EVİNDƏ AXTARIŞ APARILDIĞI ETİRAF OLUNDU

Milyarderin mətbuat katibi onun barəsində cinayət işi açılmadığını bildirib.

Bu barədə “Turan”a milyarder Fərhad Əhmədovun mətbuat katibi Müşviq Əlizahid bidirib.

 Onun sözlərinə görə, F.Əhmədovun yalnız Göyçaydakı şəxsi evində axtarış aparılıb, müəssisələrdə isə yoxlama aparılmayıb.

O, həmçinin əlavə edib ki, axtarış zamanı heç nə müsadirə olunmayıb. 

“Görünür, bir anlaşılmazlıq baş verib, hər şeyə aydınlıq gətirilib, məsələ bağlanıb”, - deyə Əlizahid bildirib.

O, qeyd edib ki, Əhmədovun saxlanılması haqqında məlumat həqiqətə uyğun deyil, o, Azərbaycandadır və öz işləri ilə məşğul olmağa davam edir.

Qeyd edək ki, KİV-də gedən məlumata görə, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl milyarderin Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarış aparıblar.

 Fərhad Əhmədov guya  Rusiyaya casusluqda şübhəli bilinərək saxlanılıb və istintaq şöbəsində ifadə verib. O, Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik götürüb.

KİV-in yaydığı xəbərə görə, Fərhad Əhmədov pul sayəsində bəzi şəxslərlə əlaqə qurub – onların sırasında media rəhbərləri, ziyalılar, sənət adamları ... yer alıb. Məhz həmin şəxslər 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli zabitlərdən aldıqları informasiyaları Fərhad Əhmədova ötürüblər. O isə həmin səs yazılarını, audio və videoları Rusiyaya göndərirmiş.

Qeyd edək ki, Fərhad Əhmədov Azərbaycanda “AzNar” şirkətinin rəhbəridir. 

O, Rusiyanın Ukraynada apardığı müharibəyə görə qərbin sanksiyalarına məruz qalıb. Onun həbsi və yaxud evində axtarış aparılması barədə heç bir rəsmi məlumat verilməyib. Lakin məşhur iş adamının evində axtarış aparılması yəqin ki, səbəbsiz olmayıb. Bunu mətbuat katibi də etiraf edib. Mətbuat katibi axtarışın hansısa  anlaşılmazlıq səbəbindən aparıldığını və çözüldüyün bildirir...

Yəqin ki, yaxın zamanda Fərhad Əhmədovla bağlı hər hansı bir ciddi məsələ olarsa, bu barədə rəsmi məlumat yayılacaq.

Y.MƏMMƏDLİ