...Professor Fikrət Əhməd oğlu Seyidovun anadan olmasının 93, atasının 130 illiyi tamam oldu, səssiz keçdi.

Səhv etmirəmsə, Fikrət müəllimin iki qız övladı bu “doğulmalardan” xəbər tutmadılar, əminliklə deyərdim. Mən ali məktəb müəllimim Fikrət Seyidovun 90 illiyi barədə mətbuatda yazdım, xəbər göndərdimsə, heç bir reaksiya görmədim. Eləcə də babası Əhməd Seyidovun doğumunun iki yuvarlaq yubileyində geniş məqalələr çap etdirdim, təəssüfləndim ki!..

XXX

...Zaqafqaziyada və Orta Asiyada pedaqogika üzrə ilk elmlər namizədi və pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Yusif oğlu Seyidov xatırlanmadı, 40 ildən artıq rəhbərlik etdiyi “Pedaqogika” kafedrasının yerləşdiyi (Pedaqoji İnstitutda indi Universitetdə) otaqda heç bir xatirə lövhəsi belə yoxdur. Deməli, Universitetə rəhbərlik etmiş rektorlar da bu barədə düşünməmişlər, inamla deyərdim bu şəxslər pedaqoq olmamışlar, təsadüfi bu məsul vəzifəyə yiyələnmişlər! Unutqanlıq onların qanına işləmişdir. Onlar Roma imperatoru və tarixçisi Mark Avrelinin dediyi sözlərdən ya xəbərsizdilər, ya da anlamamışlar: “Vaxtilə şöhrəti göylərə qaldırılan nə qədər adamlar artıq büsbütün unudulmuşlar. Hələ onları mədh edənlərin gör nə qədərinin adı çoxdan qəbrdə yatır”. Bu tarixi və ibrətamiz tövsiyəni unutmağa dəyərmi?!

Əhməd Seyidov Azərbaycan pedaqogikasının patriarxıdır, – desəm heç də yanılmıram. Tiflisdə Qori Müəllimlər Seminariyasının ilk məzunlarından olan (1913-1917) Əhməd Seyidov doğulduğu Qazax rayonunun Aslanbəyli kəndinə qayıtmış, orada dərs demiş, qızlar üçün sinif açmış, “Əlifba” dərsliyi yazmışdır (ilk dərsliyi isə M.F.Axundov hazırlamışdır). Bu əvəzsiz Seminariyanı S.Sani Axundov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Yusif Qasımov kimi müqtədir pedaqoqlar bitirmişlər. onlara isə F.Köçərli, Aleksey Çernyayev, R.Əfəndiyev, Q.Popov, K.Qarakanidze dərs demişlər. Bu məşhur təhsil ocağı öz fəaliyyətini Qazax Müəllimlər Seminariyası kimi (1918) davam etdirmişdir. Qori Müəllimlər Seminariyasında eyni zamanda N.Nərimanov, Səmədbəy Acalov, Yusif Qasımov, Rəşidbəy Əfəndiyev və b. görkəmli şəxsiyyətlər oxumuşlar.

Mən professorla (o, elmi rəhbərim olmuşdur) görüşəndə (ömrünün payız vaxtı) xatirələrə qapılır, keçmiş illərinə xəyali uçurdu və bu məbədi “ana seminariya” adlandırırdı. Yadıma düşür: Görüşdüm qovluqdan saralmış vərəqi çıxartdı, əlləri titrəyirdi. – Seminariyanın 25 illik yubileyi ilə bağlı bir seminarist yazıbdır, – dedi. – Oxudu.

Şeiri həyəcansız dinləmək qeyri – mümkün idi. Son misraları unutmamışam:

 ... İndi bizi eşit, sən bizi dinlə

Nə qədər əzizdir, doğmadır adın,

Həqiqət və zəhmət şüarı ilə

Səni təbrik üçün tələsirik biz...

 

Onun yumşaq, amma qaltanlı səsi hələ qulaqlarımda səslənir. Sözləri xalq hikməti, yumoru ilə başlayırdı, mətləbi müsahibi çıxarırdı.

Mən professordan soruşdum ki, “atalar – oğullar” münasibətinə necə baxırsız? – O, eynəyini çıxartdı və dedi ki, çox yaxşı. Biz yaşlılar öz yerimizi gənclərə verməliyik...

