Şirkətin hələki adının gizli saxlanmasını xahiş edən əməkdaşının Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinə göndərdiyi mühüm sənəd və faktlar “Təzadlar”ın araşdırmasında...

“Nəqliyyat İdarəsinin “odda yanmaz, suda batmaz” rəisi Elçin Zülfüqarovun qarşısını kim alacaq?”

 SOCAR-ın şikayətçi əməkdaşı yazır: "Cənablar, bir müqavilədə bir milyon mənimsənilmə sizə az gəlirsə, olsun! 2.940.000 manatlıq müqavilədə bir milyonluq mənimsənilmə 45 faiz təşkil edir! Ayılmaq vaxtıdır, cənablar. Başa düşə bilmirik ki, Nəqliyyat İdarəsinin “odda yanmaz, suda batmaz” rəisi Elçin Zülfüqarovun qarşısını kim alacaq? Mən real korrupsiya faktlarını təqdim edirəm. Ad- soyadımı təqdim etsəm məni işimdən edəcəklər. İnanın ki, bu belədir. Və belə olan halda məni nəinki SOCAR, heç respublika prezidenti də bu məmurların əlindən müdafiə edə bilməyəcək. 25 ildir ki, görə görə gəlmişik.

Hörmətli Mirvari xanım, Sizə ünvanladığım müraciət SOCAR və Azərbaycanın bütün səlahiyyətlilərinə ünvanlanmışdır, lakin heç bir nəticə əldə etmək mümkün olmayıb. Xahis edirəm, bu fakları işıqlandırasınız. Bəlkə ölkə Prezidentinə çatdırıla.

Cənab SOCAR səlahiyyətliləri, bu cinayət niyə araşdırılmır? Mən dövlətim üçün deyirəm…  Bəsdir bu xalqa, bu dövlətə qarşı xəyanət etməyiniz. Özünüzü bu dövlətin düşməni kimi aparırsınız. Axı görmürsünüz bir avtoşin bazar qiymətindən dəfələrlə bahadır??? Əgər Siz bunları görürsünüzsə, o halda siz də bu cinayətin iştirakçısınız. 

Hörmətli Mikayıl Cabbarov, axı Nəqliyyat İdarəsində olan mənimsəmələr niyə araşdırılmır? Faktlar Sizə göndərilib axı! Siz SOCAR Müşahidə Şurasının sədrisiniz və Cənab Prezident Sizə etimad göstərib, səlahiyyət verib. Niyə istifadə etmirsiniz??? Dəfələrlə SOCAR rəhbərliyinə və səlahiyyətli dövlət orqanlarına müraciət edərək Nəqliyyat İdarəsində olan mənimsəmələrdən məlumat təqdim etmişəm. Hətta bu satınalma əməliyyatını həyata keçirən şəxslərin Nobel mükafatına «layiq görülmələri» üçün adlarının təqdim edilməsini təklif etmişəm. Bu satınalma əməliyyatları saxtakarlığına görə Ginnesin rekordlar kitabına düşməlidir. Müqavilənin əlavəsini müraciətə əlavə edirəm.

 Baxın cənablar, burada qiymətlər real bazardan 300, hətta 400 faiz bahadır. Ümumiyyətlə, təkcə bir müqavilə üzrə mənimsəmə bir milyon avrodan artıqdır. Amma bu SOCAR -da heç bir məmuru narahat etmir. Sual olunur ki, nə üçün? Çünki onların burada mənfəəti vardır. Yox, mənfəətləri yoxdursa, Satınalma Komitəsi bu anormal, saxta, cinayət saçan satınalmanı necə təsdiq edib? 

Hörmətli Mikayıl müəllim, dəfələrlə SOCAR rəhbərliyinə müraciət edərək Nəqliyyat İdarəsində dövlət vəsaitinin mənimsənilməsi haqqında məlumat təqdim etmişəm. Lakin bu günədək heç bir müraciət araşdırılmayıb. Təqdim olunmuş faktlar üzrə mənimsənilmə milyonlarca avroya bərabərdir. Tək bir avtomobil şinlərinin satınalınması müqaviləsində mənimsənilmə bir milyon avro təşkil edir. Bunun uçun Müqvilənin əlavəsinə baxmaq kifayətdir.

Cənab nazir, diqqətinizə çatdırıram ki, avtoşinlərin satınalınması üçün Nəqliyyat İdarəsinin keçirmiş olduğu satınalma müsabiqəsi satınalmaların tarixində baş vermiş ən saxta əməliyyatdır və saxtalığın həcminə görə Ginnesin rekordlar kitabına düşməlidir. Bu saxtakarlığın icraçıları Nəqliyyat İdarəsində satınalma şöbəsinin rəisi Vaqif Mikayılov, Nəqliyyat İdarəsində rəis Elçin Zülfüqarov, Satınalmalar Komitəsinin sədri, vitse- prezident Yaşar Lətifov Nobel mükafatına «layiqdirlər».

Cənab nazir, bu suallara cavab istərdim: 1.Satınalma proseduru nə üçün açıq müsabiqə usulu ilə keçirilməyib?

2.Müsabiqənin seçmə müsabiqə usulu ilə keçirilməsində məqsəd nədir? 

3.Müsabiqədə hansı və kimə məxsus şirkətlər iştirak edib? 

