booked.netbooked.net booked.net  

Hakim Vidadi Qasımov T.Abdullayevin bu sözlərindən sonra İsmayıllı RİH-dən nümayəndənin gəlmədiyini bildirdi. Qeyd etdi ki, nümayəndə məhkəməyə məktub göndərib ki, xəstəliyi ilə əlaqədar gələ bilməyəcək və iclasın vaxtı dəyişdirilsin…

(Əvvəli dünənki buraxılışda)

Sonra hakim iclasın davam etdirilib-etdirilməməsini şikayətçinin özünün və vəkilinin müzakirəsinə buraxdı. Hər ikisi iclasın davam etdirilməsini xahiş etdilər. Hakim yerində müşavirə edərək iclasın davam etdirilməsinə qərar verdi. 

***

Təsəvvür edin ki, hakim üz-gözündən torpağın hallalığı yağan Teyyub Abdullayevin bu sözlərindən çox təəsirlənmişdi. Yalnız «Bu insanlar nə vaxt düzələcək???» deyərək təkrarən T.Abdullayevə sual etdi:

-Axı siz niyə halal pulunuzu verirsiniz?

T.Abdullayev:

-Möhtərəm hakim, tələb edirlər…

-Verməyin…

-Verməyəndə də iş gəlib Şəki İnzibati Məhkəməsinə çıxır…

-Məhkəmə ədaləti bərpa edər, təki siz haqlı olun, alın təri ilə qazandığınız pulunuzu başqalarına verməyin…

-Möhtərəm hakim, qarşı tərəf haqlı olsaydı, bir adam tapıb məhkəməyə göndərərdilər…

 Hakim özü də narazılığını bildirdi:

-Məhkəmə İsmayıllı RİH-ə sorğu göndərdi ki, mübahisələndirilən torpağın əkin üçün verilmədiyini sübut edən mötəbər sənədləri göndərsinlər. Göndərmədilər, çünki görünür, belə bir sənəd yox idi… Yoxsa, məhkəməyə bir nümayəndə göndərərdilər…

 Bu arada T.Abdullayev hakimə həqiqətən də torpaqla bağlı olduğunu sübut edən maddi sübut olan fotoşəkilləri təqdim etdi. Hakim Vidadi Qasımov T.Abdullayevin taxıl, kartof və soğan əkini sahələrinin fotoşəkillərinə baxıb görülən işlərə məəttəl qaldı:

-Bunları sən əkib-becərirsən?

-Bəli, möhtərəm hakim. Orada mənim sahədəki fotoşəkillərim də var… Mən ali təhsilli iqtisadçıyam. Azərbaycanda açıq sahədə damcılama ilə suvarma sistemini tətbiq edən ilk fermerəm. Dünyanın 10 ölkəsində-Türkiyədə, Hollandiyada, Macarıstanda, Rusiyada, Ukraynada, İranda… olmuşam. Qabaqcıl əkin üsullarını öyrənib Azərbaycanda tətbiq etmişəm. İl ərzində 8 min ton soğan istehsalçısıyam. Bütün işləri şəxsi vəsaitim hesabına edirəm. Ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməyi vicdan borcum bilirəm…

-Tamamilə doğrudur. Siz alıb-satan olsaydınız, deyərdilər ki, torpaqdan səmərəli istifadə etmir. Amma siz istehsalçısınız, əksinə, sizə kömək etməli idilər…  

***

Beləliklə, hakim şikayətçi T.Abdullayevin və vəkilin təqdim etdiyi sübutları bir daha yəqinləşdirdi. Məlum oldu ki, bütün sənədlər məhz əkin təyinatlı torpaq üçün verilib. Hətta T.Abdullayev 19 ildir dövlət büdcəsinə vergini də bu təyinata görə ödəyir…

 Vəkil: «Torpaqdan istifadəyə dair müqavilə imzalanandan və bu barədə Dövlət aktı, İH başçısının sərəncamı veriləndən bəri İsmayıllıda 4 icra başçısı dəyişib, amma…»

Vəkil Vüqar Əmrahov yekun çıxışında olduqca ciddi məqama toxundu:

-Möhtərəm hakim, indiyədək torpaqdan istifadəyə dair müqavilə imzalanandan və bu barədə Dövlət aktı, İH başçısının sərəncamı veriləndən bəri İsmayıllıda 4 icra başçısı dəyişib. Nahid Bağırov 4-cü icra başçısıdır. Necə ola bilər ki, ötən 19 ildə əvvəlki 3 icra başçısı, yaxud onların nümayəndəsi, Torpaq Komitəsi, Əmlak Komitəsi, Vergilər Nazirliyi və s. bir dəfə də olsun deməyib ki, T.Abdullayev qanunsuz əkin aparır… Amma el əki, Nahid Bağırov başçı gəldi, məlum oldu ki, T.Abdullayev 19 il imiş ki, torpaqdan təyinatı üzrə istifadə etmir… Bu necə ola bilər???

