Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəhbərliyinin diqqətinə: 2020-ci ildə məhkəmələr tərəfindən həbsxanaya göndərilən 9946 məhkumun 4193-ü (42,2 faiz) təkrar cinayət törədənlərdir…

Dövlət bir məhbusa ayda 700 manat xərc çəkir, amma məhbusların yolunda havaya sovrulan yüz milyonlarının əvəzində əksər hallarda törədilən yeni cinayətləri görürük…

...Yəqin fikir vermisiniz, Daxili İşlər Nazirliyi hər gün ölkədə baş verən cinayət hadisələri barədə məlumatlar yayımlayır. Bu məlumatlarda diqqəti çəkən çox məqamlar var. Lakin bunlardan ən vacibi baş verən cinayətlərin eyni şəxs-keçmiş məhbus tərəfindən təkrar törədilməsidir. Daha doğrusu, məlum olur ki, cinayəti törədən şəxs artıq bir neçə dəfə məhkum olunub, həbsdən çıxan gün, bəzən bir müddət sonra təkrar cinayət əməlini törədib…

 Bəs məhbusları yenidən cinayət törətməyə məcbur edən səbəb nədir?

 Təşəkkür edirəm ki, Dövlət Statistika Komitəsinə göndərdiyim sorğu qısa vaxt ərzində cavablandırıldı. Söhbət son illər törədilən cinayətlərin eyni əmələ görə artıq bir və ya bir neçə dəfə məhkum olunmuş keçmiş məhbuslar tərəfindən törədilməsindən gedir. Bəs necə olur ki, cinayət törədən şəxs məhkum olunur, məhbəs həyatı yaşayır, azadlıq kimi bir müqəddəs nemətdən məhrum edilir, amma yenə də ona dərs olmur və o, yenidən cinayət törətməli olur. Məgər həbsxanalarda məhbusları islah etmirlər ki?! Bəlkə  onlar yenidən cinayət törətməyin yeni yollarını öyrənir, daha da peşəkarlaşırlar?! Sual nə qədər ürək ağrıdan olsa da, cəmiyyətimiz, aidiyyəti dövlət qurumları onun cavabını verməlidirlər…

 Bəs bu dəfə əfv olunacaq 17 min məhbusu nələr gözləyir???

 Azərbaycanın Milli Məclisi 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarı qəbul edib. Bu, tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azad etmənin dairəsinə görə ən böyük amnistiya olacaq. Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı Prezident tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 17 min nəfərədək şəxsə şamil ediləcəyi gözlənilirdi, təxminən elə də oldu. Olsun! Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılırdı, bu da olacaq.

 Amnistiya aktına görə, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulurdu, bu da baş verəcək. Hətta ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən də azad edilirlər. Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin cəzadan azad edilirlər. Çox əla! Alqışlanılsın! Amma…

 

 Bəs bu humanizmin əvəzində təkrar cinayət törədilməsinin əsas səbəbi nədir?

 Tanınmış hüquqşünas, keçmiş polis rəisi Şəmsəddin Əliyev bu suala belə cavab verdi:

- Cinayət törətmiş təqsirləndirilən şəxsə qarşı ədalət mühakiməsində çıxarılan qərar və verilən cəzada 3 məqsəd var: birincisi, sosial ədaləti bərpa etməkdir ki, zərərçəkmiş də təsəlli tapsın. Bilsin ki, dövlət də cinayəti törədənə ədalətli cəza verdi. Və cinayəti törədən də bilsin ki, ona əməlinə görə düzgün cəza verildi. İkincisi, cinayət törədəni islah etmək: məhkum gələcəkdə azadlığa çıxanda qəsdən törədilən bu əməli bir də təkrarlamasın. Üçüncüsü, təkrar cinayətlərin qarşısını almaq. Burda 4-cü və ya 5-ci məqsəd yoxdur, bu ədalət mühakisəinin klassik düsturudur. Çox təəssüflər  olsun, penitensiar müəssisələr qapalı olduğundan dəqiq deyə bilmərik ki, niyə cinayət törətmiş şəxslər orada islah olunmur, əksinə, sonradan təkrar cinayət törədirlər... Amma təcrübə göstərir və mənim kimi peşəkar hüquqşünaslar da belə qənaətdədir ki, məhbuslar həbsxanalarda islah edilmir. Edilsəydilər, onlar təkrar cinayət törətməzdilər, yenidən məhbəsə düşməzdilər...

-Bəs niyə islah olunma yoxdur, yaxud aşağı səviyyədədir?

