ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukraynanın infrastrukturunu və əhalisini məhv etməyə yönəlmiş hərbi məqsədlərini pisləyən qətnaməni dəstəkləyib.

Bu barədə ABŞ Helsinki Komissiyasının rəhbəri, insan haqları barədə məsuliyyət haqqında qlobal Maqnitski qanununun müəllifi, demokrat senator Ben Kardinin mətbuat xidməti məlumat verib. Qətnamə senator Cim Riş tərəfindən dəstəklənib. Sitat: “Putinin qanunsuz və əsassız müharibəsi zamanı Ukrayna xalqına qarşı törədilən cinayətlər çoxsaylı beynəlxalq konvensiyalara ziddir və yalnız soyqırım kimi səciyyələndirilə bilər”.

 Bu qətnamə Ukrayna xalqına qarşı aktiv soyqırımı pisləyir və ABŞ hökumətini gələcək soyqırım aktlarının qarşısını almaq üçün müttəfiqlərlə işləməyə çağırır. “Putin öz hərəkətləri və sözləri ilə məqsədinin Ukrayna xalqının varlığını silmək olduğunu açıq şəkildə göstərdi. Mən onun qəddarlığını İrpində və Kiyev bölgəsində gördüm”, - Riş bildirib.
Qətnamə Rusiyanı Ukrayna xalqına qarşı soyqırım aktları törətməkdə ittiham edir və Rusiya siyasi liderləri və hərbi qulluqçularının Ukraynadakı müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edilməsi üçün tribunalları və beynəlxalq cinayət araşdırmalarını dəstəkləyir. Qətnamədə, həmçinin ABŞ prezidentini Ukraynadakı soyqırımına görə məsuliyyət daşıyan və ya əli olan şəxslərə qarşı qlobal sanksiyalar tətbiq etməyə çağırılır. Sənədə bu gün Senatda baxılmalıdır...

Rusiya hakimiyyətindən hələki bu qətnaməyə münasibət bildirilməyib...

A.Məmmədli