ONUN ÖLÜMÜ İSƏ HƏLƏ DƏ MÜƏMMADIR...

Cəmi 42 il ömür sürmüş  yazıçı- dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadimi, filologiya elmləri doktoru Şıxəli Qurbanov 16 avqust 1925-ci ildə Bakı şəhərində anadan olub.

Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı  Ş. Qurbanov 1959-cı illərdə Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib. O, dəfələrlə Azərbaycan Ali Sovetinin deputat seçilib, orden və medallarla təltif olunub.

O, 1958-1961-ci illərdə “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb. 1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb. Bundan əlavə, lirik şeirlər, poema, hekayə və tənqidi məqalələrlə mətbuatda müntəzəm çap olunub.

Xatırladaq ki, Şıxəli Qurbanov (uzunmüddətli fasilədən sonra) 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq edir. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini  bildirir. Qurbanovu izahat yazmağa çağırırlar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazır. Və bununla da sübut edir ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.

Lakin Şıxəli Qurbanov cəmi 42 yaşında dünyadan köçür.

Məlumatlara görə, o, 1967-ci ilin may ayının 24-də dişlərini müalicə etdirmək üçün həkimə gedir və həkim dişinə iynə vuran zaman  müəmmalı şəkildə vəfat edir, həkim isə pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar” bildirib.

***

Qeyd edək ki, onun dişlərinin müalicə edən həkim Azərbaycanın mərhum diplomatı Vəfa Quluzadənin qayınatası olub.

Həmin həkim - stomotoloq Əhmədov Əliağa Abbasqulu oğlu (21.4.1917, Bakı – 30.5.2005, Bakı)  tibb e.d. (1968), prof. (1969), Azәrb. SSR әmәkdar hәkimi (1983) vә әmәkdar elm xadimi (1991) olub. Azərbaycan Tibb İnstitutunu bitirib. Azәrbaycan Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İnstitutunun stomatologiya kursunun (1963–65), Azәrbaycan Dövlәt Tibb İnstitutunun ortopedik stomatologiya kafedrasının müdiri (1965–85) olub, 1989-cu ildәn ömrünün sonunadәk hәmin kafedrada mәslәhәtçi-prof. işlәyib. Tәdqiqatı Azәrbaycanda diş kariyesinin yayılmasının tibbi coğrafiyasına vә s. hәsr edilib. 200-dәn artıq elmi әsәrin müәllifidir.

***

...Şıxəli Qurbanovun müəmmalı vəfatından sonra qəzetlərdə Əliağa Əhmədovun  bunu qəsdən etmədiyi, onların dost olduğu, antibiotikdən anafilaktik şok keçirərək dünyasını dəyişdiyi barədə məlumatlar dərc edilir.

Hətta illər sonra  Əliağa Əhmədov yazdığı kitabda da Şıxəli Qurbanovun anafilaktik şok keçirdiyini qeyd edir.

Lakin bütün bunlara baxmayaraq, indi də Şıxəli Qurbanovun qəsdən öldürüldüyünə inananlar çoxdur və qızı da bunu qəti şəkildə təsdiqləyib.

Qeyd edək ki, bir neçə il oncə Şıxəli Qurbanovun adını daşıyan Musiqili Komediya Teatrının adı  dəyişdirildi. Və hazırda vaxtilə onun adını daşıyan teatr  Azərbaycan Dövlət Akademik Musiqili Teatrı adlandırılır.

 

P.S. Əslində, hər bir həkim bilməlidir ki, hansısa antibiotik iynəsi vurularkən xəstəyə əvvəlcədən “prob” qoyulmalıdır. Bu, adi bir qaydadır və bunu həkim olmayanlar da bilir. Lakin tanınmış bir professorun bunu bilməməsi müəmmadır...

  

JASMİN


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA