Gürcüstanda vətəndaşların müqaviləli xidmətdə qəbulu tətbiq edilir...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Milli Qvardiyanın şəxsi heyəti səyyar çağırış maşınları ilə ölkənin rayon, şəhər və kəndlərinə səfər edib. Hərbçilər yerli əhalini müqavilə ilə xidmətin şərtləri, eləcə də peşələrinə görə müdafiə qoşunlarında işləmək imkanları barədə məlumatlandıracaqlar. 4 illik müqavilə əsasında hərbi xidmətə 18-35 yaş arası Gürcüstan vətəndaşları qəbul ediləcək. Hərbçilər NATO standartlarına uyğun yüksək keyfiyyətli geyim forması, hərbi texnika, ərzaq, pulsuz tibbi xidmət, sosial və hüquqi müdafiə ilə təmin olunacaqlar. Qeydiyyat bütün il boyu onlayn qayda ilə də həyata keçirilir.  Müqavilə əsasında hərbi xidmətə və müdafiə qüvvələrinə işə qəbulla bağlı məlumat kampaniyası ölkə üzrə iki həftə davam edəcək.

Bu qayda ölkənin müdafiə gücünün təkmilləşdirilməsi məqsədlidir. Çünki Gürcüstanın ərazisində Rusiyanın 2008-ci ildə baş vermiş işğalından sonra iki qondarma qurum yaradılıb. Azərbaycan da daxil, BMT-nin üzv ölkələrinin böyük əksəriyyəti Gürcüstanın ərazi bütöblüyünü tanıyır.

A.Məmmədli