Son sualımı: “Hazırda nə üzərində işləyirsiz?” idi, cavabı optimal alındı:

– Yenə də pedaqoji fikir tarixindən, – cavablandırdı. – Bu mənim əbədi mövzumdur. Böyük vətənpərvər pedaqoq Firudin bəy Köçərlidən yazıram. Artıq tamamlamaq üzrəyəm. Bir məqaləm “Sovetskaya pedaqogika” jurnalında çap olunub. Eh, işləməli nə qədər mövzular var! Bir ömür azdır. Onlar hansı hissləri yaşamayıblar?!

Vaxt keçirdi. O isə bunu biruzə vermirdi. Ayağa qalxdım, professora minnətdarlığımı bildirdim.

– Sağ olun ki, söhbətləşdik, xeyli yüngülləşdik. Və iş otağına keçdi...

 0

Amma Zaqafqaziyada və Orta Asiyada, təbii ki, Azərbaycanda ilk pedaqoji elmlər doktoru və professoru, əməkdar elm xadimi Əhməd Yusif oğlu Seyidovun adı şərəflə çəkilir. O, 1892-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdu, erkən – dörd yaşında atasını itirmişdi. Anasının himayəsində böyümüş və təhsil almışdı. Əhməd Seyidov Qori Müəllimlər Seminariyasını qurtarmışdı (1917), kənddə, evlərinin ikinci mərtəbəsində qızlar və oğlanlar üçün məktəb açmışdı. Və ilk “Əlifba” dərsliyini də gözəl maarifçi, şair H.K.Sanılı ilə birgə yazmışdı. Böyük yazıçımız Mehdi Hüseynin atası Əli Hüseynovun təklifi ilə otuzuncu illərdə Bakıya gəlmiş, az sonra onu Lənkəran qəzasına maarif müdiri göndərmişlər. Bu bölgədə müdir kimi təhsilin təşkilində, xüsusilə, yetim uşaqların məktəbə cəlb olunmasında əməyini əsirgəməmişdi. Yenidən Bakıya qayıtmış, Azərbaycan Pedaqoji İnstitutda “Pedaqogika” kafedrasına rəhbərlik etmişdir: Qırx il!

Professor Əhməd Seyidov elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmiş və bu sahədə misilsiz iş görmüşdür. Qırxıncı illərdən vəfatına qədər (1977) 100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. Bəlkə də müasir nəslə bu rəqəm və illər sadə görünər, elə deyil. Bir faktla kifayətlənəyəm: Görkəmli pedaqoqlarımızdan akademik Hüseyn Əhmədov və professor, əməkdar elm xadimi Nurəddin Kazımov məhz Ə.Seyidovun yetirmələridir. Onlar da xeyli sayda pedaqoqlara elmi rəhbərlik etmişlər. Varislik!

Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, vaxtilə SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında milli irsimizi yüksək səviyyədə tanıtmışdır. Akademiklərdən Y.M.Medinski, N.K.Qonçarov, D.İ.Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər, Ə.Seyidovun mühitində Mirzə İbrahimov, Mirzə Məmmədov, Yusif Qamov, Əli Hüseynov (M.Hüseynin atası), Mehdi Mehdizadə, Mehdixan Vəkilov, Mir Cəlal Paşayev və digər sayılı simalar olmuş və onlar böyük pedaqoqun nüfuzunu gözləmişlər.

Müharibə illərində Ə.Seyidova APİ-nin rektorluğunu təklif edirlər. O vaxt Maarif Komissarı olan Mirzə İbrahimov M.C.Bağırovun bu tapşırığını çatdıranda: “Mirzə müəllim, mən kommunist deyiləm” – deyir. Və: “Bunu MK-da bilirlər” – cavabını alır. Ə.Seyidov 1944-1949-cu ilədək bu vəzifəni daşıyır. Dəfələrlə milli müəllim kadrların yetişməsi üçün tələbə qəbulunda erməni funksionerlərilə üzləşir. Hətta məsələlər MK səviyyəsinə qədər qalxır. Lakin ədalətli və xalqını sevən Əhməd müəllim qalib çıxır. Onun həyatında bu cür siyasi – əxlaqi faktlar istənilən saydadır...

