Vaxtilə Moskvada istədiyi ünvana pulsuz çatdırdığına görə (pulqabım evdə qalıb deyir) taksi sürücüsünə "KİA" avtomobili bağışlayaraq gündəmə gəlmiş səxavətli bloger Hüseynin Azərbaycandakı səyahəti davam edir. 

Bloger “Park Bulvar” olaylarından sonra Azərbaycanın bölgələrini gəzməyə başlayıb.

Lap tərki-libas olub məmləkəti gəzən padşahlar kimi... gedib çıxır Lahıca.

Lahıcda kənd sakinlərindən birinin evində qonaq olur və səhər ev sahibləri ilə vidalaşanda da bir “paçka” ABŞ dollarını nənənin ovcuna qoyur. Nənə etiraz edir, lakin səxavətli bloger israrla hədiyyəni ona verir...

Əlbəttə, bu mənzərəni Aydan lentə alır (tik-tok-da məşhurlaşan) və bu gün bütün saytlar, sosial şəbəkələrdəkilər həmin ailəyə verilən bir “paçka” dollardan yazır, bəhs edir, paylaşır...

Bir neçə gün əvvəl pərəstişkarlarına sosial şəbəkə vasitəsilə telefon hədiyyə edəcəyini söyləyərək telefon acgözlərini “Park Bulvar”a yığaraq özünə “çoxsaylı pərəstişkar ordusu” qazanan bloger rahatca Azərbaycanı gəzdiyi halda, həmin gün neçə-neçə insan döyüldü, əzildi, hətta polislik oldu.

Amma əsas odur ki, bu barədə hamı xəbər yazdı və elə biri də mən...

Bəli, Hüseyn yenə gündəm yaratdı... “Sağ əlin verdiyini, sol əl bilməməlidir”, amma bu barədə nəinki külli Azərbaycan bildi, həm də dünyaya car çəkildi.

P.S. İndi bir çoxları həmin mənzərəni görüb, o ailəyə bəxtəvərlik verir. Amma düşünürəm ki, nənə və baba o puldan tezcə yaxa qurtarmalıdır, çünki o pulu oğrular da gördü... Allah köməkləri olsun! 

JASMİN