...Ağalar Bayramov! Adında “Ağa” və “lar”, yəni Ağaların cəmi olan ağayana bir ziyalı-vətənpərvər, yurd həsrətli, Vətən sinədağlı, Azərbaycan sevdalı Ağalar Bayramov!

2002-ci ildən Əməkdar artist olan, efir-səhnə mədəniyyətinin əlifbasını belə bilməyənlər Xalq artisti, Prezident təqaüdçüsü... olanda göyün yeddi qatına çatan səsini içinə çəkib susan, lal olan, ağayanalığını gözləyən Ağalar Bayramov!

 Şuşanı 28 ildir Allahdan və Ordumuzdan dualayan vətənpərvər- Vətən sevdalı bir Kişi-Ağalar Bayramov!

 Ən azı, necə deyərlər, mən Allahın canlı şahidiyəm ki, 44 gün çəkən Zəfər Müharibəsində az qala hər saat zəng edərdi ki, “Qağa, üzürlü say, ürəyim partlayır, o kənd alındı, bu rayon da alındı... Bəs Şuşadan nə xəbər???”.

 Təbii ki, rəsmi olmayan xəbəri ictimailəşdirmək peşə qayda-qanunlarına zidd olsa da, könlünü almaq üçün bircə onu deyirdim ki: “Yuxuda da görmüşəm, sən öl Şuşanı görəcəyik!”.  Hətta bir dəfə vəsiyyət edirmiş kimi, qıyya çəkib “Offf, Allah!!! Asif, bircə şeydən qorxuram ki, öləm, ürəyim dayana, Şuşanı görməyəm... Gözümə yuxu getmir, Allaha səhərə kimi dua edirəm ki, Şuşanı özümüzə qaytar, yağılarda qoyma, Allah, nooooolar!”.

 Əlimdən isə xeyirxah yalan danışmaqla təsəlli verməkdən başqa nə gəlirdi ki... Amma telefonda hıçqıran, bu yanğı hıçqırtılarının içində ani olaraq kövrəlib bir anlıq səsi kəsilən,   “Can Əsgərim, mənə Şuşanı ver”, -deyib nəfəskəsən hayqırtı ilə “Şuşada görüşərik!” deyən Ağalar Bayramovun o dəli harayını hələ də unuda bilmirəm... Bəli, biz inanırdıq-Ordumuza, Ali Baş Komandamıza, ümidimizə və bilirdik ki, Şuşa bizimdir, bizim olacaq!

***

...Ötən gün mədəniyyət işçilərinin Şuşaya növbəti səfəri oldu... Bu dəfə də Ağalar Bayramovu gözüm axtardı, amma görmədim... Səsi göyün yeddi qatına çatan bu Qarabağ-Şuşa dəlisinin əli niyə Şuşaya çatmır axı??? Və özünə zəng etdim, kədərli səsi məni lap üzdü... Heç nə demədi. Qarabağdan, Şuşadan... bir şeir dedi... O şeiri o vaxt – 44 günlük Zəfər günlərində demişdi... Dağı-daşı titrədən, insanı içindən oynadan... bu şeirlərin təsiri altında xəyalən Ağaları...  Şuşada- Cıdır Düzündə gördüm... Onun bir neçə videoçıxışlarını bir də dinlədim. Bəs bu hayqırtıların müəllifi niyə Şuşada deyil??? O dağlarda Ağaların nərə çəkib söyləyəcəyi “Əsgər marşı” qartalları belə qıy vurmağa məcbur edərdi... İnanıram ki, bu nərə Şuşanın altında-aşağısında olan, hələki əlimiz çatmayan Xankəndiyə də çatardı...

***

 Tələbəlik illərində oxuduğum, mərhum şair Eldar Baxışın “Sağ olsun bu şəhərin qoca arvadları, qoca kişiləri...” şeirini xatırlayıram (İfadə səhvləri olarsa, oxuculardan üzr diləyirəm). Şair yazırdı: “...Yemək istədiyimizi yedilər, almaq istədiyimizi aldılar, gəzmək istədiklərimizlə gəzdilər... Sağ olsun bu şəhərin qoca arvadları, qoca kişiləri!”.

  Yaxşı, sağ olsunlar, 2002-ci ildən bəri Ağalar Bayramovun halal-haqqı olan Dövlət mükafatlarını, titullarını... əlindən aldılar, dinmədi... Yaxşı, bəs Şuşaya getməsini niyə ona şox görürlər???

***

 Nə deyim, Ağalar Bayramov, ola bilsin Sizin adınızı Zəngəzur, Göyçə... ziyarətlərinə yazıblar. Ona görə də, ey səsi Göyün yeddi qatına çatan, Şuşa duası eşidilən Kişi, yəqin tezliklə əlin də Şuşaya çatar!!!

Asif MƏRZİLİ