-Məsələ ondadır ki, Sovetlər dönəmində həbsxanalarda məhbusların faydalı əməklə məşğul olması üçün şərait var idi. Onlar müxtəlif peşələr üzrə çalışırdılar, həm özləri pul qazanıb ailələrinə göndərirdilər, həm də dövlət bu məhbuslara çəkilən xərcləri qarşılayırdı. İndi bilinmir ki, bu şərait nə yerdədir. Yaxşı, gəlin düşünək, necə olur ki, 3, 5, 10, 15 il azadlıqdan məhrum edilən, min bir əzablara dözüb azadlığa çıxan məhkum yenidən cinayət törədir? Axı belə olmamalıdır. Niyə? Sovet dövründə neçə min adam buraxılırdısa, rayonlar üzrə onların məşğulluğu nəzarətə götürülürdü. Müəssisə və zavodlarda, fabriklərdə məhbuslarla bağlı komissiyalar var idi, vakant iş yerini elan edirdilər. Aministiyanın mahiyyəti budu: dövlət deyir, vətəndaş mənimdir, mən onun azadlığını istəyirəm, onun cinayətini-əməlini unuduram. Məhbus isə dövlətin bu etimadını bəzən heçə endirir. Siz söhbətin əvvəlində çox maraqlı bir məsələyə toxundunuz ki, dövlət hər bir məhbusa ayda 700 manat xərc çəkir. Təsəvvür edin, təkcə hər il 10 minlərlə məhkum olunmuşlar həbsxanalara göndərilir…  Onların saxlanılması dövlətə görün nə qədər məsrəfə başa gəlir. Niyə bu qədər xərc çəkən dövlət həmin məhkumun əməyindən bəhrələnməsin? Axı əmək vərdişləri adamı insan edib, təkamül də belə olur… Məhkumları isə sonradan yenidən həbsxanaya qaytaran səbəb  onların məhbəs həyatından sonrakına nəzarətin olmaması, işsiz qalmaları, dolana bilməmələridir.

-Necə bilirsiniz, sosial durumu pis olub hardansa məcburən kabel, məişət avadanlığı oğurlayana da aministiya tətbiq edilir, məsələn, dövlətə on milyonlarla ziyan vurmuş məmura da. Keçmiş MTN-nin generallarının işi, icra başçılarının işi… Dövlətə yüz milyonlarla ziyan vurmuş nazirlərin, elə Vidadi Zeynalovun əfvi… Burada sosial ədalət pozulmurmu?

-Tamamilə doğru yanaşmadır… Məsələn, düşünürəm ki, Prezidentin sərəncamı ilə vəzifəyə təyin edilmiş, sonradan rüşvətə və korrupsiya əməlinə görə həbs edilmiş məmura aministiya tətbiqi doğru deyil. Onun cinayəti təkcə vəzifə səlahiyyətini aşma, vəzifədən sui-istifadə, rüşvətxorluq, korrupsiya deyil, həm də Prezidentin, deməli, dövlətin etibar və etimadına xəyanətdir. Onların əməlinə dövlətə xəyanət prizmasından yanaşılmalı və onlar cəzasını sonadək çəkməlidirlər… 

 

 «Xaricdən gələn hüquq müdafiəçiləri həmişə həbs olunanların hüquqları ilə maraqlanırlar, amma zərərçəkənlə maraqlanan yoxdur…»

 Hüquqşünas Şəmsəddin Əliyev daha bir vacib məqama da toxundu:

- Özüm də bir QHT rəhbəri kimi, təcrübədən çıxış edərək bir vacib məqama da toxunmaq istəyirəm. Məsələn, xaricdən gələn hüquq müdafiəçiləri həmişə həbs olunanların hüquqları ilə maraqlanırlar, onların həbsxana, yaxud saxlamnma yerlərində-təcridxanalardakı vəziyyətlərini öyrənirlər. Sonra hesabat hazırlayırlar ki, filan məhbusun hüququ belə pozulub və s. Axı cinayət törədilən zaman iki tərəf var: təqsirləndirilən və ya məhbus, bir də zərərçəkən. Niyə xaricdən gələn, eləcə də bizim özümüzdəki hüquq müdafiəçiləri niyə bir dəfə də zərərçəkənlə maraqlanmırlar? Axı zərərçəkənin vəziyyəti daha ağırdır, onun övladı, həyat yoldaşı və s. öldürülüb… Bax belə hallara görədir ki, cinayət törədən də düşünür ki, onun hüquqları ilə maraqlanacaqlar, ona görə də, sanki arxayındır ki, cinayətkar olsa da, diqqət mərkəzində olacaq və s. Belə olur deyə, cinayətkarlıqla mübarizədə həm də təkrar cinayət törədənlərə daha çox rast gəlmiş oluruq…

 Azərbaycanda hər il nə qədər məhbus «istehsal» edilir???

 Acı da olsa, statistikaya istinad etməliyik: 1993-cü ildə Azərbaycanda 14968 nəfər cinayət törədib. Bu göstərici sonrakı illərdə belə olub: 1994-14637, 1995-17084, 1996-16730, 1997-15424, 1998-14057, 1999-13249, 2000-12906, 2001-13589, 2002-14555, 2003-14447, 2004-16030, 2005-17303, 2006-18564, 2007-17734, 2008-18312, 2009-19417, 2010-18689, 2011-18612, 2012-17030, 2013-14841, 2014-15560, 2015-16322, 2016-16676, 2017-16750, 2018-16727, 2019-17823, 2020-17482!

Bu isə məhkum olunanların sayı (rəqəmləri beş ildənbir təqdim edirik): 1993-10782,  1995-13899, 2000-14605, 2005-13711, 2010-14496, 2015-13270 və 2020-ci ildə 9946 nəfər!

