir. Orta əsrlərdə inşa edilmiş tikililərdəki kitabələr abi­dələr haqqında olan çox mühüm məlumatı çağ­daş dövrümüzə çat­dır­maq məq­­sədi daşıyır. Kaşı- isə abidənin za­hir­i tə­rə­finin dekora­si­yasını bə­zəyir və Şərqdə, xüsusilə, Mərkəzi Asiya və Azər­baycanda geniş ya­yılmış bu arxi­tek­tura elementindən Bərdə türbəsində də istifadə olun­­musdur. Nəzərinizə çat­dırmaq istəyirik ki, iki yüz mindən çox istifadə olunan kaşı detalı abi­dənin kita­bə­­sində deyil, məhz divarında yerləsdiril­misdir;

  • “nəbati həndəsi naxışlar”

Nəzəri mənbələrə görə nəbati naxışlar arxitektura abidəsində orna­ment­lərin bitki təsvirlərini təşkil edir. Bu türbənin divarında isə nəbati na­xıslar gö­rünmür. Yalnız “Allah” sözünün iki yüz dəfə yazılışı həndəsi pro­yek­si­yada əks olunmuşdur;

“Kitabələrdə Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvaninin adı yazılmış, tür­­­bənin inşa olunması (? - Ə.Ə.) tarixi əbcəd hesabı ilə “şəvəlladdə (? - Ə.Ə.) ikinci və iyirminci və yeddi yüzüncu il” (722-ci il hicri tarix – 1322-ci il miladi tarix) həkk olunmuşdur”. Perımetr boyu 2 cı ayə­dən surə, (? - Ə.Ə.) 75-ci ayə isə tam yazılmışdır.

  • “türbənin inşa olunması tarixi”

Birləşmədə iki eyni xarakterli şəkilçinin ardıcıl yazılmış sözlərdə işlən­məsi tələffüzü ağırlaşdırır. Əslində, bir­ləşmə belə olmalıdır: “türbənin inşa olun­ma tari­xi”;

  • əbcəd hesabı ilə “şəvəlladdə ikinci və iyirminci və yeddi yüzüncu il” (722-ci il hicri tarix – 1322-ci il miladi tarix) həkk olunmuşdur”

Belə fikirləşirik ki, abidənin kitabəsində ayın tarixini bildirən hansısa rəqəm düşmüş, qəməri ərəb aylarından onuncusu şəvval ayı isə “şəvəlladdə” kimi yanlış yazılmışdır;

Bundan başqa, türbənin kitabəsində tarix əgər gizli, üstüörtülü formada de­yil, aşkar olaraq təklik (ikinci), onluq (iyirminci) və yüzlük (yeddi yüzüncü il) şək­lində yazılıbsa, bu, əbcəd hesablı tarix ola bilməz. Orta əsr əlyaz­ma­la­rı və arxi­tektura abidələrində əbcəd hesablı tarixlər konkret olaraq hər han­sı bir sözdə və yaxud söz birləşməsindəki əbcəd hərflərinin rəqəm qar­şılığı vasitəsilə aşkar edilib üzə çıxarılır. Məsələn, böyük şairimiz Mə­həm­məd Füzulinin “Leyli və Məcnun” əsərinin dibaçəsindəki məlum şeirin mis­rasında olan “bir olmaq ilə iki aşiq” ifadəsində əsərin yazılma tarixi üstü­örtülü şəkildə yazılıb və əbcəd hərflər vasitəsilə mü­əyyən olunur (hicri 943 – miladi 1537-ci il);

  • “Perımetr boyu 2 ci ayədən surə (? – Ə.Ə.), 75-ci ayə isə tam ya­zıl­mısdır”

Bu cümlədən fikir aydın olmur. “Perimetr”in “perımetr”, “2-ci” sıra sa­yı­nın defis işarəsiz “2 ci” şək­lin­də qüsurlu yazıldığı bu hissədə da­ha böyük səhv ondan ibarətdir ki, surənin ayənin tərkibinə aid, yəni onun bir hissəsi olması yanlış olaraq diqqətə çat­dırılır. Əslində isə, məlumdur ki, Quranın surələri ayələrdən ibarətdir. Bu hissədə digər bir səhv isə “pe­rimetr” sözü ilə bağlıdır. Perimetr hər hansı bir həndəsi fiqurun bütün ətrafının düz xətt boyunca cəmini bildirir. Burada isə “peri­metr”sözü abidənin yal­nız yu­xarı hissəsində çev­rə boyunca Qur­andan ayənin yazı­lışına aid edil­mişdir;

Nəhayət, lövhənin aşağı hissəsində dövlət başçısının soyadının səhv ya­zıl­ması daha böyük nöqsandır.

Sonda belə qənaətə gəlib təəssüf hissilə bildiririk ki, abidənin bərpasından artıq 5 ildən yuxarı vaxt keçməsinə baxmayaraq, nə bərpadan sonra abidənin açılışı zamanı, nə də ki ötən bu qədər vaxt ər­zində rəsmi, qeyri-rəsmi, xüsusilə, mədəniyyət abidələrinə məsul olan şəxslər və yaxud abidə ilə maraqlanan adi bir vətəndaş bu yazını diqqətlə oxumamışdır. Dü­şünürük ki, qüsurlu yazılmış bu lövhəni kimsə ötən bu illər ərzində əgər diqqətlə oxumuş olsaydı, öz iradını lazımi yerlərə indiyədək bildirərdi. Çox güman ki, səhv­lərlə ya­zılmış lövhə də çoxdan yenisilə əvəzlənərdi.

Hörmətli redaksiya, tarixi bir abidəmiz haqqında yanlışlıqlarla müşayiət olu­nan, abidənin seyrçilərini bilgiləndirəcək bir lövhə yazısının dilimizin qram­ma­tik, üslubi qaydalarına riayət olunmadan, lazımi səviy­yədə ya­zılmamasından çox-çox təəs­süf hissi keçirir və gələcəkdə başqa yerlərdə də bu cür səhvlərin təkrar olun­maması fik­rilə bu qeydləri qələmə alıb sizə gön­dər­məyi özümüzə borc bildik.

Əli Əliyev,

filologiya üzrə fəlsəfə doktoru

(Xüsusi olaraq «Təzadlar» üçün)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN