Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Manavqatda AFAD koordinasiya Mərkəzində təbii fəlakət bölgəsində olan digər nazirlərlə birgə mətbuat konfransı təşkil edib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

“Bu gün Azərbaycanın fövqəladə hallar naziri cənab Kamaləddin Heydərov mənə zəng etdi və Prezident cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyətin göndəriləcəyini bildirdi”.Nazir çıxışı zamanı bildirib ki, sabah Azərbaycandan 10 nəfərdən ibarət ekipajı ilə birgə bir təyyarə, 40 yanğınsöndürən maşın və 150 nəfər şəxsi heyət yanğınların söndürülməsində yardım məqsədilə Türkiyəyə gələcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yollanıb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.

Şakir QURBANOV