...Bakının süni tıxac sarıdan günü qaradır...

 Bilmirəm, bu günüqaralıqla Bakının "qara qızıl"lığı arasında bir sirli əlaqə var, ya yox, amma onu bilirəm ki, təkcə bu gün jurnalist kimi gördüklərim və müşahidə etdiklərim xoş olmayan hadisələr idi... Təsəvvür edin, yaşadığım həyətdən yola çıxmaq istəsəm də, bu mümkün olmadı, avtomobili uyğun olmayan bir yerdə atıb üz tutdum basabaslı metroya... Yol boyu yaşlı insanların, qucağı körpəli qadınların pay-piyada yollara səpələnməsini nə göydə Allah, nə də yerdə Bakı sakinlərinin rahat, dinc həyatına cavabdeh olan, bu sakinlərin hesabına vəzifə tutanlar götürməməlidir... Amma götürürlər... Çünki kimlərəsə Bakını daxilə tikmək, yükləmək və əhalini şəhərdən kənara səpələmək yox, əksinə, daxilə toplamaq lazımdır. Niyə, nə üçün? 

XXX

 Daim təbliğat gedir ki, insanları mümkün qədər mərkəzdən kənara-bölgələrə yerləşdirmək lazımdır... Bu biri tərəfdən isə belə təbliğatı aparanlar Bakını daxilə tikir, boş yerləri müxtəlif bəhanə və köhnə tarixli sərəncamlarla ələ keçirib göydələnlərə yükləyirlər. 

Dəfələrlə yazır və təklif veririk ki, Kerçdə,  Sevastopolda, digər yarımada üzərində yerləşən şəhərlərdə mümkün qədər nəqliyyatın mərkəzə daxil olmaması üçün dənizdən yol çəkilir, yaxud çoxmərtəbəli bərələrdən istifadə edilir. Niyə rayonlara, "Sədərək" və "Binə" ticarət mərkəzlərinə gedən ticarətçilər və alıcılar Bakının yeganə mərkəzi yoluna girməlidir? Niyə sahilboyu bir neçə yerdə bərələrdən istifadə edilməklə minik avtomobillərini Lökbatan dairəsinədək daşımaq mümkün olmasın??? Təəssüf ki, özünü nəqliyyat eksperti hesab edən bəziləri təhlil aparmadan, müşahidələr həyata keçirmədən bu təklifimizə "yox" deyib dururlar. Axı niyə Türkiyədə, Krımda, Aralıq dənizi sahillərində, Braziliyada, Meksikada və s. ölkələrdə bu təcrübə keçərli olur, amma Bakıya gələndə olmaz?! Niyə olmaz? Deməli! kimlərsə insanların tıxaclarda əzab-əziyyət çəkməsində maraqlıdır... 

SONDA: təqdim etdiyim fotoşəkil tıxaclara ən çox meydan olan metronun "Xətai" stansiyasının qarşısında çəkilib. Dörd tərəfi göydələn olan ərazidə azacıq boş yer var idi, deyirdilər ki, kiçik park ediləcək, yaşıllıq salınacaq. Amma bu gün görürəm ki, bir acgöz həmin yeri ələ keçirib və göydələn qaldırıb... Sonra da deyirlər ki, Bakıda nəqliyyat çoxdur... Xeyr, Bakıda nəqliyyat çox deyil, Bakı nəqliyyata dar edilib...

Asif MƏRZİLİ