BİR MÜDDƏTDİR Kİ, "BRAVO" MARKETLƏR ŞƏBƏKƏSİNİN ADINDAN İNSANLARA SAXTA MESAJLAR GÖNDƏRİLƏRƏK ALDADILIR...

Baş verənlərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, bu dəfə istifadəçilərə onların fərdi məlumatlarını ələ keçirmək məqsədilə “WhatsApp” üzərindən “Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir. Məlumatda “Bravo”nun yeni filialının açılması münasibətilə 400 manatlıq hədiyyə kuponu vəd olunur və onlardan göndərilən linkə daxil olaraq “sorğu”da iştirak etmələri istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir. Bununla yanaşı, istifadəçidən həmin mesajı nömrə siyahısında olan digər “WhatsApp” istifadəçilərinə göndərməsi tələb olunur.

 Qeyd edilir ki, bu kimi kiberhücumlarda məqsəd saxta reklam baxışları toplamaqla asan yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir. Xidmət bir daha sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyi xahiş edib.

Bəli, xidmət yenə vətəndaşları şirnikləndirici vədlərə aldanmamağa, belə mesajları paylaşmamağa səsləyib. Lakin bu, son olurmu?

Hər dəfə belə cəlbedici təkliflərə inanlar, "udanlar" başqalarını da öz oyunlarına alət edirlər. Və bu hal nə birincisi deyil, nə də sonuncusu.

Xatırladaq ki, bir müddətdir belə mesajlar ötür-ötür oyunu kimi telefonlarda dolaşır. Bir nəfər aldığı mesajdan sonra 400 manat pul udduğunu zənn edib, mesajdakı növbəti tapşırığa əməl edərək, həmin linki -mesajı 20 nəfər tanış -bilişə  göndərir və beləliklə, həmin şəxslərin də  telefonlarını bu "mərəzə" yoluxdurur. 

Bilmək lazımdır ki, inandırıcı olmadığı hiss olunan, həm də saxta (dəqiqliyini bilmədiyiniz halda) uduş məbləğinə görə başqalarının da telefonlarını, həm də şəxsi məlumatlarını təhlükə altına qoymaq olmaz.

Y.MƏMMƏDLİ