booked.netbooked.net booked.net  

Bakı Dövlət Universitetində peşəkar hüquqşünas, məhkəmə və prokurorluq sistemində sözün həqiqi mənasında saç ağartmış İkram Kərimovun 80 illik yubileyi və “İlk elm ocağı “Zirvədən-Zirvəyə”də” kitabının təqdimat mərasimi çox təntənəli keçdi...

Bu gün mayın 25-də  Bakı Dövlət Universitetinin Hüquq fakültəsində həyatı hər kəsə örnək olan bir tanınmış şəxslə görüş keçirildi. Daha doğrusu, həm yubiley, həm də bir kitabın təqdimatı qeyd olunurdu. Bəs bu maraqlı şəxs kim idi? İkram Kərimov!

 İkram Kərimov uzun illər prokurorluq və məhkəmə sistemində rəhbər vəzifələrdə işləmişdir. Bu gün də İ.Kərimov ictimai fəal kimi öz işini davam etdirir. Bakı Dövlət Universitetinin məzunu olan İ.Kərimovun bu günlərdə 80 yaşı tamam olub.

Qısa tanışlıq:

Kərimov İkram Heydər oğlu- 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1961-1966-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsində təhsil alıb. 1966-1977-ci illərdə Bakı şəhər Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı Şəhər Prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi, 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin və Şimal-Şərq bölgəsi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində işləyib.

İ.Kərimov işlədiyi dövrdə “Ən yaxşı müstəntiq”, “Şərəf nişanı” ordeni, “Tərəqqi”, “Əmək veteranı”, “Əməkdar hüquqşünas” fəxri adlarına layiq görülüb. SSRİ Prokurorluğu və SSRİ Ədliyyə Nazirliyinin rəhbər işçilərinin ixtisasartırma institutlarını bitirmişdir. Dəfələrlə Bakı Dövlət Universitetinin hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Dövlət İmtahan Komissiyasına sədrlik etmişdir.

O, ABŞ, Asiya və Avropa ölkələrində keçirilmiş bir sıra beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Şurasında Azərbaycan Respublikasını təmsil etmişdir. Hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri və Azərbaycan Banklar Assosasiyasının Bank Ombudsmanıdır. 2 qızı, 1 oğlu və 10 nəvəsi var.

Peşəkar hüquqşünas, məhkəmə və prokurorluq sistemində sözün həqiqi mənasında saç ağartmış İkram Kərimovun 80 illik yubileyinə və “İlk elm ocağı “Zirvədən-Zirvəyə”də” kitabının təqdimat mərasiminə çox tanınmış ziyalı insanlar, keçmiş iş yoldaşları, tələbələri gəlmişdi.

Görüşü giriş sözü ilə açan hüquq fakültəsinin dekanı Zaur Əliyev torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi... Natiq bir dəqiqəlik sükutdan sonra 44 günlük qələbəmizin memarı Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin apardığı uğurlu və xarici siyasəti haqqında məlumar verdi. Sonra hüquq fakültəsinin tələbələri ilə bu görüşün çox yadda qalan olacağını bildirərək, sözü yubilyara, 80 yaşlı İkram Kərimova verdi. İ.Kərimov öz çıxışında mühüm dövlət vəzifələrində işlədiyi vaxtlarda başına gələn çox maraqlı anlardan, qalmaqallı cinayət hadisələrinin açılmasından, apardığı istintaq işlərindən, prokuror və hakim kimi rastlaşdığı maraqlı hadisələrdən xatirələr danışdı. İ.Kərimov gənc hüquqşünas tələbələrə tövsiyyə etdi ki, seçdikləri ixtisasa dərindən yiyələnsinlər və istintaqçı kimi hərtərəfli, savadlı olsunlar.

Çıxışdan sonra İkram müəllimə tələbələr yazılı suallar təqdim etdilər. Sualların hər birinə təmkinlə cavab verən İ.Kərimov eyni zamanda həmin sual ətrafında iş təcrübəsi zamanı rastlaşdığı hadisələrdən də danışdı. Növbəti sualı vermək üçün, bu sətirlərin müəllifi kimi, mən də fürsət tapdım və iki sual, həmçinin bir təkliflə çıxış etdim:

