booked.netbooked.net booked.net  

Bakı şəhər İcra Hakimiyyətinin sevimli şirkəti  yenə də tenderin qalibi oldu və…

 

 

Rəsmi KİV-lərdə elan edilən tenderlərin qalibləri bəlli olduqca ortaya maraqlı suallar da çıxır: necə olur ki, eyni MMC daim qalib olur? Məgər ölkəmizdə rəqabətli sahibkarlıq fəaliyyəti yoxdurmu? Yəni, digər sahibkarların MMC-ləri doğrudanmı zamanla və Tender Komissiyamızın şərtləri ilə ayaqlaşa bilmir? Və necə olur ki, Bakı Şəhər İcra Hakimiyyətinin ötən il 10 milyonluq, bu il isə 6 milyon manatlıq tenderinin qalibi yenə də eyni MMC-dir?

Bəs “Vest LTD” MMC-nin tender ərköyünlüyünün arxasında kim və ya nələr durur?

Beləliklə, Azərbaycan İqtisadiyyat Nazirliyinin rəsmi elanına və tender nəticələrinə görə, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt ərazisindəki dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmir olunması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Dövlət satınalmalarının vahid elektron portalından da aydın görünür ki, tenderin qalibi “Vest LTD” MMC-dir. Bu MMC-yə bu il 5 milyon 995 min 300 manat vəsait ayrılıb. Təxminən 6 milyon manat!

***

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti ötən il də “Vest LTD” MMC-yə eyni təyinatla, amma təxminən 10 milyon manat (9 milyon 992 min manat) vəsait ayırmışdı. Bəs adı çəkilən MMC-nin bu sahədə iş təcrübəsi necədir? Məlum olur ki, “Vest -LTD” MMC 2010-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə vəsaiti vur-tut 2050 manatdır, təsisçi vətəndaş Şahin Verdəliyevdir. Lakin internetdə axtarış versək də, bu şəxsin adına əhatəli fəaliyyət sferasında rast gəlmədik. Axı necə ola bilər ki, hər il təkcə Bakı İH-dən təkcə bir təyinat üzrə milyonlarla  manatlıq sifariş qalibi olan bir MMC-nin rəhbəri tanınmaz şəxs olsun? Lakin məlum olur ki, “Vest -LTD” MMC-nin de-fakto rəhbəri və pul qazananı Bakı Şəhər İcra Hakimiyyətinin ərköyünü kimi tanınan Hacı Ramazan Mirzəyevdir. Sosial mediada isə onun adı ismini çəkmək istəmədiyimiz bir xanım müğənniyə gözəllik salonu və s. bağışladığı, yaxıd hansısa mənzil tikinti şirkətlərinə himayədarlıq etdiyi və s. kimi qalmaqallı məsələlərdə çəkilir.

Bunlar başqa söhbətin mövzusudur. Faktdır ki, “Vest-LTD” MMC təkcə ötən il dövlət qurumlarından çoxsaylı sifarişlər alıb, tenderlərin qalibi olub, necə ki, bu il də elədir.  Ən diqqəti çəkən faktlardan biri də budur ki, Ramazan Mirzəyevin rəhbərliyi ilə adı çəkilən MMC-lər Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş, Bakı şəhərinin rayon İcra Hakimiyyətlərinin, Mədəniyyət Nazirliyininin və s. satınalmalarında birmənalı olaraq tenderlərin qalibi olur. Onun tender siyasətində isə bir incəlik diqqəti çəkir: məsələn, Hacı Ramazana bağlı şirkətlər hər il qalib siyahısında dəyişikliklərə məruz qalır. Belə ki, 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- kimi şirkətlərin Ramazan Mirzəyevə yaxın olduğu iddia olunur.

***

Bütün bunlar məsələnin kommersiya tərəfidir, təbii oldaraq hər bir sahibkar daha asan yolla pul qazanmaqda maraqlıdır. Hazı Ramazan Mirzəyev kimi. Bəs onunla tender əməkdaşlığına ardıcıl olaraq girən dövlət qurumlarının rəhbərləri necə, özlərinə, yəni əməllərinə kənardan baxmırlarmı?! Görmürlərmi ki, axı necə olur eyni MMC hər il dövlət sifarişlərinin tender qalibi olur?! Bu şübhələr isə bəzən uzun yol getsə də, Baş Prokurorluğun İstintaq İdarəsində nöqtələnir və bəzi hüquqi suallara cavab verilməsi tələb edilir... Belə olur deyə, sahibkarların tender haqsızlığından doğan şikayətləri Prezident Administrasiyasından  tutmuş, digər aidiyyəti dövlət qurumlarınadək qapıları gəzir...

A.Məmmədli

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamət: 6.3.4).

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN