booked.netbooked.net booked.net  

Sabiq deputat vaxtilə səs verdiyi «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Qanunların tələblərini pozmaqda günahlandırılır…

«Təzadlar» qəzetinin rəhbərliyi Yasamal rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Elşad Həsənovun barəsində Bakı İnzibati Məhkəməsinə «Məcburetmə haqqında» iddia ərizəsi təqdim edib. Qəzet rəhbərliyi iddia tələbini onunla əsaslandırıb ki, İcra başçısı qəzetin (eyni adlı saytın) informasiya sorğusunu cavablandırmaqdan faktiki olaraq imtina etmişdir.

Qəzetin baş redaktoru Asif Mərzili məhkəmə iddiası ilə bağlı sualımıza belə cavab verdi: «…Cavabdeh-Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Həsənov Elşad Eldar oğluna ona göndərilmiş 16.03.2023-cü il tarixli, T-2023//03-05 saylı İnformasiya sorğusu  göndərilmişdir. Həmin İnformasiya Sorğusu 27 mart 2023-cü il tarixdə İcra Hakimiyyətinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilərək poçt qəbzinə imza atılmışdır… Lakin ötən müddətdə sorğu qəsdən cavablandırılmadığından məhkəməyə müraciət etməli olduq…».

Baş redaktor İnformasiya sorğusu ilə bağlı onu da əlavə etdi ki, "...Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci kvartal, ev 19, mənzil 31-də yaşayan Məhərrəmov Vasif Sabir oğlu «Təzadlar» qəzeti redaksiyasına rəsmi ərizə ilə müraciət edərək bildirmişdir ki, “Sirr” şirniyyat evinin sahibi ona məxsus 31 saylı mənzilin (2-ci mərtəbədə yerləşir) birinci mərtəbəsində yerləşən  29-cu mənzildə aparılmış qanunsuz tikinti və genişləndirmə işlərindən sonra onun yaşadığı mənzildə çatlar yaranmışdır. Redaksiya əməkdaşları qeyd olunan ünvanda olarkən foto və videoçəkilişlərlə bu çatları qeydə almışlar. Şikayətçinin əsas tələbi və iddiası ondan ibarətdir ki, “Sirr” şirniyyat evinin sahibi adı çəkilən 29 saylı mənzilin əsas dayaq (yükgötürmə) divarını və konstruktiv arakəsmələri sökərək heç bir bərkitmə işləri aparmamışdır. Hansı ki, bu tarixi binada təmir-bərpa və s. tikinti işləri həyata keçirilərkən Mədəniyyət Nazirliyi ilə müqavilə bağlanmalı və icazə alınmalı idi. Şikayətçi iddia edirdi ki, onun və bina sakinlərinin şikayətlərindən sonra «Sirr» Şirniyyat evinin sahibi Əmlak Komitəsinin aidiyyəti bölgə idarəsindən 29-cu mənzilə 2019-cu ildən sonrakı dövrə (yəni, təmir-tikinti işləri aparılan dövrdən sonraya) texniki pasport almışdır. Beləliklə, redaksiya qeyd olunan şikayətlə bağlı araşdırma yazı hazırlayır. Bunun üçün Yasamal RİH tərəfindən müvafiq sorğuların cavablandırılması və müvafiq sənədlərin redaksiyaya təqdim olunması tələb edilir… «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq sorğu indiyədək cavablandırılmalı idi, lakin bu indiyədək baş verməmişdir…».

Baş redaktor sonda onu da bildirdi ki, bu gün iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə təqdim etmişdir. Yəqinki yaxın vaxtlarda məhkəmə bu iddia tələbinə dair iclasın gündəliyini elan edəcək.

 Onu da xatırladaq ki, «Media haqqında» Qanunun 17.4.-cü maddəsində yazılır: «Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir».

 JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN