Neftin qiymətində kəskin enişlər müşahidə olunur.

***

Noyabrın geridə qalan günlərində “qara qızıl” 21.0 faizdən çox dəyər itirib. Hazırda Brent markalı neftin 1 barelı 81.50 dollara təklif olunur.

Bunu millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkilinin sözlərinə görə, noyabrda neftin qiyməti ayın əvvəlinə nisbətən 8.50 dollar ucuzlaşıb.

  “...Noyabrın ilk günündə qiymət 99.0 dollara yaxın idi. OPEC + alyansı isə hasilatın kəskin azaldılması ilə bağlı öhdəliyə gedə bilmir. Praktik olaraq, dünya neft içərsində “üzür””, deyə o bildirib.

 Onun sözlərinə görə, təklif ilə tələb arasındakı fərq qiymətlərə təsirsiz ötüşmür və bu da qiymət azalmalarını sürətləndirir.

 Vüqar Bayramov neftin qiymətinin ucuzlaşmasına, digər tərəfdən Çində də təlabatın azalmasının təsirsiz ötüşməməsində görür.

“Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən ötən həftədə də iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çinin neftə olan tələbini azaldır. Sərt qaydalar səbəbindən hazırda Çində on milyonlarla insan sərt karantin rejimində yaşayır. Neftin qiymətindəki son azalmalar, eyni zamanda qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır”,- deyib.

 Millət vəkili Rusiya və Ukrayna arasındakı müharibənin dünyada iqtisadi artım proqnozuna təsirinə də diqqət çəkib:

 “Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır”, - deyə Vüqar Bayramov bildirib.

 Millət vəkili bu baxımdan, qeyri-neft sektorunun inkişaf etdirilməsinin neft bazarındakı sıçrayışlara qarşı alternativsizliyini diqqətə çatdırıb:

 “Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər”, - deyə bildirib.

***

 Qeyd edək ki,  Dövlət Statistika Komitəsinin məlumatına görə,  cari ilin 10 ayı ərzində ölkəmizdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,8 faiz artıb.

Həmçinin Azərbaycanda 2022-ci ilin təkcə sentyabr ayı üzrə ixrac 3,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 231,2 milyon ABŞ dolları təşkil edib.

Yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.

JASMİN