Sentyabrın 1-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində şəhid Şahmar Nazim oğlu Səfərovun adına olan abidə bulaq kompleksinin açılışı olub

Bu gün həm də şəhid Şahmar Səfərovun ad günü idi. Onun bu doğum günündə adına abidə bulaq kompleksinin açılması şəhidlərin ruhuna verilən kiçik bir jest olsa da, Azərbaycan xalqının,dövlətinin Vətən uğrunda həlak olan şəhidlərin xatirəsini uca tutacağı və onların fədakarlığını heç vaxt unudulmayacağının göstəricisidir.Bəli, şəhidlər ölməz, Vətən bölünməz!

Şəhidlik zirvəsinə ucaldıqdan sonra Şahmar Səfərovun qeyd olunan ilk doğum günündə onun adının əbədiləşdirilməsi üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, YAP Suraxanı Rayon Təşkilatının nümayəndələri, Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini, əməkdar artist Ağalar Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Şəhidin əmisi ehtiyatda olan zabit polkovnik Adil Səfərov, Şəhid anaları, rayon sakinləri iştirak etmişlər. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, «N» saylı hərbi hissənin nümayəndələri, Şahmarın döyüş yoldaşları, şəhid ailələri,Suraxanı rayonu  hərbi komissarlığının zabitləri,KİV nümayəndələri, Yeni Günəşli qəsəbəsinin sakinləri iştirak ediblər.

Həmçinin, Şəhidlər Xiyabanında Şahmar Səfərovun məzarı ziyarət edilmiş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad edilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Şahmar Səfərova və onun timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləmiş və bildirmiş ki, Şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.

Əziz müəllim Şahmarın timsalında Azərbaycanın şanlı ordusunda xidmət edən,Vətən üçün canınıı fəda edən bütün şəhidlərə rəhmət diləmiş,onların ailələrinə baş sağlığı vermiş, qazilərimizə can sağlığı arzulamışdır. Əziz müəllim daha sonra çıxışında Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə qələbəyə səslədiyi çağırışlarından sitatlar gətirmiş və Vətən uğrunda şəhid olanları dövlətimizin heç vaxt unutmayacağını, şəhid ailələrinə,qazilərə dövlət qayğısının daima olacağını vurğulamışdır. Q qeyd etmişdir ki, Suraxanı Rayon İcra hakimiyyəti də Suraxanı rayonundan şəhid olmuş əsgərlərimizin ailələrinə daima baş çəkir, onların problemlərini həll etməyə çalışır. Əziz müəllim çıxışının sonunda bir daha şəhidin anası Pakizə xanıma baş sağlığı vermiş və şəhid Şahmarın adına inşa edilmiş abidə bulaq kompleksininin qırmızı lentini kəsərək bulağın açılışını etmişdir.

Şəhidin anası Pakizə xanımi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Suraxanı Rayon İcra başçısı Əziz müəllimə, tədbirə toplaşan bütün insanlara öz  minnətdarlığınıı bildirmişdir.

Qısa arayış:

Şahmar Nazim oğlu Səfərov 1997-ci ilin 1 sentyabrında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Siyaqut kəndində anadan olub.

O, 2003-cü ildə Kosacan kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. Şahmar hələ orta məktəbdə oxuyarkən hərbçi olmaq istəyirdi. Bu istək onu Heydər Əliyev adına hərbi Litseyə gətirdi və o, 2011-2014-cü illər ərzində bu litseydə oxudu və litseyi müvəffəqiyyətlə bitirdi. 

Şahmarın arzusu yüksək bilikli, hərtərfli hərbçi olmaq idi və özünün səyi və bacarığı sayəsində 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil oldu və  2019-ildə akademiyanı da uğurla başa vurdu və Azərbaycanın ordu sıralarında ali təhsilli bir hərbçi kimi qulluq etməyə başladı.

O, akademiyanı bitirdikdən sonra ilk hərbi xidmətini Gəncə şəhərində keçirdi. N saylı hərbi hissədə  leytenant rütbəsində Tağım Komandiri kimi xidmətə başladı.

2020-ci ilin may ayında xidmətini Daşkəsəndə davam etdirdi.  

Azərbaycan torpaqlarının erməni işğalçılardan azad edilməsi uğrunda gedən döyüşlərə elə ilk andan atıldı və canını Vətən uğrunda fəda etdi, şəhidlik zirvəsinə yüksəldi.

Şahmar Nazim oğlu Səfərov 27 sentyabrda Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

 Şahmar  şəhid olduqdan 52 gun sonra, noyabrın 18-də dəfn olundu.

Məzarı 2-ci fəxri xiyabandadı.

Şahmar Səfərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə “Döyüşdə fərqlənməyə görə” medalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun!


 Şakir QURBANOV