Professor Ə.Seyidov tarixi şəxsiyyətlər sırasında daha çox yeri görünənlərdən biridir. Onun sağ qalmasının və 85 il ömür sürməsinin səbəbləri üzə çıxır, ibrətlidir: Dövlət intizamından çəkinən, vəzifəsindən və nüfuzundan sui istifadəni rədd edən, məsuliyyət hissinə tabe olan, elmi öz idealı seçən xeyirxah bir fenomenal şəxsiyyət olması. Daha doğrusu, pedaqoji fikir tarixinin “məktəbini” yaradan, onu inkişaf etdirən bir alimdi. Sovet rejimində, klassiklərimizə hörmət qoyulmayanda, hər şeyi rus şovinizminə bağlanan vaxtda Nizami və Füzulini orijinaldan araşdırdı, Seyid Əzim və Mirzə Ələkbər Sabiri, Mirzə Cəlilipedaqogika dərslikrinə gətirdi. F.B.Köçərlinin pedaqoji görüşlərini tədqiq etməklə, öz müəlliminə borcunun sanki bir qismini qaytardı.

Professor Əhməd Seyidov uzun boyu, qaməti, ağır yerişi, qaltanlı səsiylə tərəf müqabilini yaxşı mənada sarsıdırdı. Çünki halal, təmiz, haqqı sevən, tələbkar, dəqiq insandı. Kafedra üzvlərinin, aspirantlarının, təbələrinin nəzərində zabitəsini təbii şəkildə aşılamışdı. Hətta özündən sonra rektor işləyən Ələsgərov, Qədirov, Vəkilov, Əliyev, Ağayevlər (Şövqi və Həşim) onun gönə dik baxmağa cəsarət göstərmirdilər: xüsusilə, son üç rektor. Səbəbsiz deyildi. Bəlkə də dovr, mühit onları bu hissə qoşmuşdu ki, Seyidovun yanında özlərini onun tələbəsi kimisaymışlar...

Professor Ə.Seyidovun pedaqoji yaradıcılığında bir idealı da o idi, milli pedaqoji fikir tariximizi araşdırsın, qeyri – xalqlar yəqinləşdirsinlər ki, zəngin keçmişimizi və təhsil – tərbiyə ənənələrimizi gizlətməyə ehtiyac qalmır. Otuzuncu illərdən belə bir elmi missiyanı üzərinə aldı və klassiklərimizdən A.A.Bakıxanov, M.Ş.Vazeh, H.B.Zərdabi, M.F.Axundov irsinə də müraciət etdi. Bununla yanaşı, dünya pedaqoqlarından Con Lokku, K.D.Uşinskini, S.Disterveqi, J.J.Russonu, N.Pestalotsini və başqalarını araşdırdı.

Maraqlı bir fakt: Ə.Seyidov Moskvaya məşhur akademik Y.M.Medinskinin yanına gəlir və ingilis Con Lokku dissertasiya mövzusu kimi tədqiq etmək fikrini ona söyləyəndə o, soruşur:

– Əhməd Yusifoviç, sizin millətiniz nədir?

– Azərbaycanlı, – cavab verir.

– Sən millətini sevirsənmi? – Yenidən xəbər alır və “bəli” cavabını da eşidir.

– Əhməd Yusifoviç, Con Lokkun öz sahibləri var. Bəs Azərbaycanın qabaqcıl adamlarını, onların fikir nümayəndələrini, pedaqoji görüşlərini kim işləməlidir?

Bu ibrətli söhbətdən sonra Əhməd Seyidov Abbasqulu Ağa Bakıxanovun pedaqoji irsini layiqincə tədqiqata qoşdu və ilk dəfə pedaqoji elmlər namizədi üzrə dissertasiyasını müdafiə etdi.

Digər maraqlı fakt: Bir gün Mikayıl Muşfiq Əhməd Seyidovun evinə gəlir. Və xahiş edir ki, onun poeziyasındakı tərbiyə məsələləri haqqında məqalə yazsın (Artıq37-ci il yaxınlaşmışdı, şairə hücumlar da güclənmişdi). Və qələmə alır: 12 səhifə. Məqalə M.Müşfiqin şeirlərini xilas etsə də, şairin xilasına gücü çatmadı.

Ə.Seyidov rejimi gözləyən indakar alim olub və bu hissdən yorulmayıb. Akademik Y.M.Medinskinin məsləhətindən sonra “Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri” mövzusunda doktorluq işini başa çatdırdı (1945) və az sonra (1947) uğurla müdafiə etdi.