4.Bazarda mövcud olan real malgöndərənlər müsabiqəyə niyə dəvət olunmayıb? 

5.Müsabiqənin ehtimal olunan dəyəri necə müəyyən olunub? 

6.Ehtimal dəyər hesablanarkən kimlərə sorğular göndərilib? 

7.Müsabiqə zərfləri nə üçün Nəqliyyat İdarəsində (Vaqif Mikayılov tərəfindən) hazırlanıb?

Xahiş edirəm, araşdırma aparıb SOCAR imicinə xələl gətirən bu şəxslər barəsində tədbir görəsiniz. 

 Nəqliyyat İdarəsində təmir işləri korrupsiya meydanı kimi...

 Dəfələrlə müraciət edərək Nəqliyyat İdarəsində təmir işləri zamanı dövlət vəsaitinin mənimsənilməsi haqqında məlumat təqdim etmişəm. İdarədə bu mənimsəmələrin kimlər tərəfindən həyata keçirilməsi haqqında məlumatları hər yerə vermişəm. Daha nə etmək lazımdır? Bir daha bildirirəm ki, Elton Əhədov və Ziya Poladov tərəfindən təmir işləri zamanı milyonlarla manat dövlət vəsaiti mənimsənilir. Bu işlərdə idarənin məsul işçiləri İlham Tagıyev, Tahir Səmədov və Tariyel Qorçiyev fəal iştirak edir. Nəqliyyat İdarəsinin “odda yanmaz, suda batmaz” rəisi Elçin Zülfüqarov isə baxır, susur!( Prezident İlham Əliyev 2015-ci ildə “Azərbaycan neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb. SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Zülfüqarov Elçin İzzətəli oğluna "Əməkdar mühəndis” fəxri adı verilib. RED.).

 Hörmətli cənab Rövşən Nəcəf, əgər belə lazımdırsa, biz də susaq, qoy dağıtsınlar. Balans dəyəri 4-5 min manat olan nəqliyyat vasitələrinə bir il ərzində 30-40 min manat məbləğində təmir işləri yazılır. Diqqət edin, YAZILIR! Bu o deməkdir ki, Nəqliyyat vasitələri təmir olunmur, sadəcə olaraq təmir adı ilə milyonlar silinib mənimsənilir. Minik avtomobilinin təmiri Tariyel Qorçiyev, yük və xüsusi texnika vasitəsinin təmiri isə idarədə İlham Tagıyevin, Tahir Səmədovun kurasiyasındadır. Nəzarət Ziya Poladovun, rəhbərlik Elton Əhədovun. Nəqliyyat İdarəsində təmir işlərinə il ərzində ümumilikdə 30 milyon manat məbləğində vəsait xərclənir. Bu məbləğin 13 milyon manatı idarəyə məsrəf olunur. Amma sənədlərdə şişirdilərək  30 milyon əks olunur. 

Hörmətli Rövşən müəllim, bunun üçün xüsusi bir araşdırma aparılmasına ehtiyac yoxdur. Bu halı SOCAR-da Baş ofisdə Elçin İbrahimov və Ramiz Quliyevin idarəsi bilir və nəyinsə qarşılığında susurlar. Cünki onlar PM modulunda bu təmirləri təsdiq edirlər və orada bir nəqliyyat vasitəsinə bir ildə hansı detallar quraşdırıblar və qiymət neçəyədir, aydın görünür. Siz bu mənimsəmələrin miqyasını təsəvvür edə bilmirsiz. Elçin Zülfüqarov, Elton Əhədov, Ziya Poladov,Vaqif Mikayılov, Tariyel Qorçiyev, Tahir Səmədov, Elçin İbrahimov, Ramiz Quliyev… bu mənimsəmələrdən milyonlar qazanır. 

Necə ola bilər ki, bir ədəd lampa 170 manat, qapı acarı 430 manat, fara 3000 manat, alın şüşəsi 2700 manat və.s olsun??? (Qiymət cədvəli təqdim olunur).  Xahiş edirəm ki, bu faktlar araşdırılsın və cinayətin törədilməsində təqsirli bilinən şəxslər öz cəzasına catsın». 

Redaksiyadan: təqdim edilən qaimə və digər sənədlərin araşdırılması tərəfimizdən davam edir. Sadəcə, bizi daha çox SOCAR-ın Təchizat və Nəqliyyat idarələrində baş verən bu mənimsəmələr deyil, bu mənimsəmələri sənəd-sübutla təqdim edən şikayətçinin SOS həyəcan siqnalına reaksiya verilməməsi, tədbir görülməməsi dərindən narahat edir. Çalışacayıq ki, aidiyyəti ünvanlar bu dəfə susmasın… Nəhayət, «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» qanunların tələblərinə uyğun olaraq yuxarıda adı çəkilən məsul vəzifəli şəxslərin hər birinə elektron informasiya sorğusu neçə gündür göndərilib. Lakin susurlar. Qanunun tələbinə və «Susmaq razılıq əlamətidir!» məntiqinə əsaslanıb bu araşdırma yazını təqdim etməli olduq.

Qarşı tərəfin istənilən əsaslandırılmış cavab haqqını tanıyırıq, dərc etməyə hazırıq.

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu