RLDP sədri Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

 Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin palatanın plenar iclasında bildirib.

"Vladimir Volfoviç Jirinovski ağır və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib", - deyə Volodin bildirib.

TASS-ın məlumatına görə, deputatlar siyasətçinin xatirəsini bir dəqiqəlik sükutla yad edib və iclasa fasilə elan ediblər.

Xatırladaq ki, Vladimir Volfoviç Jirinovski 8 dəfə koronavirusa qarşı peyvənd vurdurmasına baxmayaraq,  COVİD 19-a yaxalanaraq xəstəxanalıq olmuşdu. O, fevralın 2-də "covid-omikron" diaqnozu ilə Moskva Mərkəzi Klinik Xəstəxanasına aparılıb. Əvvəllər həm partiyasının mətbuat xidməti, həm də Klinika tərəfindən vəziyyətinin normal olması barədə açıqlamalar verilsə də, son vaxtlar onun səhhətinin heç də yaxşı olmadığı və pisləşdiyi barədə məlumatlar dolaşmağa başladı. Hətta Rusiya KİV-də siyasətçinin bir neçə dəfə ölüm xəbəri yayılsa da, bu xəbər təkzib edildi.

Xatırladaq ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev yanvar ayında bir müddət ortalıqda  görünməyəndə, o zaman Jirinovski də onun çoxdan öldüyünü və artıq dəfn edildiyini bildirmişdi...

Ölənin ardınca danışmazlar deyirlər, ona görə də "köhnə dəftərləri" açmırıq.

Allah dərgahına gedən Jirinovski indi onu qarşısında cavab verir...

Allah günahlarından keçsin!

JASMİN