Daha bir fakt: Vaxtilə, yəni 2-3 il əvvəl rektor işləyərkən institutda sıxışdırğı erməni kommunistlər Azərbaycan MK-ya və hətta SSRİ-nin yuxarı təşkilatlarına məktublar ünvanladılar. Xeyli çək – çevirdən sonra Əhməd Seyidov qalib çıxdı və əsərin çapını məsləhət gördülər. Ə.Seyidovu bu proseslərdə ermənilərdən dafiə edənlərdən biri də böyük ədəbiyyatşünas, professor Mikayıl Rəfili olmuşdur. Onun tribunadan cəsarətlə erməniləri ifşa etməsi özü də dəlillərlə – qeyri –adi səs salır. Hətta bu çıxış yuxarılara da gedib çıxır və heç bir mənfi reaksiya doğurmur...

Tarix yerində saymır, siyasi mühit hər şeyi özünə tabe edirdi. Ona görə də idealogiya sərt qanunları ilə başqa cür davranır: 30-50-ci illərdən çıxanlar hər iki münasibəti yaşamışdılar, birinin payına az, digərinə çox – hər halda təsəlli o idi – qara buludlar dağılmalı, çən – duman çəkilib getməliydi. Və ötdü də. Amma 60-70-ci illər siyasi – əxlaqi konturlarını cızdı, ziyalılara başqa yöndən yanaşıldı. O da səfi qədərində yeni “davranış xətti”nə imza atdı. Yeni iddialar yaranmışdısa, bunlar professor Əhməd Seyidovdan yan keçirdi.

Qırxıncı illərdən başlayaraq, pedaqoji fikrin tədqiqinin unudulduğu bir dövrdə vətənpərvər alim öz milli irsimizi seçdi: “A.Bakıxanovun fəlsəfəsi onun pedaqoji sisteminin əsasıdır”, “A.Bakıxanovda əxlaq tərbiyəsi və təhsil”, “S.Ə.Şirvanı müəllimin rolu haqqında”, “XIX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikrin inkişafı” (monoqrafiya) əsərlərini çap etdirdi. Qonşu respublikaları qabaqlayan professor Əhməd Seyidov artıq İttifaq miqyasında tanınmalı oldu. Məşhur rus akademiki Y.Medinskinin bir fikri bu gün də əhəmiyyətli səslənir: “Ə.Seyidovun tədqiqatı şübhəsiz, bir başlanğıcdır. Bundan sonra SSRİ-nin ayrı – ayrı xalqlarının pedaqoji fikirlərinin inkişafını işıqlandırmaq məqsədini daşıyan dissertasiyalar yazılmalıdır. Bu səpkili elmi işlər pedaqogika tarixini zənginləşdirməkdə çox şey verir, yeni məsələlər qaldırır, hətta pedaqogika sahəsində çalışan təcrübəli işçilərin görüş dairəsini genişləndirir”.

Bir həqiqətdi ki, xalqımız digər xalqlar kimi, pedaqoji fikir tarixində məhz bu sahədə araşdırmaların aparılması məsələsini üzərinə götürdü və son nəfəsinəcən elmi əqidəsinə sadiq qaldı. Təsadüfi deyil, bu gün pedaqogika sahəsində səmərəli fəaliyyət göstərən H.Əhmədov, N.Kazımov, F.Seyidov, Ə.Ağayev, S.Şəfiyev, S.Quliyev, İ.İsayev, İ.Musayev, Vidadi Bəşirov və digərləri böyük pedaqoqun yetirridir.

Ə.Seyidov güclü şəxsiyyət idi və heç bir siyasi – əxlaqi mühit, hakim elita onun əqidəsini azca da olsa əyə bilməmişdir. Ermənilərin tüğyanı vaxtında, M.C.Bağırovla üzbəüz görüşündə də bu millətçi və yaltaq fərdləri ifşa etmiş, haqlı olduğu üçün qalib çıxmışdır. Belə ki,  Azərbaycan Pedaqoji İnstitutunun direktoru vəzifəsində çalışarkən milli müəllim kadrların yetişməsində erməni partiya funksionerlərin amanını kəsmiş, küncə sıxışdırmışdır. Unutmayaq, bu proses 46-48-ci illərdə baş vermişdir.

