Asif Mərzili: «Təəssüflər olsun, kamera görüntülərini emal edən operatorların  təcrübəsizliyi üzündən avtomobilimə tətbiq edilmiş əsassız cərimə ləğv edilmədiyindən böyük hörmət bəslədiyim general Ramiz Zeynalovdan inzibati məhkəməyə şikayət verməli oldum…»

Jurnalist, Dünya Türk Jurnalistlər Birliyinin üzvü, Türkiyənin anadoluhaber.com saytının köşə yazarı, TRTAJANS Holdinqin İdarə heyətinin sədr müavini, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini məhkəməyə verib. Buna səbəb isə jurnalistin idarə etdiyi şəxsi avtomobilinə əsassız olaraq cərimə tətbiq edilməsi, verdiyi şikayətin isə onun iştirakı ilə araşdırılmamasıdır. Bu barədə jurnalist Asif Mərzili paralel.az saytının əməkdaşının sualını cavablandırarkən belə deyib. Sitat: «…2023-cü ilin 13 aprel tarixində mobil telefonuma mesaj gəldi ki, «Sizin 90DL707 avtomobiliniz cərimə edilmişdir. Endirim 2 AZN. Maddə 346.1)». DYP əməkdaşlarının birindən qayda pozuntusunun nədən ibarət olduğunu və bunun harada baş verdiyini öyrənməsini xahiş etdim. Aydın oldu ki, qeydə alındığı bildirilən bu qayda pozuntusu 6 fevral 2023-cü ildə baş verib. Hansı ki, mənə heç bir əlavə məlumat verilməyib ki, bunu vaxtında araşdırım, aidiyyəti üzrə müraciət etdim. Gec də olsa Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab general-mayor Ramiz Zeynalovun adına elektron qaydada ərizə verdim. Bu gün mənə İdarənin rəis müavini Pərvin Səfərəliyevin adından məktub gəlib ki, guya araşdırılıb, cərimə düzgün tətbiq olunub. Halbuki özümün təşəbbüsümlə əldə etdiyim görüntülərdən məlum olur ki, söhbət Mehdi Mehdizadə (Ali Məhkəmə yerləşən küçə, 5 saylı DOST Mərkəzinin tini) küçəsi ilə Fəzail Bayramov və Yeryemenko küçələrinin kəsişmə nöqtəsindən gedir. Mən F.Bayramov küçəsinə perpendikulyar olan M.Mehdizadə küçəsinə doğru hərəkət etmişəm, fotoşəkillərdən də görünür ki, F.Bayramov, M.Mehdizadə və Xocalı prospektinə perpendikulyar olan Yeryemenko küçələrinin kəsişməsində hərəkət tamamilə dayanmışdır (H.Əliyev Mərkəzində keçirilən rəsmi beynəlxalq tədbirlə bağlı). Mən alternativ yol axtararaq və qayda pozmadan məcburən həmin yol kəsişməsinədək gedirəm, sonra F.Bayramov, Yeryemenko və M.Mehdizadə küçələrinin yolayrıcından sola, F.Bayramov küçəsinin əks tərəfinə keçərək Afiyəddin Cəlilov küçəsi istiqamətinə qayıdıram. Beləliklə, hesab edirəm ki, mən qayda pozmadan alternativ yol seçməyə məcbur olmuşam, qayda pozmamışam. Əgər qoşa xətt kəsmək fikrim olsaydı, elə əvvəldən bu qayda pozuntusuna yol verərdim. Operatorun yanlışlığının altını niyə çəkməliyəm? Mən bu qərarla razı olmadığımdan Baş Dövlət Yol Polisi İdarəsinə (eləcə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi R.Piriyevə) rəsmi ərizə ilə müraciət etmişəm. Bu gün P.Səfərəliyevin adından 24.04.2023-cü il tarixli, 3-13-16-2-50522-2023-saylı cavab məktubu alandan sonra başa düşdüm ki, kimlərsə öz səhvini ört-basdır etmək üçün araşdırma aparmadan «Şikayətiniz təsdiqini tapmadı» kimi standart cümləli məktubu imzalatdırıb mənə göndəriblər… Ona görə də bu gün Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovdan inzibati qanunvericiliyə uyğun olaraq Bakı İnzibati Məhkəməsinə şikayət vernməli oldum…».

Baş redaktor onu da əlavə edib ki, Baş Dövlət Yol Polisi İdarəsinin elektron sistemindən ona təhdid dolu mesajlar da göndərilir: «…Problemi iştirakımla araşdırmaq əvəzinə Baş Dövlət Yol Polisi İdarəsindən mənə göndərilən SMS mesajlarda cəriməni təcili ödəmədiyim halda avtomobilimə həbs qoyulacağı bildirilir. Təsəvvür edirsinizmi, şikayət iştirakımla araşdırılmır, çünki haqlı olduğum ortadadır. Bu azmış kimi, məhkəmə qərarı olmadan vətəndaşın əmlakı üzərinə necə həbs qoyula bilər??? Hesab edirəm ki, 06 fevral 2023-cü ildə mənə yazılmış EQ13042531 saylı protokol tamamilə əsassızdır və ləğv edilməlidir».

Jurnalist artıq vəkillə müqavilə də bağlayıb, lazımi maddi sübutları təqdim edib.

Xatırladım ki, 2016-cı ildə peşə fəaliyyəti ilə bağlı Baş redaktorun şəxsi avtomobili və şəxsi mənzili naməlum şəxslər tərəfindən benzin tökülərək yandırılıb, Daxili İşlər naziri cənab general-polkovnik Vilayət Eyvazovun şəxsi nəzarətində olan bu cinayət işinin istintaqı hələ də davam edir...

Elçin Məmmədli

radar

cerime-2