-Dəyərli İkram müəllim! Mən “Təzadlar” qəzetinin əməkdaşı olaraq, əvvəlcə dekan Zaur müəllimin çıxışında qeyd etdiyi bir məqama toxunmaq istəyirəm. Zaur müəllim 44 günlük II Qarabağ müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik məharətini xüsusi qeyd etdi. Bəli, bu qələbə I Qarabağ döyüşünün iştirakçısı kimi mənə ikiqat əzizdir. Onunla da qürur duyuram ki, oğlumda Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında II Qarabağ döyüşünün iştirakçısı olmuş və qazanılan qələbədə bir əsgər kimi onun da payı var. Ona görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə bizlər üçün daha əzizdir... İkram müəllim, Siz respublikamızda tanınmış peşəkar hüquqşünassınız. Həmçinin burada respublikada tanınmış hüquqşünaslar əyləşib. Onlardan hüquq fakültəsinin kafedra müdiri Alış Qasımovu, tanınmış hüquqşünas Adil Minbaşını, Habil Qurbanovu və digər dəyərli müəllimləri burada görürəm. Bu peşəkarların arasında olduğum üçün məni maraqlandıran iki sual vermək istəyirəm. Birincisi, Azərbaycan Cinayət Məcəlləsində hansısa bir cinayət əməlinə görə cəzanın sanksiyası “3 ildən 5 ilə qədər” müəyyən olunur. Olmazmı bu maddələr konkretləşdirilsin ki, müstəntiq və hakimlərə manevr imkanları qalmasın? İkinci sualım isə belədir. Biz bilirik ki, bir çox hakimlər ədalətsiz qərarlar çıxarırlar, nəticədə iş gedib Avropa Məhkəməsinə çıxır. Burada da həmin məhkəmə qərarı ləğv edilir və bundan sonra dövlətin üzərinə həmin şəxsə təzminat ödəmək tələbi qoyulur. Sizdən bir hüquqşünas kimi öyrənmək istəyirəm,  həmin təzminatı olarmı ki, ədalətsiz qərar çıxarmış hakimlər ödəsin? Təklifim isə belədir. Hamımız yaxşı bilirik ki, Azərbaycanda həddindən artıq yol- nəqliyyat hadisələri baş verir və nəticədə bir çox insanlar həyatını itirir. Bəzən müstəntiqin naşılığı üzündən bu məsələdə günahsız insanlar cəza alır. Biz jurnalist kimi bir çox bu tipli məhkəmə iclaslarında iştirak edirik və belə haqsızlıqların şahidi oluruq. Hüquq fakültəsində yəqin ki, yol-nəqliyyat hadisələri üzrə də dərslər və ixtisaslar var. Bu yaxınlarda dünyasını dəyişmiş vəkil Əlizadə Kazımov 30 ilə yaxın dövrdə polisdə yol-nəqliyyat hadisələri üzrə müstəntiq işləmişdir. Bu sahəni mükəmməl bildiyindən, vəkil kimi 50-dən çox bəraət hökmünün çıxarılmasına nail olmuşdu. Ona görə də yaxşı olar ki, hüquq fakültəsində yol-nəqliyyat hadisələri üzrə mütəxəssislərin yetişdirilməsinə xüsusi önəm verilsin.

Suallara və təklifə İkram Kərimov belə cavab verdi:

-Əvvəla, sizin “Təzadlar” qəzetinə böyük hörmətim var və mən onun hər nömrəsini oxuyuram. Çox yaxşı qəzet buraxırsınız... Sizin dediyiniz birinci sualın cavabı olaraq demək istəyirəm ki, belə olmaz. Cəza ona görə 3 ildən 5 ilə qədər nəzərdə tutulur ki, burada bir çox hallar nəzərə alınır. Məsələn, cinayəti törədən ola bilər Milli Qəhrəmandır, öhdəsində xəstə və azyaşlı uşaqlar var və s. Bunlar cinayət məcəlləsində yüngülləşdirici hal kimi nəzərə alınır. Ona görə də müstəntiq və hakimlərin manevr etməsi təbiidir... Amma hakimlərin Avropa Məhkəməsinin qərarına görə cəza olaraq təzminatı ödəməsi düzgün yanaşma deyil. Belə getsə, ölkədə hakim qalmaz (Hamı gülür! Red.). Verdiyiniz yol-nəqliyyat hadisələri üzrə yaxşı mütəxəssisin yetişdirilməsi təklifi çox düzgün yanaşmadır.Çünki müstəntiq bütün sahədə peşəkar olmalıdır. Müstəntiq  hadisəni törədən adamın ixtisasını, o işin incəliklərini bilməsə, cinayəti aça bilməz. Mən bir xəstənin ölümünə səbəb olmuş uroloq həkimin işinin istintaqını aparırdım. Axı mən həkim deyiləm ki, bilim, o, xəstəni düzgün müalicə edib, ya yox? Ona görə də urologiya haqqında çoxsaylı kitablar oxudum və artıq o sahəni uroloq həkim kimi bilirəm. Bu səbəbdən həkimin günahını sübut edə bildim. Bəli, müstəntiq hər sahəni yaxşı bilməlidir. Qoy bunu indiki tələbələr də nəzərə alsınlar.

