Soyuq və yağmurlu hava şəraitinə baxmayaraq, Şuşa-Xankəndi yolunda etiraz aksiyası gecə saatlarında da davam edib.

Tezadlar.az bildirir ki, etiraz aksiyasının iştirakçıları ötən gecəni çadırlarda olublar. Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. Bundan başqa, Şuşa-Xankəndi yolunda yeni çadırlar qurulub.
 Bir daha xatırladırıq ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyalarını davam etdirirlər.

Ermənilər isə iki gündür Xankəndi ilə əlaqələrinin kəsilməsindən ciddi təşvişə düşüblər. Sosial medialarda və şəbəkələrdə həyəcanla yazırlar ki, guya rəsmi Bakı bunu Moskva ilə razılaşdırıb və yenidən Xankəndi üzərinə hərbi əməliyyatlar təşkil edəcək...

A.Məmmədli