Diqqəti nümunə üçün sonuncu rəqəmə yönəltmək yetər ki, dövlət ayda bir məhbusa 700 manat xərc çəkirsə, deməli, hər il təxminən 7-8 milyon manatını göyə sovurur. Yəni, cinayət törətmişlərin saxlanılmasına! Bura minlərlə personalı olan penitensiar müəssisələrin işçilərinin də vəzifə maaşını və s. əlavə etsək, görün dövlətimiz hər il nə qədər izafi xərcə məhkumdur. Nəzərə alın ki, hər il həbsxanalara 10 minə yaxın məhbus göndərilir. Azad edilənləri, əfv olunanları və s. çıxdıqda, orta hesabla isə , ümumilikdə, hazırda həbsxanalarımızda 20-25 min məhbus saxlanılır…

 

Məsələn, "Dünya Həbsxanalarında əhali siyahısı» başlıqlı hesabata görə, dünya üzrə məhbusların ümumi sayı 10 milyon 350 mindən çoxdur. Məsələn, ABŞ "həbsxana əhalisi" ən çox olan ölkədir. ABŞ-da 2 milyon 200 mindən artıq məhkum var. Bu göstərici Çində 1 milyon 650 min, Rusiyada 640 min, Braziliyada 607 min və Hindistanda isə 418 mindən çoxdur. London Universiteti nəzdində fəaliyyət göstərən Cinayətkar Siyasət Tədqiqat İnstitutu (ICPR) və Dünya Həbsxana Xülasəsi (WPB) təşkilatları tərəfindən hazırlanan hesabatda isə bildirilir ki, Çin və Şimali Koreyadakı nəzarət mərkəzlərində saxlananların daxil edilməsi halında, dünya miqyasında məhbusların ümumi sayı 11 milyonu keçir. Həmin hesabatda isə Azərbaycanda 22,5 mindən çox məhbusun olduğu bildirilir.

 Bəs məhbuslarımızın təkrarən törətdiyi cinayətlərin statistikası nə deyir?

 Bəli, nə qədər ki, insan cəmiyyəti var, problemlər də olacaq, cinayət də. Amma ən pisi odur ki, bu cinayətin statistikasını həm də məhbuslar tərəfindən təkrar törədilən cinayətlər zənginləşdirir. Azərbaycan Dövlət Statistika Komitəsindən «Təzadlar»ın informasiya sorğusuna verilən cavabdan məlum olur ki, əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən sonradan təkrarən cinayət törətmə ciddi narahatlıq doğurur. Məsələn, əvvəllər cinayət törətmiş şəxslərin sonradan törətdiyi cinayət hadisələrinin statistikasında göstərilir ki, məsələn, ötən il-2020-ci ildə əvvəllər məhkum olunmuşlar tərəfindən 4193 cinayət hadisəsi törədilib ki, onların da 18-i qəsdən adam öldürmə, 1405-i oğurluq, 253-ü dələduzluq, 96-ı soyğunçuluq, 26-ı quldurluq, 80-i xuliqanlıq, 1505-i narkotik maddələrlə bağlı cinayətlərdir.

  Ədliyyə Nazirliyi rəhbərliyinin diqqətinə: 2020-ci ildə məhkəmələr tərəfindən 9946 məhkum həbsxanaya göndərilibsə, onların 4193-ü (42,2 faiz) təkrar cinayət törədənlərdir…

 Bu acı statistik göstərici 2015-ci ildə 2726, 2016-cı ildə 3051, 2017-ci ildə 2972, 2018-ci ildə 3575, 2019-cu ildə 3458 olmuşdur.

Rəqəmlərdən göründüyü kimi, son 5 ildə keçmiş məhkumlar tərəfindən törədilən cinayət hadisələri artan dinamika ilədir. Niyə? Niyə məhkum həyatı yaşayan, azadlığını 3-5, 10-15 il itirən şəxs cəzasnı çəkib azadlığa çıxandan sonra təkrar cinayət törətməlidir? Hətta ən acı fakt ondan ibarətdir ki, azadlığa çıxan məhkum həbs olunarkən törətdiyi cinayəti sonradən yenidən təkrar törətmiş olur. Belə çıxır ki, məhkumlar həbsxanalarımızda islah olunmurlar? Və niyə islah olunmurlar? Bəs məhbəs həyatının, məhkəmələrin təyin etdiyi cəzaların məçna və mahiyyəti-fəlsəfəsi məhkumun islah edilməsi, yenidən cəmiyyətə qayıtması deyil??? Diqqət edin, məsələn, 2020-ci ildə məhkəmələr tərəfindən 9946 məhkum həbsxanaya göndərilibsə, onların 4193-ü təkrar cinayət törədənlərdir. Yəni, məhkum olunanların 42,2 faizi təkrar cinayət törədənlərdir… Bu, artıq ciddi düşünməyə əsas verir. Gəlin birlikdə düşünək və bu suala birlikdə cavab verək: niyə məhkumlar islah müəssisələrində-həbsxanalarda islah edilməz olur???

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb)

 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA