Təhsilinə milyonlar xərcələnənlər Azərbaycana qayıdırmı? Onların adları niyə məxfi saxlanılır? Bu məzunlar Azərbaycana qayıdanda hansı vəzifələrə təyinat alırlar???

«Xarici ölkələrin ali məktəblərində təhsil almaq ilə bağlı dövlət dəstəyi nədən ibarətdir? 2012-2021-ci illərdə neft gəlirlərinin təhsildə payı və xərclər üzrə şəffaflığın təmini hansı səviyyədədir? Dövlət büdcəsində xaricdə təhsil xərcləri nə qədərdir? Dövlət Neft Fondunun maliyyəsi əsasında həyata keçirilən xaricdə təhsil proqramları kimlərə şamil edilir??? Və SOCAR-ın maliyyəsi əsasında xaricdə təhsil təqaüdü kimlərə şamil olunur və həmin tələbələr-məzunlar kimlərdir???»

 Bu və ya digər suallara cavab Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının “Neftdən gələn gəlirlərin insan kapitalının inkişafındakı yeri” adlı araşdırma (tədqiqatında) materialında mümkündür. Məsələ ilə bağlı NHMB-nin sədri Mirvari Qəhrəmanlı «Təzadlar»ın suallarını belə cavablandırdı:

-Məlumat üçün bildirim ki, YUNESKO-nun 2019 və 2020-ci illər üzrə statistikasına əsasən, 44 mindən çox azərbaycanlı dövlət və qeyri-dövlət xətti ilə xarici ölkələrin müxtəlif universitetlərində təhsil alıb. Bu, ümumi Qafqaz region üzrə ən yüksək göstəricidir. 

-Bunlar hansı ölkələrdir, bilmək olarmı?

-Türkiyənin (19383 nəfər), Rusiyanın (10946 nəfər) təhsil məkanı azərbaycanlılar üçün daha cəlbedici olduğunu görmək olar. Sonrakı yerlərdə 4718 nəfər olmaqla Ukrayna, 1344 nəfər olmaqla Gürcüstan, 1049 nəfər olmaqla Almaniya gəlir. Daha sonrakı yerlərdə Macarıstan, Böyük Britaniya, İtaliya, ABŞ və digər ölkələrdir. Onu da deyim ki, xarici ölkələrin ali məktəblərində təhsil alanların çox az bir hissəsi dövlət xətti ilə oxuyur.  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-2020-ci illərin tədris dövründə dövlət xətti ilə təhsil alanların sayı 1800 nəfərə yaxın olub. YUNESKO-nun data (verilənlər) bazasında göstərilən statistikanın təqribən 4,5 faizini dövlət xətti ilə təhsil aldığını demək olar.

Ümumilikdə, 2000-2021-ci illərə kimi 30 minə yaxın gənc azərbaycanlı xarici ölkələrin ali məktəblərində təhsil alıb. Digər tələbələr öz vəsaitləri və ya təqaüd proqramlarına fərdi şəkildə müraciət edənlərdir. 2000-2021-ci illər ərzində dövlət xətti ilə xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alanlara arasında Türkiyə, Rusiya və Böyük Britaniya ilk üçlükdədir. Daha sonrakı yerlərdə Almaniya, Kanada, Ukrayna, Fransa, İsveçrə, ABŞ kimi qərb ölkələrinin universitetləri, habelə Çin, Cənubi Koreya kimi Asiya ölkələrinin universitetləri təşkil edib.

-Bu istiqamətdə Dövlət Proqramı da vardır…

-Bəli… Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edildi. Bu proqram əsasında dövlət xətti ilə xarici ölkələrin ali məktəblərində təhsili prosesinin normativ hüquqi bazası yaradıldı, Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq olundu. Proqramın qəbul olunduğu 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat fondundan Azərbaycan Təhsil Nazirliyinə 2,2 milyon manat məbləğində vəsait də ayrıldı. Prezidentin 16 aprel 2007-ci il, № 2090 Sərəncamı ilə Dövlət Proqramının icrasına nəzarət Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edildi. Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilməyə başlanıldı. Sözügedən proqram təhsil səviyyəsinin bakalavriat, magistratura, rezidentura və doktorantura pillələrini əhatə edirdi. 2006-cı ildən başlayaraq isə SOCAR gənc və istedadlı gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsilini öz vəsaiti hesabına maliyyələşdirir. Təqaüd Proqramı çərçivəsində tələbələrin xaricdə təhsil almaları üçün ARDNŞ müxtəlif universitetlərlə sıx əməkdaşlıq edir. 2015-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 125 nömrəli Qərarı ilə təsdiq olunmuş yeni "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” təsdiq edildi. Bununla da Azərbaycan vətəndaşlarının xaricdə təhsil alma imkanları genişləndirilib. Həmin qaydalar əsasında hökumətlərarası təqaüd proqramları (HTP) sistemləşdirildi və yeni bir format aldı. Hökumətlərarası müqavilələr çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsili digər ölkələrin qarşılıqlı olaraq, ayrılan təqaüd yerləri üzrə həyata keçirilir. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan kimi ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində HTP təqaüd proqramları aktivdir. 16 noyabr 2018-ci il № 711 AR Prezidentinin Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edildi. Proqramın əsas hədəfi bu dəfə də ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

