Azərbaycanın Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on gündür davam edir...

Şuşa Bülbül adına Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyli bu dəqiqələrdə "Təzadlar"a bildirdi ki, Şaxtalı və qarlı hava şəraitinə baxmayaraq bu gün də daxil dekabrın 12-dən səhər saatlarından başlayan aksiya davam edir. "Gecədən havanın qarlı olmasına baxmayaraq, dinc aksiya iştirakçıları Azərbaycanın Dövlət Himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər. Lakin hələki Rusiya Sülhməramlı Kontingentin rəhbərliyi etirazlara səbəb olan halları aradan qaldırmaq fikrində deyil. Tələb isə bundan ibarətdir ki, Azərbaycanın aidiyyəti dövlət qurumları erməni işğalından azad edilmiş ərazilərimizdə monitorinq apara bilsinlər. Çünki əldə olunan faktlar sübut edir ki, ermənilər milli sərvətlərimizi qanunsuz istismar etməklə bölgədə ekoloji terrorla məşğuldurlar...".

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Faktiki olaraq 10 gündür bu aksiyalarla Azərbaycanın səbri sınağa çəkilir. 30 illik səbrimizin 44 günlük hərbi əməliyyatlarla yekunlaşdığını isə dünya yaxşı bilir. O cümlədən Ermənistanı müdafiə edən ölkələr də...
A.Məmmədli