Uçmaq təhlükəli binaya dair FHN-nin mötəbər aktı olsa da, tədbir görülmür…

Sumqayıt şəhəri təkcə böyük sənaye şəhərimiz deyil, həm də Respublikamızın əhalisinin sayına görə üçüncü böyük müasir yaşam məskənimizdir. 1948-ci ildən əsası qoyulan bu şəhərin hazırda 300 mindən çox əhalisi var. Bu regionda inşa edilən yaşayış binalarının əksər hissəsi sovetlər birliyi dövründən qalmadır. Bu səbəbdən də həmin binaların bir hissəsinin istismar müddətinin bitməkdə olduğu günün aktual müzakirə mövzusuna çevirilib. Ona görə ki, müzakirə mövzusu daş və dəmir olsa da, onun subyekti isə dövlət üçün ən ümdə məsələsi insandır, sakindir, vətəndaşdır. Hər bir vətəndaşın da geridönməz vacibat olan həyatı, məhz onun sağlam və təhlükəsiz yaşamasından ibarətdir. Bu təhlükəsizliyi isə öz öhdəsinə götürərək müxtəlif qanunvericilik aktlarını müxtəlif vaxtlarda ali qanunverici orqanda qəbul edib həyata keçirən müstəqil Azərbaycan Respublikası 30 ildir mövcud olan hər bir vətəndaşına konstitusional hüquq verir ki, insanlar sağlam və təhlükəsiz yaşasın.

 Butün bu qeyd olunanlara söykənərək qəti şəkildə demək olar ki, dövlət hər bir vətəndaşın sağlamlığı və təhlükəsizliyinin qarantıdır. 2005-ci ilin dekabrında ölkə başçımız cənab İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradıldı. Adı keçən qurumun qısa zaman kəsiyində müxtəlif struktur bölmə vahidləri təsis olunmaqla, nazirliyin nəzdində yüksək ixtisaslı kadrları özündə cəmləşdirən qurumlar təşkil edildi ki, o bölmələrdən biri də məhz köhnə və yeni tikililərə baxış keçirib laborator müayinələr aparıb  müvafiq rəy verir. Bu qurum Fövqəladə Hallar Komissiyasıdır ki, bu gün söz açacağım zəruri mövzuya aiddir.

Beləliklə, FHN-nin bu struktur vahidi üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Buna əyani sübut olaraq deyə bilərik ki, məhz FHN-ə müraciətindən sonra «Təzadlar»a üz tutan, evlərinin başlarına uçması təhlükəsilə üzləşən Sumqayıt şəhəri, 42-ci məhəllə, 16 saylı yataqxanada yaşayan 120 ailənin səsinə səs verilərək binaya müvafiq baxış keçirilib, lazımi rəy verilib. Amma…

***

Redaksiyamızın çəkiliş qrupu hadisə yerində olarkən sakinlərin bir sıra tükürpədici çıxışları mikrafonumuza səsləndirildi. Sakinlər bildirdilər ki, 50 ildən artıq müddətdir ki, tikilib istifadəyə verilmiş bu yataqxana binası indiyədək təmir edilmədiyindən əhəmiyyətli dərəcədə aşağı çökür. Eyni zamanda binanın ümumi istifadə edilən sanitar qovşağı, hamam və mətbəxlərin tavan hissəsindəki beton panellərdən korroziyaya uğramış armaturlar və digər metal konstruksiyalar çürüyüb yerə tökülür, vaxtaşırı ümumi mətbəxdə yemək hazırlayanlar üçün əsl təhlükə mənbəyidir.

Ovulub tökülən tavanın beton qalıqları orda çəkiliş apararkən də şahidi olduq ki, ovulub yerə səpilir.

s-4

Sakinlərlə söhbət zamanı bu ürəkağrıdan məsələdə bir sıra maraqlı məqamlar da üzə çıxdı. Sakinlər bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə və FHN-in qaynar xəttinə bu qəzalı vəziyyətlə bağlı müraciət ediblər: «…Biz razı qaldıq ki FHN-in aidiyyəti Komissiya üzvləri buraya gələrək baxış keçirdilər, qəzalı vəziyyətə uyğun müvafiq akt tərtib edildi, hətta bu binanın istismara yararsız vəziyyətə olduğu ilə bağlı qərar da qəbul edilmişdir. Lakin bu mühüm sənədə təəssüf ki, 3 ildir ki, Sumqayıt şəhər İH-də əməl edilmir və bu qeyd olunanlar kağız üzərində qalmaqdan başqa bir işə yaramır. Açıq şəkildə həmin rəyi bizdən gizlədirlər…».

 Görüb eşitdiyimiz bu məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə müvəffəq olduq. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətində olarkən bizə bildirdilər ki, «…tərəfimizdən sözü gedən ünvanda rəsmi şəxslərin iştirakı ilə keçirilən baxış zamanı yataqxana binasının təmir- bərpa işləri üçün heyət göndərilsə də, sakinlər təmir yox, yeni mənzilli binaya köçürülmə tələbi ilə bu təmir- bərpa işlərinə mane olublar. Ona görə də bu aktual məsələ indiyədək həllini tapmayıb.

Belə olacağı təqdirdə isə binanın mövcud qəzalı vəziyyəti zamanla daha ciddi geniş miqyas alır. Bu da sakinlərin həyati təhlükəsini hər an artırır…».

 Sumqayıt Şəhər MKTB rəhbərliyinə də eyni problemlərlə bağlı müraciət etdik. Qurumdan bizə Şəhər İcra Hakimiyyətindən həmin yataqxana sakinləri ilə bağlı verilən cavabın eyni məzmunu açıqlandı.

Bütün hallarda, fakt ortadadır ki, yataqxana binası qəzalıdır, hər an ağır və dəhşətli hadisələr baş verə bilər. Sabah belə bir hadisə olsa, buna görə məlumdur ki, kimlər məsuliyyət daşıyacaq.

Bu rəsmi cavablar isə təbii ki, bu cür qəzalı vəziyyətdə olan və çoxsaylı sakinlərin yaşadığı  16 saylı yataqxanadakı mövcud vəziyyəti dəyişdirmir. Ona görə də burada qorxu içində  yaşayanlar redaksiyamız vasitəsilə yuxarı dövlət qurumlarından kömək istəyirlər. Onların sualı belədir: "Bina başımıza uçandan sonra meyidimizi çıxarmağa gələcəksinizmi???"

İnanırıq ki, bu narahat vəziyyəti nəzərə alan aidiyyəti dövlət qurumları yazımızın ictimailəşdirilməsindən sonra lazımi və qəti addımlar atacaqlar.

Mövzunu diqqətdə saxlayırıq. Məsələ ilə bağlı tərəfimizdən Fövqəladə Hallar Nazirliyinə də rəsmi sorğu göndəriləcək.

Xəyyam Qurbanlı,

"Təzadlar"ın xüsusi müxbiri

s-1

s-3