booked.netbooked.net booked.net  

Bildiyimiz kimi, ürkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri təyinat məntəqələrinə çatdıqları andan yanğınlara qarşı mübarizəyə başlayıblar.

Yanğınların ən güclü vaxtında Azərbaycan yanğınsöndürənləri ümumilikdə 14 rayonda, o cümlədən strateji əhəmiyyətə malik Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyaları yaxınlığında, eləcə də Muğla vilayətinin Köyceğiz, Milas, Kavaklıdere, Marmaris və digər yaşayış məntəqələrində meşə yanğınlarının söndürülməsi üçün fədakarlıqla mübarizə aparıblar. Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarının qorunması üçün Azərbaycan yanğınsöndürənlərinin də iştirakı ilə mühafizə zolağı yaradılıb. 

 Qeyd edək ki, Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Helikopterimiz 134 uçuş həyata keçirib və yanğın bölgəsinə 332 ton su töküb. Amfibiya təyyarəsi isə yanğınların söndürülməsi üçün 615 ton su səpib. Bu məlumatları fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Muğla vilayətinin Köyceğiz rayonunda Azərbaycan mediasının nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.

Yanğınsöndürənlərimizin fədakarlığı Türkiyə mediasının da diqqətindən kənarda qalmayıb. Belə ki, 

“CNN Türk” telekanalı qəzetlərdə gündəlik çıxan xəbərləri incələyərkən azərbaycanlı yanğınsöndürənlərin əməyini yüksək qiymətləndirib. Proqrmada “Türkiye” qəzetinin “Azərbaycan heyəti yanğından yanğına qaçır” başlıqlı yazısına xüsusi diqqət çəkilib. Proqramın aparıcısı yanğınsöndürənlərimizin Ana Vətənlərindəki kimi çalışdıqlarını xüsusi qeyd edib.

Bu arada, “Türkiye” qəzetinin sözügedən yazısında Azərbaycanın hər çətin zamanlarda yanında olan Türkiyəni meşə yanğınlarında yalnız buraxmadığı vurğulanır. Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev meşə yanğınlarında dəstək üçün qardaş ölkəyə 93 yanğınsöndürən maşın, bir helikopter və 710 nəfərlik heyət göndərib. Tapşırıqdan tapşırığa qaçan heyətin 200 nəfərlik hissəsi Aydın vilayətinin Çine bölgəsində yanğın söndürmə işlərinə qatılıb.

“Sabah” qəzeti də yanğınsöndürənlərimizin xidmətinə biganə qalmayıb. Qəzet yazır ki, “azərbaycanlı yanğınsöndürənlər eyni dili danışdıqları Türkiyədə yerli xalqla dialoq qurmaqda da heç bir çətinlik çəkmirlər”.

“Takvim” qəzeti isə yazır ki, “Türkiyə Qarabağda qardaşlarını yalnız buraxmadı, Azərbaycan heyəti də Egedə yanğınların üzərinə atıldı. İki ölkənin qardaşlığını yenidən təsdiqlədi”. Yazıda daha sonra qeyd olunur ki, “azərbaycanlı qardaşların qazma-bellə dağlarda yanğınla mübarizəsi göz oxşayır”.

Qeyd edək ki, Türkiyədə sosial mediada sadə vətəndaşlar da göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minlərlə təşəkkür mesajları ünvanlayıblar və yanğınsöndürənlərimizin fədakarlığını yüksək qiymətləndirərək onlara təşəkkürlərini bildiriblər.

Şakir QURBANOV

 
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN