1918-ci il avqustun 5-də Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanması təşkil olunub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın hərbi dəniz donanması da yaradıldı. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi dəniz donanması təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.

Lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya Silahlı qüvvələrinin ("Könüllü ordu" da deyirdilər) kəskin etirazı ilə qarşılandı. Silahlı qüvvələrin hərbi dəniz donanmasının vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan Xəzər hərbi-dəniz donanmasının ləğv edilməsi tələb edilirdi. Burada qeyd olunurdu ki, Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur.

Bu əsassız nota Azərbaycan Dövlət Müdafiə Komitəsində müzakirə edildi. Cənubi Rusiya Silahlı qüvvələri baş komandanlığına göndərilən cavab notasında bildirilirdi ki, Xəzərdə donanma saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycanın limanları və ticarət gəmiləri vardır. Bu gəmilər Azərbaycan bayrağı altında üzəcəkdir. Azərbaycan hökumətinin qətiyyəti və göstərdiyi diplomatik səylər öz nəticəsini verdi. Denikin beynəlxalq ictimaiyyətin sərt reaksiyası ilə üzləşdiyindən öz iddialarından əl çəkdi. Azərbaycan hökumətinin Hərbi Nazirliyi hərbi donanmanın maddi-texniki bazasının gücləndirilməsinə diqqəti artırmışdı.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. almışdı. Azərbaycan Hökuməti rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etmişdi. "Astrabad", "Qars" və "Ərdəhan" hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı. Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olundu. SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.

Donanma ilk vaxtlar “Qars”, “Ərdəhan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisindən ibarət olub. 1920-ci ilin aprel işğalından sonra “Qırmızı Donanma” adlandırılan Azərbaycan hərbi-dəniz qüvvələri əvvəlcə bolşevik Rusiyasının, daha sonra isə SSRİ-nin Xəzər Hərbi Donanmasının tərkibinə daxil olub. 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra donanma Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölünüb. 26 iyul 1992-ci ildə “Bakılı” gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb. 

1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsi Azərbaycana verilmiş və o vaxtdan Azərbaycan milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlanıb.

Prezident Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla 5 avqust Azərbaycanda “Hərbi donanma günü” kimi qeyd olunur.

Bu sahədə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndərin müdrik rəhbərliyi sayəsində ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlər görülüb, tədbirlər həyata keçirilib.

İndi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi (AAHDM) həyata keçirir. Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədi ilə AAHDM-nin nəzdində xüsusi kurslar fəaliyyət göstərir.

Azərbaycanın hərbi donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın hərbi donanması ən müasir hərbi texnika ilə təchiz edilib. 

Bu gün Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir.

Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür. Bunun nəticəsidir ki, qüdrətlənən Azərbaycan Ordusu ölkəmizə qarşı yönələn istənilən həmlələri dəf etməyə, torpaqlarımızı erməni tapdağından azad etməyə qadirdir.

Şakir QURBANOV