"Azərsu" xəbər verir: bu gün Azərbaycanda Məhərrəm ayı başlayır.

Qafqaz Müsəlmanları İdarəsindən  verilən məlumata görə, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.

QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciət edib. Deyiblər ki, əziyyətə qatlaşın, Kərbəla müsibətini unutmayın, yezidə lənət oxuyun.

Əslinə baxanda, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin məlumat verməsinə ehtiyac da yox idi.  "Azərsu"kimi bir təşkilat var. Məhərrəmliyin nə vaxt başlamasını elə bu təşkilatdan öyrənmək olardı.

 İndi bəzi vətəndaşlarımızın o vaxtkı Kərbəla müsibətini unutnmaması,susuzluğun nə olduğunu daha dərindən başa düşməsi üçün “Azərsu” Məhərrəmliyin elə ilk günündə,səhərin gözü açılmamış Yeni Günəşli qəsəbəsində sakinlərə verilən suyu xırp kəsdi. Hər şey planlı şəkildə davam etdirilir. Sabotaja yol verilmir. İşə-gücə getmək istəyən zəhmət çəksin mağazadan su alıb içsin. Qoy sakinlərimiz 680- cı ildə baş vermiş o müsibəti yaşasınlar ki, suyun, onu evlərə çatdıran “Azərsu”dakı əmilərin, dayıların qədrini bilsinlər.

 Sevindirici haldır ki, bu müsibət 10 gün çəkəcək. Aşura günü hər şey qaydasına düşəcək  və “Azərsu” yenə də əvvəlki qaydada ( gecələr  və gündüz 5-6 saat su verməmək şərti ilə) işləyəcək. Allah eləməmiş, su kəsilsə, qorxmayın. Anar müəllim  yay fəsli gələn kimi bəyan etmişdi ki, su kəsiləndə su maşınları birbaşa həyətlərə gəlib sakinlərə su paylayacaqlar. Düzdü, bu gözəl təşəbbüs bu il baş tutmadı,amma bu istiqamətdə işlər gedir, analizlər edilir, xüsusi bir proqram hazırlanır, maddi və texniki bazalar müəyyənləşdirilir, əhalinin suya olan tələbatı öyrənilir, Tarif Şurası ilə məsləhətləşmələr aparılır,Qarabağ da Azərbaycandır!  

Hələlik isə, qədəmin mübarək,ay Məhərrəmlik!

Şakir QURBANOV