T.Abdullayev hakimdən icazə alaraq bu suala özü cavab verməli oldu:

-Möhtərəm hakim, mən 19 ildir bu dəmyə, yəni suvarılmayan torpaqda taxıl əkirəm. Həmin taxıl İsmayıllı rayonunun dəyirmanlarına verilir, rayonun ehtiyaclarına sərf olunur. Əvvəlki RİH başçıları, bəzən də onların nümayəndələri həmin sahəyə baxış keçirib razı qalıblar. Ora mən icarəyə götürəndən əvvəldə də əkin sahəsi olub… Mən başa düşürəm, Nahid Bağırov kənd təsərrüfatını, torpağı bilmir. Amma onun müavini Mahmud Süleymanov çoxdan bu rayonda vəzifədədir. Ən azı o bilirdi ki, bu torpaq məndən əvvəllərdə də əkilib. Əminliklə deyirəm ki, o, icra başçısı Nahid Bağırovu aldadıb. Çünki həmin torpaq sahəsini ələ keçirmək istəyirdi. O, əkinə gücü çatmayan vətəndaşların pay torpaqlarını bu yolla pul verib ələ keçirir, qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təbii ki, bu torpaqlar özünün deyil, başqalarının adına sənədləşdirilir… O, sonda gənc və təcrübəsiz icra başçısını da pis vəziyyətə saldı… Mən bu ilin payızında həmin sahəni iki dəfə şumlatdım, gübrələtdirdim və səpinə hazırlaşanda polis əməkdaşlarını göndərib işi dayandırdılar. Bu il hava əlverişli keçdi və səpin aparılsaydı, bir aya oradan ən azı 250-280 ton taxıl götürə biləcəydik… Təxminən 10 min manatdan çox vəsaitim əkinə və gübrəyə məsrəf oldu. Üstəlik, bu mövsüm ən azı buğda istehsalından isəeyli miqdarda gəlirdən məhrum edildik…

 ***

 Beləliklə, bir jurnalist kimi deyə bilərəm ki, məhkəmə prosesi çox ədalətli keçdi və hakim Vidadi Qasımov şikayətçinin təqdim etdiyi sübutları və faktları əsas götürərək qərar qəbul etmək üçün müşavirə otağına getdi.

Az keçmiş məhkəmənin İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun qanunsuz və əsassız Sərəncamını ləğv edən qərarı elan olundu.

Beləliklə, şikayətçi Teyyub Əli oğlu Abdullayevin 25 illik icarəsinə verilmiş torpaq sahəsi üzərində icarədarlığı bir daha tanındı. T. Abdullayev ədalətli qərar qəbul edən hakim Vidadi Qasımova minnətdarlığını bildirdi…

***

Uzun illərdir dünyanın qabaqcıl təcrübəsini Azərbaycanın kənd təsərrüfatında tətbiq etməklə öz şəxsi vəsaiti hesabına taxıl, kartof və soğan əkib-becərən, xüsusən də neçə ildir ölkəyə soğan idxalının dayandırılaraq, əksinə, Azərbaycanın soğan ixracatçısına çevrilməsində uğurlar əldə edən fermer Teyyub Abdullayev bir müddət əvvəl də İsmayıllı rayonunda başına gətirilmiş müsibətlərlə bağlı Prezident İlham Əliyevə müraciət etməli olmuşdu…

-İcra başçısının müavini Mahmud Süleymanovun arzusu ürəyində qaldı: o, məhkəmədən 1 gün əvvəl həmin torpağı kimlərə satmaq istəyirmiş???

-Bəs dünən və bu gün Mahmud Süleymanovun adamları İcra başçısı Nahid Bağırovun adından Teyyub Abdullayevə hansı təklifləri ediblər?

(Davamı var)

Asif Mərzili

(Bakı-Şəki-Bakı)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN