Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İnsan Hüquqları Aylığının ( 18.05-18.06) elan olunması ilə əlaqədar dövlət qurumlarına müraciət qəbul edib... Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bununla bağlı Ombudsmana müraziət edib, təkliflərini verib. Bu barədə "Təzadlar"a danışan M.Qəhrəmanlı bildirdi ki, o, Ombudsmanın tədbir görəcəyini gözləyir:
-Ombudsman Səbinə Əliyevanın müraciətini nəzərərə alaraq, biz də ölkəmizin hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin insan hüquqlarının pozulma faktlarını xanım Ombudsmanın diqqətinə çatdırırıq. 1.SOCAR-ın strukturuna daxil olan bütün idarə və müəssisələrdə (şirkətin baş ofisi istisna olmaqla) attestasiya qabağı ölkənin əmək qanunvericiliyinə zidd olan test imtahanları keçirilir. Bu azmış kimi, iş daimi xarakterə malik olduğu halda, işçilərlə müvəqqəti əmək müqaviləsi bağlanılır. Bu da işəgötürənə arzuolunmaz işçinin rahatlıqla işdən azad olunmasına imkan verir. 
Bundan başqa, pandameyanın sona çatmasına baxmayaraq, işçilər boşdayanmaya göndərilir (məsələn, "Kompleks Qazma İşləri Tresti"). Bu halda işçi əmək haqqının 70%-ni alır.
 Ombudsmanın diqqətinə onu da çatdırırıq ki, "Günəşli" yatağında çalışan işçilərin 1967-ci ildə inşa olunmuş, sahil gəzintisi üçün nəzərdə tutulmuş, göyərtəsinə əlavə oturacaqlar quradırılmış, köhnə, şəraitsiz PS-173 gəmisi ilə işə göndərilməsi işçi hüquqlarının pozulmasıdır! İşçilər bu gəmi ilə 7-8 saat yol getməli olurlar.
Nəhayət, SOCAR-da "Vətəndaşların müraciətləri haqqında" Qanunun 7.13-ci maddəsi pozularaq rəhbərliyin qanunazidd hərəkətindən şikayət ediləndə həmin şikayət subyektə və ya onun vəzifəli şəxslərinə göndərilir. Bu da şikayət edən şəxsin işinin itirməsi ilə nəticələnir. Halbuki qanunda da yazıldığı kimi, şikayət yuxarı struktur tərəfindən araşdırılmalı və lazımi tədbir görülməlidir...
A.Məmmədli