Uzun illərdir bütün dünyada, eləcə də Azərbaycanda “Kinder” şokoladları uşaqların sevimlisinə çevrilib....

Qeyd edək ki, dünyada istehsalçı şirkətlər öz məhsullarının, mallarının daha cəzbedici olması üçün müxtəlif dizaynlar, qeyri-adiliklər axtarışında olurlar. Onlar güclü bazar rəqabətinə davam gətirmək, həm də məhsullarını ixrac etdiyi ölkələrdə alıcı kontingetini davamlı olaraq əldə saxlamaq üçün əllərindən gələni edirlər.

Uşaqlara aid bir çox məhsul, mal çeşidlərində bu dizaynları, yenilikləri edənlər isə uşaq  psixologiyasının gözəl biliciləri olur. Onlar uşaq qəlbinin, dünyagörüşünün, düşüncəsinin bütün incəliklərini bilirlər. Və təqdim etdikləri məhsulun uşaqlar üçün keyfiyyətinin deyil, cəlbediciliyinin önəm daşıdığı incə nüanslarına diqqət verirlər...

Düzdür, istehsalçı şirkətlər - müəssisələr arasında keyfiyyətə önəm verənlər də az deyil, amma “Ferrero” kimi dünyaca məşhur şirkətin məhsullarında salmonella bakteriyası aşkarlanırsa, əlavə şərhə ehtiyac yoxdur. Necə deyərlər, fakt faktlığında qalır.

Ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm əhalini, həm də sahibkarları xəbərdar edərək məlumat yaydı ki, İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul – 7 oktyabr 2022-ci il tarixli bəzi məhsullarında salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.

Və Agentliyə bununla bağlı RASFF-dən bildiriş daxil olub. AQTA adları qeyd edilən həmin məhsullardan nümunələr götürərək apardığı müayinələr nəticəsində onlarda salmonellanı aşkarlamadığını, lakin vətəndaşları və sahibkarları tədbirli olmağa və həmin məhsulların satış obyektlərindən yığışdırmağa səsləyib. Həmçinin, vətəndaşların həmin məhsulların satışına rast gələcəyi təqdirdə “1003 – Çağrı Mərkəzi”nə məlumat verilmələrini xahiş edib.

Qeyd edək ki, yayılan bu məlumatdan sonra əsasən məktəbəqədər yaşda və ibtidai siniflərdə oxuyan uşaqların valideynləri çox narahat olmağa başladılar. Axı azyaşlıları xüsusi dizaynı və görünüşü ilə özünə cəlb edən “Kinder” yumurtalarını, əksəriyyət valideynlər övladlarına alıb verirlər. Bəs, uşaqları “Kinder” şokoladlarına cəlb edən nədir?

Diqqətinizə çatdırırq ki, “Kinder” şokoladlarının uşaqlar üçün ən cəlbedici olanları “Kinder -sürprizlər”dir. İstehsalçı şirkət müxtəlif ölçüdə yumurta formasına salınmış nazik qabıq şəklində olan şokoladların içərisinə, xüsusi plastik qablarda kiçik hədiyyələr, sökülüb yığıla bilən barmaq boyda və ya ondan kiçik oyuncaqlar  yerləşdirir, həmçinin bəzilərinə də əlavə olaraq, kiçik qabda şokolad pastası (qaşıqla) yerləşdirir. Və bu şokolad – yumurtalardan çıxan plastik oyuncaqları konstruksiya kimi yığıb formaya salmaq uşaqların çox xoşuna gəldiyi üçün valideynlərini, hətta hər gün onlardan birini almağa məcbur edirlər. Onlar belə oyuncaqların kolleksiyasını da yığırlar...

Və bu, uzun illərdir ki, bir çox Azərbaycan ailəsində dəb halını alıb. Qeyd edim ki, şokolad kütləsinə görə çəkisi çox az olan bu sürprizli “Kinder” şokoladların qiymətləri müxtəlifdir və ortalama 2 manat 50 qəpik - 3 manat arası dəyişir. Bu, onun ölçüsündən, içərisindəki hədiyyədən asılıdır...

Bəli, belə olan halda, yenə də uşaq qidaları və Azərbaycanın uşaq qidaları ilə bağlı idxaldan asılılığı yada düşür.

Hələ sovet dövründə Bakıda məşhur karamel fabriki vardı və orda şokoladlar da istehsal olunurdu. Elə şokolad qutuları vardı ki, içərisi müxtəlif içlikli, formalı şokoladlardan ibarət olurdu və yaxud da tək-tək satılan cürbəcür quruluşda, dizaynlarda şokolad növləri...

Hətta fabrikdən bu şokoladları almaq üçün vasitəçi də axtaranlar vardı. Sözümün canı odur ki, hələ o zamandan qənnadıçılarımız, bu sahə üzrə gözəl mütəxəssislərimiz vardı. Necə ola bilər ki, belə bir keçmişi olan qənnadı sənayemizin bugünkü mütəxəssisləri şokolad fabriklərində uşaqlarımızı xüsusi forma və dizaynı, tərkibi ilə cəlb edən yüksək keyfiyyətli şokoladlar fikirləşə bilmirlər və bu gör-götür dünyasında heç bir yeniliyə getmirlər?

Mağazalarımızdakı bu boşluğu doldurmaq üçün də kimlərinsə distribütorluğu ilə  xaricdə istehsal edilən məhsullar gətirilir... Niyə biz bütün dünyada məşhur ola biləcək yerli qənnadı məhsulları istehsal edə bilmirik və bir çox məhsullara görə xarici idxaldan asılı olmalıyıq?

Məhz bunun nəticəsidir ki, indi valideynlər qorxuya düşüb, uşaqlar isə bikefləyiblər...

Çünki onların hər zaman həvəslə aldırdığı “Kinder” şokoladlardan salmonella tapılıb və bu  sevinci yaşamaqdan məhrum olublar, bəlkə də həmişəlik...

P.S. Körpələrimizin “smes”ini, “kaşa”sını Niderland keçilərinin südünün ümidinə qoyduğumuz kimi, onları sevindirə biləcəyimiz şokoladları da “Ferrari”nin “Kinder” sürprizlərinə möhtac buraxmışıq.

Çox təəssüf...

JASMİN