-Bəs bu Dövlət Proqramı maliyyələşməsi hansı mənbədən maliyyələşir?

-Bu Dövlət Proqramı da SOCAR tərəfindən həyata keçirilir. Onu da xatırladım ki, «Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamı qəbul edilib. Sərəncama əsasən 2 ay ərzində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair yeni Dövlət Proqramının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edilməli idi. Lakin sərəncamın üzərindən uzun vaxt keçməsinə baxmayaraq, Təhsil Nazirliyi tərəfindən heç bir təqdimat olmayıb. Lakin SOCAR özünün 2022-ci ilin büdəsində sözügedən Dövlət Proqramının maliyyələşdirilməsi üçün 17,8 milyon manat vəsaitin ayrılmasını proqnozlaşdırıb…

-Mirvari xanım, bu yaxınlarda Sizin bu suallar və mövzu ətrafında TTV-də (Tezadlar TV) YouTube üzərindən canlı efir vasitəsilə müsahibəniz oldu. Bir neçə saat ərzində 1200-dən çox şərh yazıldı. Eyni məzmunlu, təşkil edilmiş bu şərhlərdə müsahibədə qoyulan suala cavab yox idi. Yəni, oxumağa göndərilən tələbələr kimlərdir, onların adı niyə ictimaiyyətdən gizli saxlanılır? Bu SOCAR-ın rəhbər şəxsləri tərəfindən sizin müsahibədə qaldırdığınız mövzudan çəkindirilməyinizə hesablanmış addım idimi?

- Bu suala ən yaxşı cavabı yaxından tanımadığım Rəşad Əliyev adlı sosial platforma istifadəçisi verib. O, qeyd etdiyiniz həmin müsahibə ilə bağlı şərh yazıb, təqdim edirəm: «SOCAR-ın indiki prezidenti Rövşən Nəcəf ABŞ-ın “Columbia University”nin məzunudur, yəni bildiyiniz “ingilisdilli-gənc-islahatçı kadr”dır. Amma SOCAR-la bağlı vətəndaş cəmiyyətinin qaldırdığı çox vacib məsələlərə, xüsusən də SOCAR-dakı qeyri-şəffaflıq və son vaxtlar verilmiş ziddiyyətli qərarlarla bağlı suallara (o cümlədən qohum və dost-tanışların yüksək maaşlarla SSOCAR-a doldurulması) normal qaydada aydınlıq gətirmək əvəzinə, sualları verən adamı trol hücumuna məruz qoyurlar. Mirvari Qəhrəmanlının adi bir çıxışının altına bir gündə 1.200 trol şərhi gəlib. Buna sərf edilən vaxt və pulla gedib o problemlərin bir hissəsini həll etmək olardı.

Verilişi dinləyin, çox mühüm suallar qaldırılır. Məsələn, SOCAR-ın maliyyələşdirdiyi xaricdə təhsil proqramı 200-ə yaxın şəxsin prestijli universitetlərdə Azərbaycan standartlarına görə çox bahalı olan təhsilini maliyyələşdirib. Amma bu günə kimi SOCAR-dan bu barədə ətraflı məlumat ala bilmirlər ki, bu proqramdan kimlər yararlanıb, harada təhsil alıblar, kimlər geri qayıdıb və ya qayıtmayıb. Yəni bu adamlar dövlət büdcəsi və SOCAR-ın pulu hesabına təhsil alıb, kiminsə dədəsinin pulu ilə yox, ona görə bu məlumatlar tam şəkildə ictimaiyyətə açıq olmalıdır. Gizli saxlayırlarsa, deməli, qaranlıq məqamlar var. Ehtimallardan biri də odur ki, məmurlar bu xaricdə təhsil proqramına öz qohum-dost-tanışlarını da doldurubdur...

-Mirvari xanım, bəs niyə bu tələbələrin və məzunların adı məxfi saxlanılır? Burda nə sirr var ki?!

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu