Bu gecə müqəddəs Ramazan ayının ilk Qədr (ehya) gecəsidir.

Bu il qədr gecələri aprelin 20-dən 21-nə keçən gecə, 22-dən 23-nə keçən gecə və 24-dən 25-nə keçən gecələrə təsadüf edir. Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Hər şeydən əvvəl Qədr gecəsində (gecələrində) yatmayıb oyaq qalmaq hədislərdə tövsiyə edilib. Buna ərəb dilində “ehya” deyirlər (xalq arasında Qədr gecələrini “ehya gecələri” adlandırırlar). Amma sadəcə olaraq yatmayıb oyaq qalmaqla iş bitmir. Bu gecəni ibadətlə, dua ilə, Allahın böyüklüyü, əzəməti və qüdrəti barədə düşünməklə, savab işlər görməklə keçirmək əsas şərtdir. Qədr gecələrində istənilən cür ibadət etmək, istənilən qədər namaz qılmaq və dua oxumaq olar. Hər kəs bacarığına və istəyinə uyğun olaraq öz ibadət proqramını təşkil etməkdə azaddır.

Deyilənlərə görə, Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. 23-cü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, ehya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.

 Ümumiyyətlə, Qədr gecələrində edilən duaların daha tez müstəcab olduğu barədə rəvayətlər çoxdur.

Y.MƏMMƏDLİ