…Bakıda Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi var...

Bir vaxtlar Həsən Zeynalov burada az-çox qayda yaratmışdı. Yəni, Bakıya gələn və gedən Naxçıvan sakinlərinin problemlərinə əncam çəkirdi. Amma son neçə ildir nümayəndəliyin yalnız adı var. Şikayətçi və ya problemli sakinlər isə nümayəndəliyin rəhbərini tapıb dərdini deyə bilməyəndə üz tuturlar mətbuata və s.

Hazırda nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərovdur. Əslən Naxçıvandan olan jurnalist Məhəmmədəli Qəribli nümayəndəliyin rəhbəri barədə maraqlı statusu ilə diqqəti çəkir. Sitat: «…Düz bir həftədir Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla əlaqə yarada bilmirəm. Daim işlətdiyi iki mobil nömrəsini elə rejimə qoyub ki, nə vaxt zəng edirsən məşğul göstərir. Nümayəndəlikdən isə “Bəxtiyar müəllim yerində yoxdur”, -cavabından başqa nəsə eşitmək mümkün deyil. Şou-bizneslə yaxın əlaqəsi olan bir dostum deyir ki, Bəxtiyarın şəhərin ən bahalı restoranı olan “Günaydın”da bron masası var. Orada ondan başqa kimsə otura bilməz. Elə gün olur ki, iki dəfə orada yemək yeyib istirahətini başa vurur. Bəxtiyar Əsgərovdan nəsə xahiş etmək fikirim yoxdur. Amma keçmiş xanım işçisinin onunla bağlı səsləndirdiyi sərt ittihamlara mövqeyini öyrənmək istəyirəm. Dövlətdən maaş alan bu adam niyə günün böyük hissəsini öz iş yerində deyil, “Günaydın”da keçirməlidir? Yaxşı, indi gedib onu restoranda tapıb münasibət öyrənməliyik?».

 Məsələ ilə bağlı biz də nümayəndəliyin saytda olan telefon nömrəsinə zəng vurduq. Jurnalistin söylədikləri təsdiqini tapdı. Dedilər ki, Bəxtiyar müəllim yerində deyil… Bu «yerində deyil»in isə iki fərqli mənası var. Arzu edirik ki, etimad göstərilən vəzifəli şəxslərin hamısı, o cümlədən Bəxtiyar Əsgərov həmişə yerində olsun. Özü də sözün hər iki mənasında…

A.Məmmədli