Professor Ə.Seyidov “Pedaqogika” kafedrasının müdiri olarkən bu mikro elm mərkəzinin səviyyəsini nəinki institutda, hətta o vaxtkı SSRİ respublikalarının pedaqogika kafedraları sırasında fərqləndirmişdir. Hər il onlarla Zaqafqaziyadan, Moskvadan, Daşkənddən, Düşənbədən təcrübə mübadiləsinə (stajirovkaya) pedaqoqlar gəlmişlər. Onlar arasında professorun elmi rəhbəri olduğu gənclər, orta yaşlar da vardı. Bu sətirlərin müəllifi bunların şahidi olmuşdur. Xatırlayıram: D.Harunov, B.Həmzətova (Dağıstan), B.İsmayılov, F.Ustoyev (Tacikistan), K.Kolba (Abxaziya), C.Urumbayev (Karakalpak) və başqalarını. Bu şəxslər Pedaqoji İnstitutda dissertasiya müdafiə etmişlər.

Professor Əhməd Seyidov görkəmli alimlərimizdən Mehdi Mehdizadənin, Ziyəddin Göyüşovun, Ağamməd Abdullayevin, Şövqi Ağayevin, Bəşir Əhmədovun rəsmi oppenenti olmuşdur. Görkəmli pedaqoq unudulmaz şəxsiyyətlərimizdən İ.Şıxlının, Şıxəli Qurbanovun müəllimi kimi, onlardan qürurla danışırdı. Xüsusilə, İsmayıl Şıxlı “Dəli Kür” romanını yazanda Qori Müəllimlər Seminariyası ilə əlaqədar bəzi məlumatları Əhməd Seyidovdan almışdı. Yeri gəlmişkən xatırladaq ki, İ.Şıxlı Qoru Seminariyasındakı ictimai – siyasi mühiti, Semyonov, Çernyayevski kimi pedaqoqların azərbaycanlı tələbələrə münasibətini öyrənmək istəyirdi. Rus Əhməd obrazı da yaranmalı idi. Professor gələcək roman müəllifinə materiallar verir, maraqlı əhavalatlar söyləyirdi. Amma Əhməd Seyidov bir arzusunu gizlətmədi: İnsan xarakterinin mənfi, yaxud müsbət xüsusiyyətlərində doğulduğu, böyüdüyü təbiətin rolunu əyaniləşdirsin. Müdrik İsmayıl Şıxlı müəlliminə nikbin cavab verdi, əsəri tamamladı və bir nüsxəsini avtoqrafla professora bağışladı. Ə.Seyidov isə seminarist Əşrəfi – Cahandar ağanın oğlunu bir obraz olaraq alqışladı. Kür çayı ilə, Qarayazı meşəsi ilə...

Ə.Seyidov 1958 və 1970-ci illərdə çoxcildlik “Pedaqogika tarixi” və “Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən” monoqrafiyalarını qələmə aldı. Bu gün də həmin əsərlər bir dərslik kimi ali məktəblərdə istifadə olunur.

Professor Əhməd Seyidov səhhətilə bağlı Bakıdan doğma Aslanbəyli kəndinə gəldi. Torpaq idi onu çəkən. Onun gəlişini eşidənlər qonşu kəndlərdən: Şıxlı, Kosalar, Salahlı, Daşsalahlı, Orta Salahlı, Muğanlıdan axışır, qocaman pedaqoqun görüşünə can atırdılar. Maraqlı həm də o idi, 20-ci illərdə Qazaxda dərs dediyi uşaqlar daha çoxdu, indi onların özü yaşa dolmuşdularsa, “uçitel Əhməd Seyidov”a qulluq göstərmək səadətinə nəsib olmuşdular.

Professor, əməkdar elm xadimi, pedaqoji fikir tarixinin patriarxı Əhməd Seyidov 1977-ci ildə gözlərini əbədiyyətə yumdu və Aslanbəyli kəndində dəfn edildi. Onun elmi irsi isə bizim işıqlı dünyamızdadır, xalqına, onun övladlarına xidmət göstərir: Dahi yazıçı Viktor Hüqonun sözlərini xatırlamaq yerinə düşərdi: “Ey xalq, əgər dahilər sənin deyilsə, kimin olmalıdır? Sən böyük ana qucağısan, dahiləri yetirən sənsən, qoy onlar doğma torpaqlarına xidmət etsinlər”.

Əhməd Seyidovun qəbri daima sayqı ilə yad edilir...

Allahverdi EMİNOV,

Yazıçı- pedaqoq
(Xüsusi olaraq "Təzadlar" üçün)