Artıq Səudiyyə Ərəbistanı Həcc üçün icazə verilən limiti 1 milyon nəfərə çatdırıb.

Bu məlumatı ölkənin rəsmi “Saudi Press Agency” informasiya agentliyi yayıb. Yeni qaydaya görə, həcc və umrə ziyarətinə yaşı 65-dən az olan, tam vaksinasiya kursu keçmiş şəxslər buraxılır. Ötən il pandemiyaya görə qadağan edilmiş Həcc ziyarətinin bu il açılacağı ehtimal edilir...

*** 

...Allah bütün müsəlmanların ziyarətini qəbul etsin! Kiçik bir hesablama apardıq: Həcc ziyarəti zəvvarlara təxminən 3-5 min dollara başa gəlir. Bu, Səudiyyə Ərəbistanına bir dəfəyə 3-5 milyard dollar deməkdir. Azərbaycandan da hər il kifayət qədər dollar hacı olanların sayəsində Səudiyyə Ərəbistanına axır. Səudiyyə Ərəbistanı neft ölkəsidir, Azərbaycan kimi 30 il ərzində Ermənistanın işğalına məruz qalmayıb. Təkrar edirik, Allah hər bir müsəlmanın, o cümlədən Azərbaycandan olan zəvvarların ziyarətini və hacılığını qəbul eləsin! Amma gəlin bir az da müsəlman kimi yox, torpağını 30 illik erməni cəlladlarından şəhid qanı ilə azad etmiş Azərbaycan türkü kimi düşünək: Səudiyyə Ərəbistanı bu qədər valyutanın hesabına ölkənin problemlərini həll edir. Bizim də Qarabağda və elə Azərbaycanın hər yerində valyutaya ehtiyacımız var. İndi elektron əsridir, insanlar onlayn qaydada ali təhsil diplomu alır və s. Bəlkə Qarabağı tikib qurtarana kimi hacı olmaq istəyənlər üçün də bir virtual yol fikirləşək. Məsələn, təklif edərdim ki, işğaldan azad edilmiş torpaqların Ali Baş Komandanı İlham Əliyev türk dünyasının  müqəddəs şəhəri olan Şuşaya ziyarət edərək şəhərin quruculuğuna 3-5-10 min dollar yatırım edən şəxslərə avtomatik olaraq "Azərbaycanın Şuşa zəvvarı", yaxud "Qarabağın Hacısı" və s. kimi titullu adlar verilsin. 3-5 mahnı oxuyan və özü üçün toylarda pul qazananlara Xalq artisti, Əməkdar artist adları verilirsə, Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama... ziyarət edib pul yatırımı edənlərə niyə "Xalq hacısı", "Əməkdar hacı" kimi Fəxri adlar verilməsin?! Və kim Məkkə ziyarətinə getmək istəyir, buyursun, ora da yol açıqdır!

Məkkə, Mədinə müsəlman ərəb dünyasının müqəddəs şəhəridir, Şuşa da müsəlman türk dünyasının! Gəlin müsəlman ərəb kimi yox, bir az da müsəlman türk, müsəlman azərbaycanlı kimi düşünək! 

A.Məmmədli