Çin Kremldə inanılmaz maraq doğuran Ukrayna münaqişəsinin həlli planını təqdim edib...

Tezadlar.az manas.news-a istinadla bildirir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışında bu barədə danışıb. O, qeyd edib ki, münaqişənin dinc məcraya keçməsi üçün sülh planı hazırlamaq cəhdləri, o cümlədən ÇXR-in planları diqqətə layiqdir. Eyni zamanda, bütün tərəflərin maraqları nəzərə alınmaqla planın təfərrüatları diqqətlə təhlil edilməlidir. Sitat: “Münaqişənin dinc məcraya keçməsinə kömək edəcək planların hazırlanmasına yönəlmiş istənilən cəhd diqqətə layiqdir. Biz çinli dostlarımızın planına belə böyük diqqətlə yanaşırıq. Detallara gəlincə, təbii ki, onlar ən müxtəlif tərəflərin maraqları nəzərə alınmaqla, diqqətlə təhlil obyekti olmalıdır. Bu, çox uzun və gərgin prosesdir”.

Peskov jurnalistlərə Kremlin Pekinin planı ilə tanış olub-olmaması və onun potensialını necə qiymətləndirdikləri sualına cavab verərkən həmin planın təfərrüatlarından danışmayıb.

Çin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin, Moskva ilə Kiyev arasında dialoqun bərpasının və münaqişənin daha da genişlənməsinin dayandırılmasının vacibliyini vurğulayıb. Həmçinin, Çin böhranın həllinə töhfə vermədiyi üçün birtərəfli sanksiyalara qarşı çıxıb. Buna cavab olaraq ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ Moskva ilə danışıqların necə aparılmasını Kiyevə diktə etmir.

Maraqlı olan budur ki, rəsmi Kreml əvvəllər Türkiyənin sülh planına üstünlük verirdi. Lakin indi Çin planı ortaya çıxıb. Amma təəssüflər olsun, heç kim bu planın şərtlərindən nəyisə bilmir. Kremlin bu sevinci isə onu deməyə əsas verir ki, Rusiyada siyasi rəhbərlik "ziyanın yarısından da qayıtmaq" fəlsəfəsinə boyun əyməkdədir. Cəbhədəki 1 illik itkilər və məğlubiyyət bunu diqtə edir.

A.Məmmədli