***

İkram müəllim danışdıqca arada həm də qəzet və saytımız üçün müxtəlif şəkillər də çəkirdim. Bu zaman İ.Kərimov məni yanına dəvət etdi və əlimdən tutaraq bütün auditoriyaya yığışmış 200-ə qədər iştirakçıya müraciət edərək belə dedi: “Mən “Təzadlar” qəzetini daima izləyirəm. Çox yaxşı qəzetdir. Amma bir iradım var. Hərdən bir yazını bir neçə səhifəyə yerləşdirirsiniz. İstəyirəm bir yazı bir səhifədə dərc edilsin ki, götürüb saxlamaq da mümkün olsun...

-İkram müəllim, sizin bu iradınızı baş redaktor Asif Mərziliyə çatdıraram.

-Asif Mərzili tamam başqa jurnalistdir. Onun Azərbaycanda tayı yoxdur. Çox peşəkar və işini bilən jurnalistdir. Mənim ona böyük hörmətim var.

- Qəzetimizə və baş redaktora verdiyiniz dəyərə görə təşəkkür edirəm.

İ.Kərimovun arzusu ilə birinci kursun ən yüksək bal toplamış iki tələbəsi, bir oğlan və bir qız İ.Kərimovun yanına dəvət edildi. Tələbə oğlana İ.Kərimov bir neçə sual ünvanladı və demək olar normal cavab verdi. Tələbə qıza isə əmək hüququ ixtisasında təhsil aldığı üçün əmək məcəlləsindən sual verdi. Qız suala cavab verməkdə çətinlik çəkdiyindən İ.Kərimov ona belə dedi: “O suala cavab tapmaq üçün, “Təzadlar” qəzetini oxu, orada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tənqidi və əmək hüququnun pozulması haqqında çoxsaylı yazılar olur...”.

Ən maraqlısı isə o idi ki, 1961-1966-cı illərdə, tələbə olarkən İ.Kərimova dərs demiş müəllimlərdən ikisi də bu tədbirdə iştirak edirdi. Bunlardan biri uzun müddət hüquq fakültəsinin dekanı olmuş, hüquq elmləri doktoru, professor Məsumə Məlikova, digəri Baş nazirin müavini olmuş, filologiya elmləri doktoru, professor, Həsən bəy Zərdabinin görkəmli tədqiqatçısı, şəhid atası İzzət Rüstəmov idi. 80 yaşında öz müəllimi ilə görüşmək hər kəsə nəsib olmur. Tələbəsindən 10 yaş böyük olan Məsumə xanım da öz çıxışında, hətta tələbəlik illərində olan maraqlı hadisələri İkram müəllimin yadına saldı. İzzət Rüstəmov isə tələbəsi İkram Kərimov haqqında xoş xatirələrini danışdı və ona uzun ömür arzuladı. Həm də onu bildirdi ki, “Mən həmişə tələbələrimi sevdiyimdən, onlar da məni seviblər”.

Bu zaman İ.Kərimov müəlliminin şəhid oğlunu yada salaraq dedi: ”...İzzət müəllim Əhmədlidə yaşayır. Ona dəfələrlə deyibər ki, evi dəyişib, şəhərə niyə getmirsən? O isə belə cavab verib ki, bu evdə şəhid oğlumun izləri var. “Təzadlar”ın yazarı Sevinc Muradxanlı həmin evdə olub, yazı hazırlayarkən, İzzət müəllim həmin sözləri bir daha təkrar etməklə, necə sadə bir insan olduğunu göstərmişdir”. 

***  

Hüquq fakültəsinin Kriminalistika kafedrasının müdiri Kamal Səlimov İkram Kərimovu təbrik edərək ona xüsusi hədiyyəsini təqdim etdi... AMEA-nın həmkarlar təşkilatının sədri, professor Habil Qurbanov da öz hədiyyəsi ilə yubilyarın təbrikinə qoşuldu.

Sonda hüquq fakültəsinin rəhbərliyi İ.Kərimova bir neçə hədiyyə təqdim etdilər. İ.Kərimov yekun çıxışında gələnlərin hər birinə dərin təşəkkürünü bildirdi və tələbələrə seçdikləri ixtisaslara mükəmməl yiyələməyi tövsiyyə etdi.

Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN